İcra başçısından şöbə müdirinin ölümü ilə bağlı AÇIQLAMA

img

16-12-2014 [14:08]


"Allah hər kəsə bir ömür verib. Ömürü verən də odur, alan da. İndi Kürdəmirdə kimsə dünyasını dəyişəcəksə, bu o demək deyil ki, onun ölümünə rayon icra hakimiyyəti , yaxud icra başçısı bais olub. Yazılanlar cəfəngiyatdır". 

Bunu Teleqraf.com-a açıqlamasında Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov dekabrın 15-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun dünyasını dəyişməsində adının hallanmasına münasibət olaraq bildirib.   

 Bəzi mətbu orqanların yazdığına görə,  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədov dekabrın 14-də icra başçısı Ceyhun Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənib. Ətrafındakılara icra başçısının onu infarkt həddinə gətirdiyini söyləyib. Evə getdikdən sonra isə dünyasını dəyişib. Həkimlər G.Əsədovun ürək tutmasından dünyasını dəyişdiyini təsdiqləyiblər. 

 C.Cəfərov bildirib ki, o, icra başçısı olaraq işçiləri ilə görüşə bilər: "Mən tez-tez işçilərimlə görüşlər keçirirəm. Gülbala Əsədov da mənim işçim olub və onunla aramızda heç bir problem yaşanmayıb. Dünən axşam mən onun dəfnində də iştirak etdim. Onun ölümündə mənim rolum olubsa, dəfninə niyə gedirdim? Yazılanlar hamısı uydurmadır. Dəfn mərasimindən sonra bildim ki, mətbuatda mənimlə bağlı yazıblar. Yaxşı olardı ki, jurnalistlər belə şeyləri yazmamışdan qabaq mənimlə əlaqə saxlasınlar, mövqeyimi öyrənsinlər". 

 İcra başçısı rayon idarə rəhbərlərinə, sahibkarlara təzyiq etməklə abadlıq işlərinin aparıldığına dair iddialara da münasibət bildirib: "Tamamilə yalandır. Abadlıq işləri dövlət büdcəsindən Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsait hesabına aparılır".

 C.Cəfərov Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı yol verilən 2 milyon manatlıq mənimsəmə və baş memar Sarif Əsgərovun həbsilə bağlı məsələyə də münasibət bildirib.

O, bildirib ki, mənimsəmə faktı onun icra başçısı olduğu dövrdə baş verməyib: "Bunun mənə heç bir aidiyyəti yoxdur. Məndən qabaq olub. Hazırda Baş Prokurorluq məsələ ilə bağlı araşdırma aparır. Kimin günahı varsa cəzasını alacaq". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA