YAP üzvü olan zabiti həbs etmək istəyirlər, icra başçısı isə...

img

14-12-2014 [14:23]


Redaksiyamıza Göygöl rayon sakini, YAP üzvü, bakalvr və magistr təhsilli, ehtiyyatda olan leytenant Şahin Məmmədov tərəfindən məktub daxil olub.

Dövlət qulluğuna imtahan verib, yüksək balla yaşadığı rayonun Mədəniyyət və Turizm Şöbəsində az əvvələ qədər məsləhətçi vəzifəsində işlədiyini yazan şikayətçi prezident İlham Əliyevə üz tutaraq, üzləşdiyi problemlərlə bağlı kömək istəyib: 

«Hörmətli cənab Prezident! Sizin "Korrupsiya bir xəstəlikdir və biz ölkəmizi bu xəstəlikdən xilas etməliyik” sözlərinizə görə bir dövlət qulluqçusu kimi, işlədiyim Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində olan korrupsiya hallarına qarşı çıxdım. Ancaq bu zaman aidiyyatı dövlət qurumlarından dəstək görmək əvəzinə, işdən çıxarıldım, dövlət qulluğuma xitam verildi.

Lakin bu günədək ruhdan düşmədim, hələ də Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın büdcə vəsaitlərini özü üçün gəlir əldə etmək məqsədilə israf etməsi ilə bağlı aidiyyatı qurumlara etdiyim müraciətlər edirəm. Ancaq təəssüf ki, göstərdiyim faktlar baxılması üçün sonda Göygöl rayon İcra Hakimiyyətinə göndərilir. Göygöl rayon İcra Hakimiyyəti isə bu qanun pozuntularına heç bir reaksiya vermir. Göz yumur. Sanki, Şərqiyyə Hümbətovanın fəaliyyətini yoxlamaq mümkünsüzdür. Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidovun qəbulunda dəfələrlə olmuşam. Ş.Hümbətovanın korrupsiya əməlləri barədə faktlar ortaya qoymuşam. Ancaq cənab Arif Seyidov hər dəfə Ş.Hümbətovanın korrupsiya əməllərinə heç bir reaksiya verməyib. Bu hallar məndə belə bir təəssürat yaranır ki, icra başçısı Arif Seyidov bütün bu qanunsuz fəaliyyəti həyata keçirmək Ş.Hümbətovaya dəstək verir».

Şikayətini davam etdirən Şahin Məmmədov yazır ki, dövlətin mənafeyini qorumaq üçün mübarizəyə başladı, amma vəzifəsindən azad olunması yetmirmiş kimi, indi də korrupsioner məmurlar onu cinayət məsuliyyətinə cəlb etdirmək istəyirlər: «Səbəb çox sadədir. Şərqiyyə Hümbətova korrupsiya əməllərinin araşdırılmadığını görüb, cəsarətlənir və məni birdəfəlik susdurmaq üçün həbs edilməyimi istəyir. Sizdən çox xahiş edirəm, məni bu korrupsinerlər birləşib, həbs etdirsələr belə, Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ş.Hümbətovanın korrupsiya əməlləri araşdırılsın. İnanın, o zaman idarəyə alınan inventarlar və digər mal-materialların qiymətlərinin dəyərindən neçə dəfə artıq şişirdilməsi  və sair kimi açıq mənimsəmə faktlarını təkzib etmək mümkün olmayacaqdır». 

Şikayətlə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA