Milli qəhrəmanlar iş adamının müdafiəsinə qalxdı

img

23-12-2014 [14:39]


Azərbaycanın milli müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə xüsusi igidlik göstərmiş, əslən Goranboy rayonundan olan Azərbaycanın milli qəhrəmanları Həsənov Məhəmməd Ələsgər oğlu və Abdullayev Maşallah Balakişi oğlu cənab prezident İlham Əliyevə, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəy Allahverdiyevə müraciət ediblər. Milli qəhrəmanlar həmin müraciətin bir nüsxəsini də redaksiyamıza göndəriblər. Müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Hörmətli Ali Baş Komandan! 

Biz Azərbaycanın milli qəhrəmanları doğma məmləkətimiz Azərbaycanda xalqımızın böyük oğlu, fenomenal tarixi şəxsiyyət, fövqəlbəşər insan, şöhrətli siyasətçi, ulu öndər, ümummilli lider, mili xilaskarımız və milli müstəqilliyimizin memarı olan Heydər Əliyev cənablarının əbədiyaşar ideallarının və ali dövlətçilik amallarının mili həyatımızın bütün sferalarını əhatə edən təkamül prosesinin, qlobal yeniləşmənin, dinamik gücə söykənən ideal dövlətçiliyin və demokratikləşmənin gündən-günə təkmilləşdirildiyi, BMT-də, ATƏT-də, Avropa Şurasında, UNESKO və İSESKO-da Dünya Birliyində, nüfuzlu beynəlxalq qurum və təşkilatlarda dövlətimizin nüfuz dairəsinin xeyli dərəcədə genişləndiyi, irimiqyaslı layihələrin reallaşdığı real bir tarixi mərhələdə, mübarək doğum gününüzün millətimiz tərəfindən əsl bayram təntənəsinə çevriləcəyi qürurverici bir ərəfədə Sizə müraciət ünvanlayırıq. Müraciətimizin məğzi yaxından tanıdığımız insanlıq, namus, şərəf və vicdan naminə müdafiəsinə qalxdığımız həmyerlimiz, iş adamı Müqayis Verdiyevin 2 ilə yaxın müddətdə günahsız olaraq istintaq təcridxanasında saxlanılması, şər-böhtana tuş gələrək məhkəmə proseslərinə cəlb edilməsi və fəal həyat mövqeyinin dondurulması ilə bağlıdır. 

O Müqayis Verdiyevdən söhbət açırıq ki, 90-cı illərdə məmləkətimizdə vahiməli, qorxunc xaos yaşananda və kriminogen durum nəzarətdən çıxanda, başıpozuq qüvvələr tərəfindən ölkə uçurumun başına gətiriləndə o yüksək vətənpərvərlik nümayiş etdirərək ərazi özünümüdafiə batalyonlarının, sonralar isə milli ordunun ərzaqla təminatında var qüvvəsini ortaya qoymuşdur". Milli qəhrəmanlar yazır ki, Müqayis Verdiyev daim Ulu Öndərimiz Heydər Əliyevin siyasətini dəstəkləyən bir insan olub: "Onun üçün vətən, dövlət, dövlətçilik anlayışı hər şeydən öndə dayanır. Müqayis Verdiyev elə vətənpərvər insandır ki, Azərbaycan üçün fikirləşmədən canından keçər. Biz Azərbaycanın milli qəhrəmanları olaraq bütün bunların şahidi olmuşuq. Eşitmişik, duyğulanmışıq və fəxr etmişik ki, öz goranboylumuz bu xeyirxah əməlləri həyata keçirir. 

Onun bu günə kimi həyata keçirdiyi müsbət işlərin hamısı göz qabağındadır. 1994-cü ildə məlum Gəncə hadisələri olarkən Müqayis Verdiyev dövlətin yanında idi. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev cənabları 1994-cü il noyabr ayının 28-də ümumxalq toplantısında Gəncə hadisələrini müzakirə edərkən demişdir ki, heç kim sinəsinə döyməsin, Gəncədə hamı Surət Hüseynovun tabeliyində idi, amma Müqayis Verdiyev həmin vaxt dövlətin yanında oldu. Dövlətə öz dəstəyini göstərdi. Ramiz müəllimin bu çıxışı "Xalq", "Respublika" və "Azərbaycan" qəzetlərində dərc olunmuşdu. Yəni Ramiz Mehdiyev kimi görkəmli dövlət xadimi, akademik Müqayis Verdiyevin barəsində hər zaman yüksək fikirdə olmuş və onun gördüyü işləri müsbət qiymətləndirmişdir. Lakin belə bir xeyirxah insan kimlərinsə şər-böhtanı ilə üzləşərək neçə aydır ki, həbsdə yatır. Biz onun həbs edilməsi xəbərini eşidəndə çox böyük sarsıntı keçirdik. Nəinki biz, ümumilikdə Goranboy camaatı Müqayis Verdiyevin həbsinə üzüldü. Çünki o rayonun aztəminatlı ailələrinə daim öz köməyini göstərib, acların qarnını doyurub. Müqayis müəllim goranboyluların demək olar ki, əksəriyyətinə əl tutub. Biz həmçinin onun da şahidiyik ki, "Regionların sosial-iqtisadi inkişafı proqramı" çərçivəsində Sizin tapşırığınız əsasında son illərdə Goranboyda həyata keçirilmiş yenidənqurma, tikinti və abadlıq işlərinin həyata keçirilməsində iş adamı, həmyerlimiz Müqayis Verdiyevin əlahiddə xidmətləri var. 

Amma onun işdən, əməldən, fəaliyyətdən, qurub-yaratmaq eşqindən uzaqlaşdırılaraq təcridxanaya salınması bizdə təəssüf hissi doğurur. O həbsxanaya layiq insan deyil. Belə bir müdrik kəlam vardır ki, dünya bir gimnastika zalıdır. Biz ora güclənməyə gəlmişik. Bir də müdrikliyin özü haqqında çox qiymətli olan bir kəlamı xatırlatmaq istərdik: "Müdriklik məbədi qayalar başında, tufan və qasırğalardan, qəzəb və nifrətlərdən çox-çox yüksəklikdə yerləşir. O qədər yüksəklikdədir ki, ildırımlar belə ondan aşağı çaxır və ən dəhşətli insan qəzəbi də ona çata bilmir". Bəli, möhtərəm cənab prezident! Biz Azərbaycanın milli qəhrəmanları Sizin timsalınızda müdriklik məbədinə üz tutduq. Siz hər bir azərbaycanlının istinad, son ümid yerisiniz. Biz sizin əsgərinizik. Həmyerlimiz Müqayis Verdiyev azadlıqda millətimizə, dövlətimizə daha çox xeyir verər, nəinki təcridxanada. 

O, adam öldürməyib, ağır cinayət törətməyib və oğurluq etməyib. Onun günahının nədən ibarət olmasını istintaq iki ilə yaxın müddətdə hələ də müəyyənləşdirə bilmir. Bu isə o deməkdir ki, iş adamı kimlərinsə sifarişi əsasında həbs edilib. Odur ki, müdrikliyinizə, mərhəmətinizə, humanizminizə, hər şeydən əvvəl isə böyük vətənpərvərliyinizə güvənərək Sizə müraciət etdik. Cənab prezident, Sizdən xahiş edirik ki, heç bir günahı olmayan iş adamı Müqayis Verdiyevin azadlığa buraxılması üçün aidiyyəti qurumların rəhbərlərinə göstəriş verəsiniz. Qarşıdan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Biz inanırıq ki, Siz Müqayis Verdiyevin azadlığa buraxılması üçün göstəriş verib iş adamının bayramı ailəsi ilə bir yerdə qeyd etməsinə şərait yaradacaqsınız. Cənab prezident həmçinin fürsətdən istifadə edib Sizi qarşıdan gələn doğum gününüz münasibətilə təbrik edir, Sizə cansağlığı və uzun ömür arzulayırıq. Allah Sizi Azərbaycan xalqının üstündən əskik etməsin. Ulu Yaradan daim köməyiniz olsun! AMİN". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA