İcra başçısı kimləri vəzifələrə təyin edib? - Akif Səlimov haqda yeni iddia

img

23-11-2014 [20:19]


Bir neçə gün əvvəl Laçında əhalinin rayon rəhbərliyindən narazılıq etməsi haqda yazmışdıq. "Laçından üsyan anonsu" başlıqlı yazımızda bildirmişdik ki, rayondakı narazılıq elə bir həddə çatıb ki, sakinlərin bir çoxu çıxış yolunu rayonun qeydiyatından çıxmaqda görürlər.

Akif Səlimova qarşı qəzəb

Laçınlıların durumu ilə bağlı cumhuriyyet.az-ın yazdıqları təsdiqini tapmaqdadır. Belə ki, mediaya yazılı şəkildə müraciət edən Laçın rayonunu sakinləri Xalid Axundov və Ələsgər Qasımov rayon Mədəniyyət və Turzim Şöbəsinin fəaliyyətindən, Şamkənd Musiqi Məktəbinin direktoru Səfər Quliyev və şöbənin baş mühasibi Şakir İsmayılovdan şikayətçi düşüblər. Onlar qeyd edirlər ki, sözügedən şəxslər dövlət əmlakını mənimsəməklə yanaşı, həm də ciddi qanunsuzluqlara yol verirlər. Bunun qarşısını almaq üçün müvafiq dövlət qurumlarından yardım istəyən Laçın sakinləri, baş verənlərin qarşısının alınmasını xahiş edirlər.

Xalid Axundov və Ələsgər Qasımov yeni daha bir müraciət ünvanlayaraq, bu dəfə dövlət başçısından onlara sığınacaq vermələrini xahiş ediblər. "Bizim indiyə qədər dövlət qurumlarına etdiyimiz şikayətlərlə bağlı həm Şakir İsmayılov, həm də Səfər Quliyev müvafiq orqanlara əməllərini ötr-basdır edən məlumatlar verərək, onları aldadırlar. Rayonun hüquq-mühafizə orqanları da baş verənlərə onların konteksindən yanaşaraq, məsələnin həllinə deyil, bu şəkildə yoluna qoyulmasına çalışırlar”.
Onlar həyatları üçün ciddi problem olduğunu da iddia ediblər: "Bizi mövqeyimizdən daşındırmaq üçün müxtəlif üsul və yollardan istifadə edirlər. Həyatımızın təhlükədə olması mütləqdir. Odur ki, mövcud vəziyyəti nəzərə alaraq təhlükəsizliyimizin ciddi şəkildə nəzarətə götürülməsinə və pul hesabına gözlərin qan örtmüş Şakir İsmayilov və Səfər Quliyevin əsarətindən azad edilib, bizə sığınacaq verilməsinə göstəriş vermənizi xahiş edirik”.

"Şikayətlərin qarşısını almaq üçün isə təhdid yolunu seçib"

İşğal altında olan Laçın rayonunun əhalisi demək olar ki, ölkənin bütün rayonlarına yayılıblar. Məcburi köçkün həyatı yaşayan və ağır günlər keçirən bu insanlar, bir də icra başçısı Akif Səlimovun əlindən əziyyətə düçar olublar. Artıq iş o həddə çatıb ki, insanlar üzləşdikləri problemlərdən dolayı etirazlara belə qalxıblar. Vəziyyətin bu həddə çatmasına baxmayaraq, Laçının icra başçısı Akif Səlimov isə mətbuatda özü haqqında mədhiyyələr yazdırmaqla məşğuldur. Bəzi KİV-lərdə özü haqqında geniş «tərif» yazıları yayımlatdıran icra başçısı bununla özünü «yaxşı işçi» kimi göstərməyə cəhd edir. Və hesab edir ki, hakimiyyət dairələri həmin məlumatları oxuduqdan sonra ona razılıq edəcəklər. Bəzi məlumatlara görə isə Akif Səlimov işdən çıxarılacağından əndişə edir. Çünki haqqında xeyli sayda şikayətlərin olmasından dolayı bir neçə dəfə rəsmi qurumlar tərəfindən tənbeh olunduğu deyilir.
Vurğulanır ki, Prezident Admnistrasiyasında keçirilən müşavirələrin birində ona «rayondan çoxlu şikayətlər gəlir» iradını tutublar və icra başçısından tələb olunub ki, həmin şikayətləri araşdırsın və problemləri də həll etsin. Amma Akfi Səlimov tam tərsi şəkilində hərəkət edərək, keçmişdə polisdə işlədiyi metodlara baş vurub. Nəticədə, problemləri həll etmək əvəzinə, ört-basdır edib. Şikayətlərin qarşısını almaq üçün isə təhdid yolunu seçib.

Korrupsiya və rüşvət sistemi üzərində idarə edilən rayon

Rayonda icra hakimiyyətinin rəhbərliyi altında aparılan əməliyyatlar haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Məlumata əsasən təqribən yarım il əvvəl Laçına yeni başçı təyinatı alan Akif Səlimov yüksək rütbəli məmurlardan birinə rüşvət verərək vəzifə aldığını iddia edir və bunu bütün dost-tanışlarının yanında açıqca söyləyir. Elə bu üzdən də icra başçısı Akif Səlimov rayonun vəzifəli adamlarından külli miqdarda pul tələb edir. Pulu verməyənləri isə işdən azad edərək onların yerinə tələb etdiyi pulu verən şəxsi təyin edir. Bu zaman isə həmin «kadrın» nə qədər peşəkar və savadlı olması icra başçısını qətiyyən maraqlandırmır.

Akif Səlimovun fəaliyyətindən ciddi şəkildə narazılıq edən rayon sakinləri bildirir ki, onun kadr siyasəti ümumilikdə, bərbaddır. «Akif Səlimov məktəb direktoru Hüseyn Səfərovu rayonda hamı tərəfindən sələmçi kimi tanınmasına rəğmən, 121 saylı Laçın Dairə Seçki Komissiyasına sədr təyin edib. Onun həyat yoldaşını isə elə keçmiş direktorun yerinə gətirib». Bununla bağlı cumhuriyyet.az-a danışan mənbə icra başçısının bir başqa təyinatının da eyniylə yuxarıda qeyd etdiyi şəxsdən fərqlənmədiyini vurğulayıb. O qeyd edib ki, Laçın rayonunda alverçi kimi ad çıxarmış və mədəniyyət sahəsindən xəbəri olmayan Yusif Hüseynovu Mədəniyyət və Turizm şöbəsinə müdir təyin edən Akif Səlimovun belə addımlarının artıq zərər verdiyini də deyib. «Qaçqınlara verilən dilənçi payı sayılan yardımı da keçmiş polis dostu Rasim ağaya tapşırıb. Bu adam İcra Hakimiyyətində işləyən səriştəli və nüfuzlu kadrları da oradan uzaqlaşdırıb. Əvəzində isə rayonda tanınmayan, amma çoxlu pulu olan adamları vəzifə başına keçirməyə başladı».

İcra başçısının rayonun təhsil və səhiyyə sahələrini iflic vəziyyətinə saldığını iddia edən Laçın sakini qeyd edib ki, hazırda orta məktəb direktorlarından aylıq pul yığılır. «Laçındakı orta məktəblərin direktorlarından hər ay 150-250 manat civarında pul alınır. Mədəniyyət və turizm Şöbəsində çalışanların ümumi sayı 900 nəfərə yaxındır və onların hər birindən ayda 10-20 manat pul alınır. Bəlkə, desinlər ki, Yusif Hüseynov bu pulları icra başçısına verir».

Təhsil talanı və müəmmalı kadr siyasəti

Hal hazırda Laçın rayonundakı orta məktəblərdən birində direktor vəzifəsində çalışdığını bildirən mənbəmiz vurğulayır ki, adının açıqlanmasının istəməməsinə səbəb həyatı üçün yarana biləcək təhlükə ilə bağlıdır. «Mən özüm məktəb direktoru işləyirəm. Vəziyyət o həddə çatıb ki, bir parça kağızda hansısa məlumatı Təhsil Şöbəsinə versək, mütləq arasında haqqı olmalıdı. Tədbir deyilən pulyığma kampaniyası bizi ailə-uşaq yanında xəcalətli edib. Xahiş edirəm adımı məxfi saxlayın. Yoxsa Akif Səlimov və Malik Vəliyev məni yox etdirərlər». 

Qeyd edək ki, hələ bir müddət əvvəl də Laçından müraciət edən müəllimlərdən biri bildirmişdi ki, Malik Vəliyev ondan şikayət edənlərin kimliyini müəyyən etdikdən sonra, təkcə işdən çıxarmaqla kifayətlənməyib, həmçinin təzyiqlər göstərir. 

Redaksiyamıza daxil olan məlumatda göstərilir ki, Akif Səlimov icra başçısının müavini postunu əvvəllər Laçın rayon sosial müdafiə fondunun sədri işləmiş, külli miqdarda dövlət vəsaitini taladığına görə həbs olunan və bir neçə ildən sonra naməlum şəraitdə həbsdən azad olunan Musa Musayevə vəd verib. 

Mənbə iddia edir ki, buna görə başçı Musa Musayevdən 100 min manat alıb. Lakin Musa Musayevi müavin postuna təsdiq etdirə bilmədiyi üçün Yol-İstismar İdarəsinə müdir təyin edib. Təbii ki, Musa Musayevdə bu təyinatdan narazı qalıb. Bundan sonra Akif Səlimov həmin vəzifəyə həmkəndlisi Tofiq Mirzəyevin təyin etdirib. Akif Səlimov digər müavini Bəsti Nəcəflini də heç bir səbəb göstərmədən işdən azad edib. Onun yerinə isə özünün marşrut biznesində ortağı olan ikinci qrup əlil, bir gün belə dövlət işində çalışmayan Babək Aslanovu təyin etməyə cəhd göstərib. Akif Səlimovun bu təqdimatını da Prezident Adminstrasiyasında təsdiq etməkdən imtina edilib. Lakin Akif Səlimov belə "əvəzolunmaz kadrı” kənarda saxlamamaq üçün özünün əmri ilə onu icra hakimiyyətində təlimatçı təyin edib. Qısa müddətdən sonra isə təlimatçını ctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və başçının müavini təyin etdirə bilib. 

Bundan başqa məlumatda bildirilir ki, təhsil şöbəsinin müdiri Malik Vəliyevi vəzifəsindən uzaqlaşdırmaq istəsə də Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqindən sonra bu fikrindən daşınıb. Amma ondan tələb olunan pulu ödəmək şərti ilə. Bildirilir ki, Malik Vəliyev tələb olunan pulun bir hissəsini nəqd olaraq ödəyib. Bir hissəsini isə hər ay müəllimlərinin maaşından tuturaq verəcəyini söz verib. İndii təhsil şöbəsinin müdiri hər bir məktəb direktorundan ayda 300 manat əlavə pul alır. Qeyd olunur ki, qaçqın rayonu olan Laçında 100-dən çox məktəb fəaliyyət göstərir.Məlumata əsasən eyni vəziyyət səhiyyə şöbəsi ilə də təkrarlanıb. Baş həkim Rauf İsfəndiyarov da tələb olunan pulun bir hissəsini başçıya çatdırıb. Digər hisəsini isə hər ay həkimlərin maaşından tuturaq ödəyir. O da qeyd olunur ki, başçı Laçın xəstəxanasında əsas səlahiyyəti poliklinkanın baş həkimi Şakir Həkimə verib. Çünki Şakir həkim onun yaxın qohumudur. Rayon mədəniyyət şöbəsinin müdiri İlqar İlyasov isə Akif Səlimovla anlaşa bilmədiyi üçün vəzifəsini itirib.onun yerinə isə pulundan keçməyə razı olan Yusif adlı iş adamı təyin olunub. Bundan əvvəl isə Yusifə müavin postu vəd olunub. Lakin sonda o da Musa Musayev kimi o da arzusunu reallaşdıra bilməyib. Elə bu üzdən də Yusif indi də həyat yoldaşının müavin təyin olunmasını başçıdan tələb edir(http://cumhuriyyet.az/sonxeber/13713-lachinda-akif-selimov-zulmu-dunenin-ve-bu-gunun-faktlari.html).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA