Dəyər ver dəyərliyə, dəyərli olmaq üçün...

img

28-11-2014 [23:53]


Biləndə ki, Vətəninə, xalqına bağlı insan - elinin, obasının sevimlisi, Azərbaycan Tibb Universitetinin müəlimi, alim,  dossent Rəşid Mahmudovun  doğum günü bu aya təsadüf edir, hansısa kitabdan oxuduğum müdrikin sözlərini xatırladım. O, deyirdi: "Dünyanın qəribə hikməti var. Torpaq insanı boya-başa çatdırıb yüksəldirsə, insan öz növbəsində bu Ana torpağı şöhrətləndirir, onun uca adı həmin torpağın fəxri ünvanına çevrilir”.

 Odlar yurdunun hər guşəsi bu torpağın bir unudulmaz oğlunun adı ilə tanınır, sevilir, əzizlənir. Qazax – Vaqifin, Vidadinin, Səməd Vurğunun, Mehdi Hüseynin, general Əliağa Şıxlinskinin, Ağcabədi – Üzeyir Hacıbəyovun, Şuşa – Cabbar Qaryağdıoğlunun, Bülbülün, Şamaxı – Xaqaninin, Seyid Əzimin, Sabirin Vətənidir... Bu ölkənin hər qarışı bir ölməz sənətkar yetişdirib, xalqımıza ömürlük ərmağan bəxş edib. Gədəbəy də alimlər və qəhrəmanlar yurdu kimi hər yerdə geniş tanınır və insanlar tərəfindən təqdir olunaraq yüksək səviyyədə dəyərləndirilir. Bu torpağın Vətənə - Azərbaycanımıza baş ucalığı gətirən, hər birimiz tərəfindən ləyaqət və qeyrət simvolu kimi qiymətləndirdiyimiz alim oğullarından biri də Rəşid Mahmudovdur.

Bilmirəm, nədənsə biz insanlar doğum günlərimizi hər il yox, beş-on ildən bir daha mükəmməl keçirtməyə üstünlük veririk.  Ancaq, daha düşünmürük ki, Allahın bizə bəxş etdiyi, hər saatı, hər dəqiqəsi, hər saniyəsi, hətta, hər anı belə çox dəyərli və hikmətlidir. Hələ düşünsək ki, Rəşid müəllim kimi müdrik bir insan ömrünün 76-cı ilinə qədəm qoyur, bu ömür daha da dəyərli və hikmətli olmalıdır. Çünki, bu yaşa, bu başa dürüstlüklə, alın açıqlığı ilə çatmaq hər adama nəsib olmur. Ömrünü halal zəhməti ilə yaşamaq, necə deyərlər, bir məsəl var: "Əgər bir insan çörək pulunu yalnız əllərinin zəhməti ilə qazanırsa, fəhlə, əlləri və ağlı ilə qazanırsa, usta, əlləri, ağlı və ürəyi ilə qazanırsa, ustad deyilir!”. Bax, Rəşid müəllim həmin ustadlardandır!.. Belə ki, gəlin ustadlarımıza dəyər  verək. Onların bizlər üçün çəkdikləri əziyyətləri layiqincə qiymətləndirək. "Dəyər verək dəyərliyə, dəyərli olmaq üçün” - deyərək doğum gününü təbrik edək. Allahın köməkliyi ilə xəstələrinin canının qayğısına qalıb, keşik çəkən insana hamılıqla xahiş edək ki, mümkün olsa arada öz canının qayğısına da qalsın. Rəşid müəllim, sizi sevib özünə örnək götürənləri və ümumiyyətlə Azərbaycan xalqını yeni-yeni nailiyyətlərinizlə daim sevindirin...

Ümid edirik ki, Rəşid müəllimin doğum günü Dövlət səviyyəsində də keçiriləcək. Bu insan belə hörməti qazanıb və qazanır!

Mətanət Həmidqızı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA