Ölümü əsirlikdən üstün tutan 23 yaşlı qadın... - FOTOLAR

img

08-12-2014 [17:14]


Dekabrın 7-də,Suraxanı rayonu "Yeni Günəşli” qəsəbəsində yerləşən laçınlıların "Mərasim Evində” facebookda fəaliyyət göstərən ”Laçın və laçınlılar” qrupu tərəfindən şəhid Səma Kərimovanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Qrupun vaxtaşırı  vətənpərvərlik mövzusunda keçirdiyi bu cür tədbirlər artıq ənənə halını alıb.

 

 

Şəhidlərin, döyüşçülərin keçdiyi şərəfli yolun təbliğinə xidmət edən və Səma Kərimovanın xatirəsinə keçirilən bu tədbirdə, şəhidin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları və tanınmış ziyalılar iştirak ediblər. "Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədlinin çıxışı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edirlməsindən sonra Xatirə Laçın Səma Kərimova haqqında tədbir iştirakçılarına geniş məlumat verdi: «Səma Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində dünyaya gəlib. 1974-cu ildə orta məktəbə gedib və 1984-cu ildə orta məktəbi yaxşı qiymətlərlə bitirib. 1986-cı ildə Səma Kərimova Dövlət Pedaqoji İnstitutunun filologiya fakultəsinə qəbul olub. İnstitutu bitirdikdən sonra isə peşə fəaliyyətinə Nağdalı kənd orta məktəbində başlayıb.

17-18 may 1992-ci ildə Laçın rayonu işğal olunan zaman Səma və ailəsi də öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdılar. Səmagil Laçından çıxdıqdan sonra Bərdə rayon Qaradəmirçi kəndində yaşayan qohumlarıgilə pənah gətirmişdilər. 1992-ci ildə Azərbaycan Ordusunun Kəlbəcər və Qubadlı istiqamətindən Laçın rayonunun azad edilməsi üçün apardığı genişmiqyaslı hərbi əməliyyatları zamanı Laçın şəhəri istisna olmaqla rayon erməni işğalçılarından azad edilib. Laçın əhalisinin əksəriyyəti işğaldan azad edilmiş ərazilərə geri dönməyə başlayanda Səma da həyat yoldaşı ilə birlikdə avqustun 25-də Laçına geri qayıtdılar. Ancaq Laçında qalmaq çox da uzun sürmədi, 1993-cü ilin mart ayında ermənilərin geniş hücüm əməliyyatları zamanı əhali rayon ərazisini tərk etməyə məcbur oldu. Martın 31-də Səma və dayısıgil də yenidən Laçını tərk etdilər. 31 mart 1993-cü ildə Laçın eli üçün çox ağır bir faciə üz verdi, Səmagilin maşın karvanı Kəlbəcər rayonu ərazisində yerləşən tuneldə mühasirəyə düşdülər. Mühasirə zamanı Səmanın dayısı Asif və bibisi elə oradaca şəhid oldular, böyük dayısı Yusif Əliyev ilə Səma isə ağır yaralandılar. Səma Kərimova, bir yaşlı qızı Nurlanə Hümbətova və digər əsir düşmüş yaralıları əvvəlcə Vəng kəndinə, sonra isə Xankəndində yerləşən uşaq xəstəxanasına gətirmişdilər. 1993-cü il mayında anasına yazdığı məktubunda bildirirdi ki, qızı Nurlanə ilə birlikdə Xankəndində uşaq xəstəxanasındadır, 1 aydan çoxdur ki, sol ayağından ağır yaralıdır, ayağa qalxa bilmir. Səmanı və qızı Nurlanəni geri almaq üçün ailəsi ermənilərlə danışıqlar aparırdılar. Tələb olunan məbləğ çətinliklə olsa da, toplanmışdı. Ancaq ölümü əsirlikdən üstün tutan Səma özünə qəsd etmək qərarına gəlib. Və mayın 15-də Səma Kərimova intihar edib. Ermənilərlə uzun sürən danışıqlardan sonra iyunun 23-də Səmanın cəsədi geri alınaraq Bərdə rayonunda dəfn edilib. Səmanın ölümündən sonra əsirlikdə qalan qızı 1 yaşlı Nurlanə Hümbətova avqustun 5-də geri alınıb. Ermənilər öz murdar əməllərindən geri qalmayaraq avtomatın qundağı ilə Nurlanənin boynunun arxasına vurub onu əbədi həyat işığından məhrum etdilər. Adı Nurlanə olan körpə ömürlük nura həsrət qaldı».

Səma haqqında bu çıxışdan çox təsirlənən iştirakçılar çıxış etməyə çətinlik çəkdiklərini bildirsələr də, danışmağı özlərinə borc hesab etdilər.

Tədbirdə çıxış edən Laçın polis batalyonunun komandiri olmuş polkovnik-leytenant Çingiz Abbasov, keçmiş Güləbird batalyonunun qərargah rəisi Rövşən Atakişiyev, Qarabağ müharibəsi iştirakçısı, hüquqşünas Ərşad Hüseynov, keçmiş bölük komandiri Cabbar Alıyev, habelə digər döyüşçülər Babək Məmmədov, Xəyyam Nəsirov, Habil Muradov həm keçdikləri döyüş yolundan danışdılar, həm də Səmanın bir Azərbaycan qadını olaraq seçdiyi şərəfli ölüm yolunu, ucaldığı şəhidlik zirvəsini örnək kimi qeyd etdilər.

Daha sonra çıxış edən Solmaz Cahangirova və Respublika Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova Səma Kərimovanın adının əbədiləşdirilməsinə ehtiyac olduğunu söylədilər və Səmanın adına küçə verilməsini və abidəsinin ucaldılmasının vacibliyini qeyd etdilər. Tanınmış jurnalist Sultan Laçın, yazıçı publisist Ötərxan Eltac, Hacı Vahid torpaq, millət, namus, şərəf uğrunda canını fəda edən bu türk qızının qeyrət simvolu olduğunu və bu qəhrəmanlığın bütün nəsillərə nümunə olduğunu söylədilər.

Tədbirdə Səmanın müəllimi və iş yoldaşı olaraq iştirak edən Əyyub müəllimin, Səmanın şagirdi olmuş Orxan Cəbrayilovun çıxışları isə həm tədbir iştirakçıları tərəfindən, həm də Səmanın qızı Nurlanə tərəfindən maraqla qarşılandı. Tədbirin sonunda çıxış edən Səmanın anası Sevda Kərimova, bacısı Səbinə Kərimova danışılan bir çox xatirələri Səmanın qızı Nurlanənin ilk dəfə eşitdiyini vurğuladılar. Şəhidin anası bu cür tədbirin keçirilməsinə görə Facebookda fəaliyyət göstərən "Laçın və laçınlılar” qrupuna, onları daim diqqət mərkəzində saxlayan Laçın rayon İcra Hakimiyyətinə və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinə minnətdarlığını bildirdi. Tədbir boyu göz yaşlarına sahib ola bilməyən, hələ bir yaşındaykən erməni əsirliyinin məşəqqətini yaşayan və erməni cəlladları tərəfindən dünya işığına həsrət qalan Nurlanə çox danışa bilməyəcəyini söylədi və bu tədbirə görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

 

 

Ramil Cəbrayıl

- See more at: http://ucnoqta.az/news/6628#sthash.lxDDhkM8.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA