Bu nazirliklərin fəaliyyəti mənfi qiymətləndirilib - Dövlət orqanlarının əlaqə vasitələri ilə bağlı monitorinq - NƏTİCƏ

img

31-12-2014 [23:35]


Dünya Ana və Uşaq İctimai Birliyi ilə Dunyaxeber.com İnformasiya Agentliyi birgə "Hökumət orqanlarının vətəndaşlarla əlaqə və xalqa xidmət sahəsində gördüyü işlərin monitorinqi keçiriblər.

Monitorinqin nəticələrinə görə, ən yaxşı göstəricilər Prezident Aparatı, Daxili İşlər, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Milli Arxiv İdarəsi aiddir. Ən pis göstərici isə Nazirlər Kabineti olmuşdur. Test üçün apardığımız vətəndaş sorğularına prezident aparatından dolğun cavablar alınmış, problemin həlli müvafiq qurumlara həvalə edilmişdir. Daxili İşlər Nazirlyi də problemin həllində aktivliyi ilə seçilmişdir. 

Müşahidələrimizin nəticəsinə əsasən, bu qurumun mətbuata reaksiyası da ürək açan olmuş, özbaşınalıqda adı hallanan orqan işçiləri dərhal və sərt şəkildə cəzalandırılmışdır. Ədliyyə Nazirliyi də pozitiv fəaliyyəti ilə yadda qalan qurumlardandır. İl ərzində işinə səhlənkar yanaşan hakimlərin cəzalandırılması, cinayət məsuliyyətinə cəlb edilməsi nazir Fikrət Məmmədovu öz işinə xüsusi həssaslıqla yanaşmasından xəbər verir. Fövqəladə Hallar Nazirliyidə mətbuata qarşı reaksıyası müsbətdir. Fəaliyyətləri haqqında hesabatı media vasitələrinə verirlər. 

Ən aşağı göstəricilər isə Nazirlər Kabineti, Nəqliyyat, Xarici İşlər, Vergilər,Təhsil, Səhiyyə, İqtisadı İnkşaf, nazirliklərində və Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidmətində qeydə alınmışdır. Təsbitlərə görə, Nazirlər Kabinetində hətta vətəndaşların müraciət edə biləcəyi hər hansı əlaqə telefonu, e-poçt adresi yoxdur.

Yuxarıda adı çəkilən digər komitə və nazirliklərdə ki, vəziyyət ondan geri qalmır. Veb səhifələrinə daxil olarkən, e-poçt ünvanları ilə əlaqə saxlamaq mümkün deyil. Saytda yazılan əlaqə vasitələrində, xüsusilə e-poçt ünvanları işləmir. Baxmayaraq ki, bu qurumların qaynar xəttləri mövcuddur, test üçün etdiyimiz bir çox zəngə cavab alına biliməmiş, yaxud qaldırılan problemlə maraqlanan olmamışdır. Hətta Dövlət Miqrasiya Xidmətinin mətbuat katibliyinin fəaliyyəti belə çox bərbad vəziyyətdədir. Mən və digər həmkarlarım həmin qurumun mətbuat katibliyi ilə dəfələrlə əlaqə yaratmaq cəhdimiz nəticəsiz qalmışdır. Monitorinqin nəticəsinə görə işəgötürmə sahəsində ən şəffaf fəaliyyət göstərən qurum Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya olmuşdur.  Bu quruma kadrlar seçilməsi üçün keçirilən imtahanlara bir sıra media, QHT təşkilatları dəvət olunmuş və proses müşahidəçilərin gözləri qarşısında aparılmışdır. Sözü gedən Komissiyanın həyata keçirdiyi bu prosesin ənənəyə çevriləcəyinə, məhkəmə hakimlərinin və prokurorluq işçilərinin də eyni qaydada seçiləcəyi arzu olunandır.

Təəssüf ki, son zamanlar Ədliyyə Nazirliyinin kadr seçimində beynəlxalq qurumlar prosesə dəvət olunduqları halda yerli QHT-lər prosesdən kənarda saxlanılmış, dolayısıyla əcnəbi müşahidəçilərin xeyrinə ayrıseçkilik edilmişdir. Ümidvar olmaq istərdik ki, bundan sonrakı mərhələlərdə qarşılaşdığımız bu neqativlik də ortadan qaldırılacaq və kadr seçimi daha şəffaf şəkildə aparılacaqdır. Ən azı ona görə ki, Azərbaycan realliqlarını biz daha yaxşı dərk edə və qiymətləndirə bilərik. Aparılan monitorinqin nəticələrini ümumiləşdirsək, yola saldığımız ildə dövlət qurumlarının vətəndaşla iş və kadr seçimi sahəsində neqativ hallarla yanaşı, irəliyə doğru atılmış addımlar da müşahidə olunmuşdur. Ümid edirik ki, 2015-ci il Azərbaycan hakimiyyətinin daha şəffaf və demokratik islahatlarıyla, vətəndaşlara daha artıq qayğı göstərməsiylə yadda qalacaq.

Ölkəmizin bəzi məkrli dünya dövlətləri tərəfindən sıxışdırıldığı indi ki, zamanda vətəndaş həmrəyliyinə daha çox ehtiyacı var və bu həmrəylik hakimiyyət orqanlarının xalqa daha çox açılması, onun qayğılarını dinləməsi və yerində həll etməsiylə reallaşacaq. Zira Azərbaycan dövlətinin qarşıya hədəf kimi qoyduğu vətəndaş cəmiyyətinin bərqərar olması vətəndaş həmrəyliyindən keçir.

Örnək olaraq onu da qeyd edə  bilərik ki, Maliyyə Nazirliyinin veb səhifəsində qeyd olunmus  elektron poçt ünvanları və telefon nömrələri  ilə  qeyd edilən vəzifə sahibləri ilə birbaşa əlaqə saxlamaq mümkündür.

Yeri gəlmişkən fürsətdən istifadə edib Ümumidünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, bütün dövlət yetkililərini və xalqımızı təbrik edirik. Ümid etmək istərdik ki, bizim təbrikimiz və apardığımız monitorinqin nəticələri də ölkə başçısına çatdırılacaq, üzləşilən problemlər zamanında həll olunacaq.

Aygün Paşayeva

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA