Statistika Komitəsində sədr kim olacaq? - Sürpriz namizəd

img

01-01-2015 [17:21]


Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin vəfatından 6 ay ötsə də, hələ də onun 20 ildən çox rəhbərlik etdiyi komitəyə rəhbər təyin edilməyib. Bu isə istər komitədən, istərsə də kənar sahədən iddialı şəxslərin mübarizəsini şiddətləndirib.

Bu barədə Mia.az-a verilən məlumata görə, hazırda komitə sədrinin vəzifəsini əsasən 1-ci müavin Həmid Bağırov icra edir. 

Yayılan məlumatda bildirilir ki, o, komitədəki əsas rəqibi sayılan digər müavin Rauf Səlimovu ötən 6 ay ərzində demək olar ki, oyundankənar vəziyyətə salıb: «Bəli, birmənalı şəkildə demək olar ki, mərhum Arif Vəliyevin səhhətində problem yaranandan komitədə Həmid Bağırov əsas güc sahibi kimi önə çıxdı. Və o, son 6 ayda daha da güclənib. Digər müavin Rauf Səlimov isə Arif Vəliyevin vəfatından sonra 1-ci müavinə əvvəlkitək müqavimət göstərməkdə çətinlik çəkir».

Mia.az-a məlumat verən şəxsin sözlərinə görə, hazırda komitədə yeni sədr postuna üç əsas namizədin adı hallanır: «Bunlar 1-ci müavin Həmid Bağırov, müavin Rauf Səlimov və sizə də maraqlı gələcək daha bir məşhur isim olan – YAP icra katibinin müavini Siyavuş Novruzovdur. Etiraf etməliyəm ki, komitənin əksər şöbə müdirləri Həmid Bağırovun sədr təyinatına mənfi yanaşırlar. Amma Rauf Səlimovun da şansını yüksək sayanlar da çox deyil. Komitədə sədr postuna təyin ediləcək ən şanslı və gözlənilən namizəd kimi isə Siyavuş Novruzovun adı hallanır». 

Siyavuş Novruzovla Həmid Bağırovun statistikaya «yad adam» olması faktının mövcud olmasına baxmayaraq, bunun təyinatda ciddi rol oynayacağını düşünmür: 

«Düzdür, Həmid Bağırovla müqayisədə Rauf Səlimov ixtisasına uyğun olaraq 28 ildən artıqdır bu sahədə çalışır və sahəsi üzrə mütəxəssisidir. Ancaq bilirsiniz ki, rəhbər təyinatlarında ixtisas və ya həmin sahə üzrə peşəkarlıqdan daha çox başqa vasitələr də kifayət qədər rol oynayır. Məsələn, komitədə bu dəqiqə ən çox adı hallanan şəxs YAP-çı deputat Siyavuş Novruzovdur. Hüquq təhsilli Siyavuş Novruzovun komitəyə sədr təyinatı haqda hətta YAP icra katibi, baş nazirin müavini Əli Əhmədovun köməkçisi Mahir Abbasəliyevin atası Ziyad Abbasəliyev də informasiyalı şəxs kimi danışır. Ziyad müəllimin həm də komitənin aparat rəhbəri olduğunu yada salsaq, Siyavuş Novruzov haqda deyilənləri ciddiyə almamaq mümkün deyil».

YAP-ın "ağırçəkili fiqur”ları olan Əli Əhmədovun baş nazirin müavini, Mübariz Qurbanlının komitə sədri olduğunu da xatırlayan müsahibimiz eyni halın Siyavuş Novruzov üçün təkrarlanacağını çox yüksək sayır: «Siyavuş Novruzov 3 çağırış Milli Məclisin üzvü olub. YAP-da çox böyük xidmətləri var. Bu baxımdan ona niyə də şans tanınmasın ki?!

Görünür, Siyavuş Novruzovla bağlı məsələ ciddiləşib ki, artıq komitədə ən çox onun adı hallanmağa başlayıb».

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc edə bilərik. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA