Deputatın qızı alim olmaq istəyir - FOTO

img

17-11-2014 [11:30]


Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru və həmin universitetdə hazırda da kafedra müdiri olan Şəmsəddin Hacıyevin qızı alim olacaq.

Bu barədə Mia.az-a verilən məlumata görə, deputatın qızı Çeşmi Hacıyeva alim olmağın bir addımlığındadır. O, bu ilin fevral ayında rektor vəzifəsindən azad olunan Şəmsəddin Hacıyevin işlədiyi universitetdə müdafiə edəcək: «Çeşmi Hacıyeva "Azərbaycanın geoiqtisadi inkişaf modeli və onun formalaşdırılması" mövzusunda olan elmi işini atasının rəhbəri olduğu Beynəlxalq İqtisadi Münasibətlər Kafedrasında tamamlayıb. İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağın astanasında olan Çeşmi Hacıyeva dekabrın 3-də İqtisad Universitetində D 02.051 Dissertasiya Şurasında müdafiəyə buraxılacaq.

Qeyd edim ki, həmin şuraya da Ş.Hacıyev rəhbərlik edir».

Məlumata görə, deputatın qızının elmi rəhbəri İqtisad Universitetinin prorektoru Əvəz Bayramovdur: «Əvəz Bayramov, həm də Şəmsəddin Hacıyevin rəhbərlik etdiyi kafedranın əməkdaşıdır. Çeşmi Hacıyevanın rəsmi oppenentlərindən biri isə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovdur».

Onu da qeyd edək ki, deputatın qızının avtoreferatında bir nüans da diqqəti çəkir. O, müdafiə etdiyi iş üzrə bu günədək atasının rəhbərlik etdiyi kafedradan başqa heç bir qurumun elmi-tədqiqat işləri aparmadığını da iddia edib. Çeşmi Hacıyevanın bunu təsdiq edən cümləsi isə budur: «Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının son 3 ildə (2009-2012-ci illər) apardığı elmi araşdırmaları (büdcə təyinatlı elmi-tədqiqat işləri) nəzərə almasaq, Azərbaycanda geoiqtisadiyyat problematikası sistemli tədqiqatların obyekti olmamışdır. Dissertasiya işinin mövzusunun aktuallığı, həm də bu nüansla izah olunur…».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA