Keşikçi təpəsində - BEYNƏLXALQ FESTİVAL

img

15-11-2014 [18:33]


Gədəbəy rayonunun ərazisi Azərbaycanın qədim yaşayış məskənlərindən biri olub, Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Sahəsi 1232,98 min kv kilometrdir, əhalisi 96,8 min nəfərdir.

Tarixi məlumatlara görə, Gədəbəy sözü qədim türk dillərindəki get, gedik(təpə) və bək(keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranmış, «müşahidə məntəqəsi», yaxud «keşikçi təpəsi» mənasını ifadə edir. 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Xocalı yaşayış məskəni ilə birgə Gədəbəydən aşkar edilmiş arxeoloji tapıntılar nəticəsində son Tunc və ilk Dəmir dövrünə (e.ə. XIV-VII əsrlər) aid Xocalı-Gədəbəy mədəniyyəti müəyyən edilmişdir. Bu dövrdə Gədəbəydə qalaça adlanan qurğular tikilmişdir. Bu ərazinin əhalisi orta əsrlərdə də Azərbaycan tarixində mühüm rol oynamışdır.

Gədəbəy rayonunun hazırkı inzibati mərkəzi olan Gədəbəy şəhərinin tarixi çox qədimə bağlandığına baxmayaraq əsası  1863-cü ilə təsadüf edir. 

Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin "Folker Şpis" elmi nəşriyyatı tərəfindən "Qalakənd" adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.

Bu il Gədəbəy şəhərinin 3500 illiyidir və bu məqsədlə rayonda müxtəlif səpkili tədbirlər keçirilir. Gədəbəyin tarixi qədimiliyini, mədəniyyətini bir daha dünya ictimaiyyətinə çatdırılır. Həyata keçirilən tədbirlərindən biri də bu günlərdə təşkil olunan "Beynəlxalq Aşıq Festivalı”dır ki, bu da bariz nümunədir. Festivalda İran, Türkmənistan, Qırğızıstan, Türkiyə və digər türkdilli xalqın nümayəndələrindən neçə-neçə tanınmış aşıqlar çıxış etmişlər. Tədbir çox yüksək səviyyədə keçirilmişdir. Burada aşıqlardan başqa Azərbaycanın müxtəlif elm adamları, ziyalıları, dövlət xadimləri iştirak etmişlər. 

Yeri gəlmişkən, hamımızın sevimlisi Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elmləri namizədi, əməkdar müəllim  Rəşid Mahmudov özünün, ziyalıların və özləri burada olmayan, lakin qəlbləri Gədəbəylə döyünən gədəbəylilərin adından rayon rəhbərliyinə, şəxsən icra başçısına dərin təşəkkür edir, gördüyü işlərdən məmnunluğunu bildirir və belə tədbirlərin daha da sıx keçirilməsini xahiş edir. Çünki bir rayonda tədbir təşkil edilirsə demək həmin rayon digər rayonlardan daha çox inkişaf etmişdir. Yəni, bir rayonda inkişaf varsa, demək o rayonun gələcəyi parlaq və işıqlıdır. Gədəbəy şəhərinin gələcəyini parlaq görmək istəyənin, qoy Allah da həmin şəxslərin gələcəyini parlaq etsin. Parlaq etsin ki, torpağa, yurd-yuvaya dəyər versin və hər zaman, hər yerdə Vətənini daim ucaltsın. Azərbaycanın hər bir qarışına canım Azərbaycanım desin!.. 

Mətanət Həmidqızı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA