Fövqəladə Hallar Nazirliyinin "işbaz"lardan ehtiyatlı olmağa çağırış edən açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ bölgəsində yaşayan vətəndaşlarımıza dövlət səviyyəsində göstərilən diqqət və qayğı hazırda da davam etdirilir. Lakin əfsuslar olsun ki, insanların belə ağır vəziyyətində öz şəxsi maraqları naminə vətəndaşları aldatmaqla dövlətimiz tərəfindən görülən bütün bu işlərə kölgə salmaq istəyənlər də az olmadı. Belə ki, zəlzələ baş verən ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən təbii fəlakətin fəsadlarının qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması ilə məşğul olan Fövqəladə Hallar Nazirliyinin adından istifadə edən bəzi "işbaz”lar zərərçəkmişləri aldadaraq, onların vəsaitlərini mənimsəməklə məşğul olurlar. Özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən dələduzlar zəlzələ bölgəsində dəymiş ziyanı araşdıran və zərərçəkmişlərə yardım göstərən komissiyanın verdiyi qərarlara dəyişiklik etmək iqtidarında olduqlarını iddia edərək, zəlzələ zamanı evlərinə zərər dəymiş sakinləri aldadır, xüsusilə zəlzələdən zərər çəkmiş, yalnız təmirə və ya gücləndirməyə ehtiyacı olan evlərin sahiblərinin külli miqdarda vəsaitlərini mənimsəyərək, onlara yeni evlərin tikiləcəyini və bunun müqabilində müəyyən miqdar "haqq” ödəmələrini iddia edirdilər. Lakin dələduzların verdikləri vədlərin yerinə yetirilmədiyini və aylarla süründürüldüklərini görən zərərçəkmişlər aldadıldıqlarını anlayaraq bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciətlər edərək müvafiq tədbirlərin görülməsi və mənimsənilmiş vəsaitlərinin geri qaytarılması üçün köməklik göstərilməsini xahiş ediblər.
Daxil olan çoxsaylı şikayətlərin operativ şəkildə və yerindəcə araşdırılması məqsədilə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun göstərişi ilə nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları hər bir şikayətçinin müraciətinin fərdi şəkildə araşdırılması üçün zəlzələ bölgəsinə ezam olunublar. Respublikamızın şimal-qərb bölgəsində baş vermiş zəlzələ zamanı ziyan çəkmiş evlərin əvəzinə yeni evlərin tikilməsinə köməklik göstərmək adı ilə yerli sakinlərdən pul tələb etmələri və ya almaları barədə bir qrup şəxsin, o cümlədən bəzi yerli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin qanunsuz hərəkətləri barədə 55 vətəndaşın Fövqəladə Hallar Nazirliyinə daxil olmuş müraciəti üzrə Daxili Təhlükəsizlik Baş İdarəsində araşdırma aparılıb. Onlardan 30 müraciətlə əlaqədar toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna, bir material isə daxili işlər orqanlarına göndərilib. Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov tərəfindən həmin materiallar xüsusi nəzarətə götürülməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci və sair maddələri ilə 8 cinayət işi başlanıb, bir neçə material eyni xüsusatlarla bağlı olduğundan başlanmış cinayət işlərinə əlavə edilib, digər materiallar üzrə araşdırmalar davam etdirilir.
Həmin cinayət işlərindən iki faktı xüsusi qeyd etmək istərdik. Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı "Merac Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin idarə heyətinin sədri Əliyev Səbuhi Bayram oğlunun öz qulluq mövqeyindən sui-istifadə etdiyi aşkara çıxarılıb. Belə ki, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü vətəndaşlara türk iş adamı "Əmrə Ünlü”, "Səbuhi Əmrə” kimi təqdim edən Səbuhi Əliyev həmin şəxslərdə özünə inam yaradaraq guya Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ nəticəsində Zaqatala və Balakən rayonlarında zərər dəymiş fərdi yaşayış evlərinin tikintisinin "Merac Holdinq” MMC-yə həvalə edilməsi barədə saxta əmrləri nümayiş etdirməklə həmin evlərin tikinti işlərinə fiziki və hüquqi şəxsləri subpodratçı kimi cəlb edəcəyini vəd etməklə onlardan külli miqdarda pul alıb.
Səbuhi Əliyev Zaqatala rayonu ərazisində inşa ediləcək 204 evin tikintisinin "Bakıenerjitikinti” ASC-yə həvalə olunacağını yalandan əsaslandırmaqla bunun müqabilində hər ev üçün 120 manat olmaqla, cəmi 24480 manat istəyib. O, bu il mayın 23-də özünün xidməti otağında 20 min manat pulu "Bakıenerjitikinti” ASC-nin nümayəndəsindən alarkən əməliyyat qrupu tərəfindən cinayət başında yaxalanıb.
Faktla bağlı Əliyev Səbuhi Bayram oğlu barəsində 2014-cü il 23 may tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Səbuhi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə ittiham elan edilib və barəsində Binəqədi Rayon Məhkəməsinin 2014-cü il 24 may tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən aparılmış araşdırma zamanı müəyyən edilib ki, özünü Fövqəladə Hallar Nazirliyinin komissiyasının üzvü kimi təqdim etmiş Abdullayev İlkin Ələddin oğlu respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş fərdi yaşayış evlərinin yenidən tikilməsinə köməklik göstərmək adı ilə vətəndaşları aldadaraq onlardan külli miqdarda pul alıb. Toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Material üzrə 2014-cü il iyunun 27-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda işin bütün halları üzrə istintaq aparılmaqla müvafiq tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Baş Prokurorluq və digər hüquq mühafizə orqanları ilə birgə bu cür faktlarla bağlı hər zaman ciddi mübarizə aparır və ölkə vətəndaşlarını belə "işbaz”ların yalan vədlərinə aldanmamağa çağırır.