Qarabağ müharibəsi əlili dərdlərindən yazdı

img

11-12-2014 [10:41]


Əhməd RƏHMANOV, Qarabağ müharibəsi əlili

Artıq dekabr ayının ortaları yaxınlaşır. Beləliklə, biz daha bir "Əlillər günü”nü yola verdik. Bəli, bəli düz eşitdiniz, yola verdik. Ildə bir neçə gün konsert və ya əlillərin bəzilərinə payladıgımız kiçik hədiyyələrlə öz vicdanımızı da belə yola veririk, axı. 

Ildə bir neçə gün müxtəlif yığıncaqlar keçirməklə, uzun illərdir özümüzü elə göstəririk ki, guya əlillərin halına yanırıq, əslində isə o yığıncaqların özündə belə, iştirakçı yoldaşlarımıza çox vaxt pilləkənləri düşməyə kömək etmədiyimiz hallar olur.

Konsertlərdə "Mən burda olmaqla, özümü xoşbəxt sayıram” sözünü əzbərləyən məmurlarımız konsertdən sonra ona öz problemiylə yaxınlaşan əlili gördükdə, özünü tanımamazlığa, görməməzliyə vurur. 

"Əlillər günü”ndə təşkil olunan tədbirlərdən sonra isə əlilimiz yenə də uzun illər boyu artıq irinləmiş problemiylə tək qalır.

 2015 il üçün dövlətimizin əlillər üçün hesabladığı minimum istehlak səbətinə baxsaq, kommunal xidmətləri və müalicə xərclərini daxil etmədən təyin olunan 152 man 4 qəpik vəsait, görəsən, əlilimizin hansı dərdinə məhləm olacaq? Bunu hesablayan olubmu?

Təəssüf ki, bir çox əlillərimizin pensiyası bundan da azdır. Mən, özüm Müharibə əlili oldugumdan, mənə çox maraqlı gəlir, görəsən, mətbuatda Azərbaycan hökümətinin hansısa bir xarici dövlətdə məktəb ya körpü tikməyi ilə fəxr edən məmurumuz öz vətəndaşımızın acınacaqlı vəziyyətindən niyə utanmır? Olmaya ancaq müsahibədən müsahibəyə yuxudan oyanıb, sonra yenə komaya düşürlər?! 

Sosial şəbəkələrdə ara-sıra görünən və dərdləşən əlillərimiz arasında belə bir acı lətifə dolanır:  "AzTV-yə baxandan sonra məndə Azərbaycanda yaşamaq istədim”. 

Bəs görəsən, bu acı lətifə nə vaxt şirin həqiqətə cevriləcək?

Bu gun hər hansı bir problemdən danışanda problemi həll etməli olan orqanların rəsmi numayəndələrinin gələcəkdə qəbul olunacaq Qanunlara istinad edərək, guya ki, ondan sonra vəziyyətin yaxşılacağını söyləmləri, razılaşaq ki, baş aldatmaqdan başqa bir şey deyildir. Ən azı illərin təcrübəsi belə deməyə imkan verir. 

Odur ki, kim nə deyir desin, mən isə hər yerdə bir söz deyirəm, nə qədər ki, mövcüd qanunlarımızın icra mexanizmi yoxdur, heç bir yaxşılıq gözləməyə dəyməz. 

Belə yerdə qədim Roma tarixcisi Publiy Korneliy Tacidin gözəl bir kəlamı yada düşür: "Dövlətin sonu yaxınlaşdıqca, onun icra olunmayan qanunları da çoxalır”.

Mən isə bir Vətən övladı kimi, bunu heç, özü də heç istəmirəm...
  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA