Prezidentə saxta məktubu hansı vəzifəli şəxs yazıb və ya şəhid ailəsinə necə kələk gəliblər?

img

14-12-2014 [16:40]


Hacıqabul rayon sakini Həşimova Solmaz təfərindən müraciət daxil olub. Müraciətdə 1994-cü ildə həyat yoldaşını və 2014-cü ildə leytenant oğlunu şəhid vermiş ananın və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin aldadıldığı bildirilir. 

Bu barədə xanım Solmaz Həşimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Əmək və Əhalinin Sosial Mudafiəsi Naziri cənab Səlim Müslümova və Müdafiə Naziri General-Polkovnik cənab Zakir Həsənova şikayət məktubu ünvanlayıb. 

S.Həşimova bildirir ki, həyat yoldaşı və oğlunu Vətənə şəhid verdiyi üçün dövlət tərəfindən onlara mənzil verilməyib, amma Prezident.az saytında (Red.: http://www.president.az/articles/10671 ) ailənin guya Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsindəki binada ikiotaqlı mənzil ilə təmin olunduğu və hətta daimi olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunması haqda təşəkkür məktubu yayılıb. 

S.Həşimova Prezidentə ünvanladığı məktubda həmin evin kimə, nəyə görə, nəyin qarşılığında verildiyinin araşdırılmasını və bu törədilmiş cinayət işində əli olan hər kəsin cənab Prezident İlham Əliyevin göstərişi ilə aidiyyatı qurumlar tərəfindən araşdırılıb və ağır şəkildə cəzalandırılmasını tələb edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Solmaz Həşimova adından ünvanlanmış saxta təşəkkür mətkubunda isə deyilir: 

"26 dekabr 2013, 17:50

Solmaz Həşimovadan, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin sosialyönümlü siyasətiniz sayəsində vətəndaşlarımızın rifahı durmadan yüksəlir, onların normal yaşayışı üçün hər bir şərait yaradılır. Bu siyasətin bəhrəsini öz həyatında hiss edən ailələrdən biri də bizik.

Hörmətli cənab Prezident, mənim həyat yoldaşım torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Hazırda şəhərimizin bir guşəsi onun adını daşıyır. Şəhid ailələrinə yüksək qayğı göstərdiyinizə əmin olduğum üçün ailəmizin mənzil şəraitimin yaxşılaşdırılması ilə bağlı Sizə müraciət göndərdim. Müraciətimə qısa müddətdə cavab aldım. Bizə şəhərimizin İsmət Qayıbov küçəsindəki binada ikiotaqlı mənzil verildi. İndi həmin mənzildə rahat yaşayırıq. Hər bir şəraitimiz vardır. Daimi elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmuşuq. Bütün bunlara görə Sizə minnətdarıq. Bir daha əmin olduq ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. Tanrı Sizi qorusun!

Hörmətlə,

Həşimova Solmaz. 
Azərbaycan Respublikası, Hacıqabul şəhəri".

Regional.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA