Arif Rüstəmov: "Cənab İlham Əliyev, bizim ailə üçün müqəddəs olan Heydər Əliyevin ruhu naminə, mənə və ailəmə dəyən ziyanın ödənilməsinə dair məhkəmənin çıxardığı qətnamənin BŞİH tərəfindən icra olunmasına dair göstəriş verəsiniz”
YAP fəalı, partiyanın ilk qurucularından olduğunu qeyd edən Arif Rüstəmov özəl mülkiyyətinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dağıdılması, əvəzində ona kompensasiya verilməməsi ilə bağlı dekabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdi. O qeyd etdi ki, son ümidi prezident İlham Əliyevədir: "BŞİH 2002-ci ildə tam qanuni, özəl mülkiyyətimi dağıdıb. İllərlə mənim pulumu verməyiblər. Nəhayət, məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə mülkiyyətimin əvəzində kompensasiya ödənməsinə dair qərar çıxarıb, lakin 4 ildir bu qərar icra olunmur. Bu qərarın icra olunması ilə bağlı döymədiyim qapı, müraciət etmədiyim aidiyyəti qurum, şəxs qalmayıb. Son ümidim cənab prezidentədir. Hörmətli mətbuat mənsubları, sizdən xahiş edirəm, mənim İlham Əliyevə yazdığım müraciətimi olduğu kimi dərc edəsiniz”.
Daha sonra A.Rüstəmov müraciətini jurnalistlərə təqdim etdi. Müraciətdə deyilir: "Hörmətli Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyev!
Allah Sizi Qorusun! Mənim və bizim ailəmiz üçün müqəddəs olan Ulu Öndər Heydər Əliyevə Allah qəni-qəni rəhmət eləsin!
Mən Rüstəmov Arif 1989-cu ildən başlayaraq Heydər Əliyevin hakimiyyətə gəlməsi, xalqımızı düşdüyü bəladan xilas etməsi üçün özüm və azyaşlı oğlanlarımla birlikdə canimizi, varımızı pulumuzu tam səmimi olaraq bu yolda qoymuşuq. 1990-cı ildə Bakı şəhərindəki evimi də sataraq, səmimiyyətlə, təmənnasız olaraq müqəddəsimiz olan Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün müəyyən tədbirlərə xərcləmişəm. Mən azyaşlı oğlanlarımla birlikdə Heydər Əliyevin hakimiyyətə gəlməsinin əngəllənməsi üçün bədxah qüvvələr tərəfindən konstitusiyaya süni şəkildə əlavə edilmiş yaş senzi ilə bağlı – 121.2 maddəsinin ləğvi üçün Ali Sovetin qarşısında aksiyalar təşkil etmişik və dəfələrlə bu aksiyada iştirak etmişik. (Həmin aksiyadan çəkilmiş foto da müraciətə əlavə edilir).
1989-cu ildən etibarən – hələ YAP yaranmamışdan öncə mən Əliyevçilər təşkilatı yaratmışam və bu gün də həmin qurumun və YAP ərazi təşkilatının sədriyəm. 1992-ci ildə YAP-ın Naxçıvanda keçirilən ilk konfransının iştirakçılarındanam, YAP tərəfindən 1992-ci ildə ilk partiya bileti alan şəxslərdənəm. Həmçinin, müharibə veteranıyam, Naxçıvan MR Şərur rayon Kərki kəndindən məcburi köçkünəm.
Cənab Prezidentimiz! Siz televiziya çıxışlarınızdan birində dediniz ki, atam Heydər Əliyev sovetlər vaxtı vəzifədə işləyəndə onun çörəyini yeyən bir çox adamlar sonradan Heydər Əliyevə qarşı çıxıblar, amma azsaylı insanlar Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri olması üçün Bakıda Ali Sovetin qarşısında onu müdafiə etdilər. Hörmətli prezidentimiz, həmin adamlardan biri də mənəm. Həmin aksiyada mən və azyaşlı oğlanlarım ağır xəsarət almışıq və bu gün də həmin xəsarətlərin fəsadı qalmaqdadır. Bundan başqa, mənim Bakı şəhərindəki evimi bu fəaliyyətimə görə od vuraraq yandırmışdılar. Həmin vaxt övladlarımı oxuduqları orta məktəbdə döyərək, qanına qəltan edərək məktəbdən qovmuşdular, mənə demişdilər ki, burada sizə yer yoxdur, apar uşaqlarını Naxçıvanda Heydər Əliyevin məktəbində oxut. Bu illər ərzində mən və ailəm xeyli çətinliklərə, təzyiqlərə məruz qalmışıq, ağır günlər keçirmişik. Bütün bunlara baxmayaraq biz Heydər Əliyev uğrunda mübarizəmizdən dönmədik. Əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün də Sizin tərəfinizdən həyata keçirilən – Azərbaycanın inkişafına yönəlik uğurlu siyasəti ailəliklə daim tam dəstəkləmişik, dəstəkləyirik, təbii ki, bundan sonra da dəstəkləyəcəyik, bu yolda əlimizdən gələni edəcəyik, lazım gəlsə canimizdan da keçəcəyik, ölümə də gedəcəyik! Bu hər zaman belə olub, ömürlük də belə olacaq. Mən etdiyim bu xidmətlərə görə fəxr edirəm, şərəf duyuram.
Cənab Prezidentimiz! Biz sizə güvənirik, sizi daim arxamız bilirik, Allah Sizi qorusun!
Çox hörmətli İlham Əliyev! Nəzərinizə çatdırmaq istəyirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti neçə illər qabaq mənə məxsus, tam qanuni mülkiyyətimi dağıdıb, çoxsaylı müraciətlərimə baxmayaraq, qərəzli şəkildə mülkiyyətimin əvəzində mənə heç bir kompensasiya verilmədi. Mən məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etdim. Məhkəmə mənə dəyən ziyanın ödənməsi barədə Azərbaycan Respublikası adından xeyli öncə qətnamə çıxarıb. Bir neçə il Azərbaycan Respublikası adından çıxarılan qətnamə qərəzli şəkildə icra olunmadı. Qətnamənin icra olunması üçün aidiyyəti qurumların hamısına dəfələrlə müraciət etmişəm. Lakin bugünədək məhkəmə qərarı icra olunmayıb. Bütün qurumlar birmənalı olaraq Bakı Şəhər İcra Hakimiyyətini cavabdeh olaraq göstərirlər. BŞİH isə illərdir mənim pulumu qərəzli şəkildə ödəmir və bu gün də ödəmək istəmir.
Cənab Prezidentimiz, Allah sizi qorusun, başımızın üstündə daim var eləsin! Nə yaxşı ki, bizim sizin kimi güvənə bildiyimiz prezidentimiz var. Biz sizə daim güvənmişik, güvənirik və hər zaman güvənəcəyik. Cənab prezidentimiz, Heydər Əliyevə Allah qəni-qəni rəhmət eləsin, mənim və bizim ailə üçün müqəddəs olan Heydər Əliyevin ruhu naminə, sizdən xahiş edirəm ki, sizə şəxsən deyiləsi çox vacib sözlərim olduğunu da nəzərə alaraq, mən Rüstəmov Arif Kamil oğlunu qəbul edəsiniz, mənə və ailəmə dəyən ziyanın ödənilməsinə dair Azərbaycan Respublikası adından çıxarılmış Məhkəmə qətnaməsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icra olunmasına dair göstəriş verəsiniz”.