QHT-lər kimə hesabat verəcəklər? - Prezident daha bir qanunda dəyişiklik etdi + FƏRMAN

img

15-11-2014 [18:38]


Bu gün Prezident İlham Əliyev "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda da dəyişikliklərə imza atıb.

Mia.az xəbər verir ki, bununla aşağıdakı dəyişikliklər olub: 

"Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 366; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 1; 2009, № 8, maddə 611; 2013, № 3, maddə 215; 2014, № 2, maddə 82) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddə üzrə:

1.1. 2-ci hissəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

"Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilərlər.”;

1.2. 4-cü hissədən "Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramlar üçün vəsait toplanması olan, öz fəaliyyətində mənfəət götürmək məqsədi güdməyən” sözləri çıxarılsın;

1.3. 5-ci hissədə "mənfəət götürmək məqsədi güdməyən digər xarici hüquqi şəxslər, eləcə də xarici fiziki şəxslər” sözləri "xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri ("Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.”;

1.4. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

"5-1. Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

2. 3-cü maddə üzrə:

2.1. 2-ci hissədə:

2.1.1. üçüncü, dördüncü və beşinci abzaslar müvafiq olaraq dördüncü, beşinci və altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (müvafiq icra hakimiyyəti orqanları bu maddənin 2-1-ci hissəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq);”;

2.1.2. beşinci abzasda "şöbələri” sözündən sonra "(həmin resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri ("Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

"2-1. Azərbaycan Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

3. 4-cü maddəyə aşağıdakı məzmunda 4-2-ci hissə əlavə edilsin:

"4-2. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

***
Prezident İ.Əliyev "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında Fərman da verib.

Mia.az Fərmanı təqdim edir: 

1. Dövlət orqanları qeyri-hökumət təşkilatlarına qrantların verilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırmaqla həyata keçirsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. iki ay müddətində:

2.2.1. dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrantların verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.2. "Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumların siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.3. "Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-1-ci hissəsinə uyğun olaraq, həmin Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Müəyyən edilsin ki:

4.1. "Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində və 3-cü maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

4.2. həmin Qanunun 2-ci maddəsinin 5-1-ci hissəsində və 4-cü maddəsinin 4-2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

4.3. həmin Qanunun 2-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

4.4. həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinin üçüncü abzasında "müvafiq icra hakimiyyəti orqanları” dedikdə mərkəzi və digər icra hakimiyyəti orqanları nəzərdə tutulur.

5. "Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-1-ci hissəsində "Azərbaycan Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları” dedikdə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları” nəzərdə tutulur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA