Dekabrın 10-da Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazidə Nizami (Gəncə) Rayon İcra Hakimiyyətinin əməkdaşları qanunsuz tikililəri sökərkən insident baş verib.
Həmin qəsəbədə məskunlaşmış Kəlbəcər rayonundan olan köçkünlər etiraz əlaməti olaraq Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər. DIN-in yaydığı məlumata görə, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı, orada olan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb. Gəncə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Bu olaydan sonra "Azəryolservis” ASC-nin prezidenti Cavid Qurbanovun atası Qəmbər Qurbanov da Gəncəyə gedərək Kəlbəcər köçkünlərinin durumu ilə maraqlanıb.
Politoloq Ərəstun Oruclu isə öz facebook səhifəsində medianı Gəncədə baş verən vətəndaş-məmur qarşıdurmasına yetərincə diqqət ayırmamaqda suçlayıb...
Ə.Oruclu qeyd edib ki, "qanunsuz tikili” hüquqi termini qaçqın və məcburi köçkünlərə şamil edilə bilməz: "Çünki vaxtilə Heydər Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, bu kateqoriyaya aid edilən vətəndaşlar torpaqlar işğaldan azad edilənədək məskunlaşdığı yerlərdən çıxarıla bilməz”.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də fikirlərini öyrənməyə çalışdıq. Suallarımızı başçının müavini Naqif Həmzəyev cavablandırdı. N.Həmzəyev bildirdi ki, orada köçkünlərin köçürülməsindən söhbət getmir: "Həmin ərazidə qanunsuz zəbt edilmiş torpaqlar var. Təkcə Kəlbəcərdən olan köçkünlər deyil, digər bölgələrdən olan vətəndaşlar da yerləşiblər. Orada yenidənqurma aparılmasında məqsəd Gəncənin digər yerlərində olduğu kimi, bu ərazidə də şəhər planına uyğun infrastruktur layihələri reallaşdırmaqdır. Orada heç bir evin, torpağın sənədi yoxdur. Kimlər ki, Gəncə və ətraf rayonların sakinləridir, məcburi köçkün və qaçqın deyillər, tikdikləri evlərin sənədləşməsinə kömək göstəriləcək. Proses artıq başlanıb”.
N.Həmzəyev dedi ki, bununla yanaşı, orada yaşayan kəlbəcərli köçkünlərin də qeydiyyatı aparılacaq: "Hansı evdə ki, yaşayış var, ona toxunulmayıb və toxunula da bilməz. O vaxta qədər ki, məcburi köçkünlər azad edilən torpaqlarımıza qayıdacaqlar. Orada hasara alınmış, müxtəlif adamlara satılan ərazilər var. Həmin ərazilərdə heç bir tikili yoxdur və o yerlər qanunsuz zəbt olunub. Reallaşan layihələrə görə həmin ərazilərə müəyyən dəyişikliklər olacaq. Kimsə bir torpaq sahəsini hasarlayıb, özül atıb və deyir ki, bu torpaq mənimdir. Dünən orada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hər kəsə açıq-aydın izah etdi ki, yaşayış olan evlərə toxunulmayacaq. Məqsəd orada yaşayan şəxslərin yaşayışını qanuniləşdirməkdən və küçələr salmaqdan, su, kanalizasiya xətlərinin, elektrik kabellərinin çəkilməsindən ibarətdir. Bizim hədəfimiz budur”
Başçı müavini deyir ki, layihənin reallaşması zamanı heç bir vətəndaşın haqqı tapdanmır, hüquqları pozulmur: "Orada narazılıq edən birbaşa dəllallardır. Onların ailələri də çıxış etdilər, səhv olduqlarını qeyd etdilər. Onların özləri də şoka düşürlər ki, bu hadisədən 1 gün əvvəl Elmar müəllim onlarla görüşmüşdü, izah etmişdi ki, bizim camaatla işimiz yoxdur. Orada heç bir köçkünün hüququ pozulmur. Yazırlar ki, orada vətəndaşlar yaralanıb. Orada vətəndaş yaralanmayıb. Yaralananlar polislərdir, icra başçısıdır və müavinidir”.
Başçı müavini deyib ki, tutulan 2 şəxsdən biri də dəllaldır: "Müvafiq orqanlar bunun üstündə işləyirlər. Vətəndaşları aldadıblar. Təsəvvür edin ki, 1 yeri, bir neçə nəfərə satıblar. Ortada heç bir sənəd də yoxdur. O vaxtı kim necə istəyib, torpağı da elə zəbt edib hasara alıblar”.
Başçı müavini "həmin ərazilər tikilərkən müvafiq icra hakimiyyəti orqanları harada idi” sualına belə cavab verdi: "Orada bir adam tapa bilməzsiniz ki, evi sökülmüş olsun. Küçələrin eni 2 metrdir. Oradan yanğınsöndürən maşın keçə bilmir. Ərazidən böyük qaz boruları keçir. Üstündə evlər tikilib. Biz bu prosesi durdurmalıyıq ki, belə hər necə gəldi tikintilər böyüməsin. Dövlət başçısı qəsəbə yollarının şəhər yollarına birləşdirilməsi üçün vəsait ayırıb. Bu yollar çəkilməlidir. Gəncədə 5 yeni qəsəbə yaradılıb. O yerdə ki, yaşayış var, ora sökülmür. Harda ki, ticarət obyekti tikilib, həmin yerlər sökülür. Belə hasarlanmış yerləri zəbt edən əsasən Ermənistandan olan qaçqınlardır. Tovuzdan, Gədəbəydən, Daşkəsəndən və başqa rayonlardan gələnlər də var. Həmin torpaqları onlara Kəlbəcərdən olan köçkünlər satıb”.
"Torpaq sahəsi almış və aldığı ərazini hasarlamış şəxslərin əmlakı sökülərkən onlara kompensasiya veriləcəkmi” sualına başçı müavininin cavabı belə oldu: "Onların heç bir sənədi yoxdur. Özləri də bunu deyirlər. Əsas da budur ki, heç bir məcburi köçkünün hüququ da pozulmur. Sənədi olmayan adama kompensasiya ödəmək olar ki? Həmin torpaqlarda tikinti aparılanda Gəncənin ərazisi olmayıb. O torpaqların yarısı Göygöl rayonunun, yarısı da Daşkəsənindir. Oralar Azərbaycan Aqrar Universitetinin təcrübə tarlalarıdır”.
Başçı müavini həmin torpaqların bir qədər əvvəl işdən qovulan Nizami İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev tərəfindən verilməsinə də münasibət bildirdi. Dedi ki, bu məlumat həqiqətə uyğun deyil.
N.Həmzəyev bildirdi ki, Gəncə şəhərinin girəcəyində prezidentin tapşırığına əsasən məcburi köçkün və qaçqınlar üçün 2 qəsəbə salınıb, 3-cü qəsəbənin də salınması planlaşdırılır: "Gülüstan qəsəbəsində bir çox obyektlər var ki, orada məcburi köçkünlər yaşayırlar. Tikilən qəsəbələr onların köçürülməsi üçün nəzərdə tutulur”. (musavat.com)