“Quska”nın Bakının mərkəzindəki obyekti uçdu - (Fotolar)

img

18-11-2014 [20:50]


Almaniyaya mühacirət edən sabiq deputat Hüseyn Abdullayevin Bakının mərkəzində, Qaqarin körpüsünün yanında olan obyekti bu gün qəfildən uçub.

Bu məlumatı virtualaz.org saytına hadisə şahidləri veriblər. Onların sözlərinə görə, Yusif Səfərov küçəsində, 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub.

Hazırda hadisə yerində tikinti texnikası işləyir, daş-beton qalaqları təmizlənir. Fəhlələr deyib ki, bina qəfldən uçub. Onlar bunun nədən baş verdiyini bilmirlər.

Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov virtualaz.org saytına açıqlamasında faktı təsdiqləyib.

Yada salaq ki, daha çox "Quska” kimi tanınan Hüseyn Abdullayev bu günlərdə Azərbaycan hakimiyyətini sərt tənqid edən növbəti açıqlamalarını verib. Belə görünür ki, sabiq deputat hər tənqidi çıxışına bir obyektini qurban verməli olacaq. Məlumatlı mənbələr bildirir ki, "Quska”nın Bakıda 500-dən çox obyekti var. Bu isə o deməkdir ki, sabiq deputat hələ çox danışa, tənqid edə bilər. Necə deyərlər, varlığa nə darlıq...

Bundan əvvəl onun bulvardakı keçmiş "iqamətgahı” sayılan "Dənizkənarı kort” sökülüb.

Xatırladaq ki, H.Abdullayev uzun illər kölgə iqtisadiyyatının bir hissəsinə nəzarət edib, qaçaqmalçılıqla məşğul olub, 2-3 min nəfərdən ibarət qeyri-rəsmi silahlı qruplaşma saxlayıb, azad sahibkarları soyub-talayıb. Sonralar "Quska” bu imtiyazlardan məhrum edilib və müxalifətə keçib. Hazırda Almaniyada yaşayır...

Virtualaz.org



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA