İcra başçısı Samir Şərifovun adamını “vurdu”, Cavid Qurbanovun qohumunun qarşısından geri çəkildi

img

13-11-2014 [14:00]


Ağdamın yeni icra başçısı, keçmiş təhlükəsizlik əməkdaşı Raqub Məmmədov rayonda yeni «sistem» tətbiq etməyə başlayıb. 

Bu barədə Mia.az-a rayonun nüfuzlu sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifovun əmri ilə vəzifəsindən azad edilən rayon Maliyyə İdarəsinin rəisinin "vurulması” da məhz icra başçısının israrı ilə baş tutub: "İcra başçısı gəldiyi gündən Maliyyə İdarəsinin rəisi ilə anlaşa bilmədi. Məhz o, nazir Samir Şərifovun qarşısında məsələ qaldırıb, idarə rəisinin işdən azad edilməsinə nail oldu. Nazir icra başçısının təqdimatı ilə Elşad Əhmədovu noyabrın 3-də vəzifəsindən azad elədi. Bu isə rayondakı digər məmurları qorxuya saldı. İcra başçısı bu addımı ilə onun "yeni sistemi”nə "ayaq uydurmayanlara bir növ ibrət dərsi vermiş oldu”.

Məlumatda bildirilir ki, təyinatının ilk həftələrində keçmiş icra başçısının təyin etdiyi məmurlara «Mən bu rayona rüşvət və korrupsiyanın kökünü kəsməyə gəlmişəm» deyən yeni icra başçısı sonrakı aylarda əsl niyyətini atdığı addımlarla göstərməyə başlayıb.

Bu barədə bir çox mətbu orqanlarında məlumatlar dərc olub. Həmin məlumatlarda qeyd olunur ki, icra başçısı R.Məmmədov bir çox icra başçılarından fərqli olaraq gələn kimi kadr dəyişikliyi təhdidi ilə məmurları qorxuya salmayıb: "Tam əksinə, elə vəziyyət yaratdı ki, məmurlar qısa müddət ərzində keçirdikləri psixoloji narahatlıqları arxada buraxdılar. Keçmiş «KQB-nik» olan Raqub Məmmədov bununla məmurları sakitləşdirib, əsl planını işə saldı. O, bir neçə ay sonra Ağdamda illərdir vəzifə tutan, adları mətbuatın gündəmində hər zaman korrupsioner kimi hallanan məmurlara «hesab» qoydu. Beləliklə, yeni icra başçısı rayonda abadlıq işləri aparmaq adı ilə əsl məkrli planını işə saldı. Və bütün idarə və müəssisə rəhbərləri büdcələrində və mənimsədikləri vəsaitə uyğun başçının «tələbləri»nə boyun əyməyə başladılar». 

Mənbə deyir ki, yeni planından ruhlanan icra başçısı ən böyük zərbəni sələfi Nizami Sadıqova vurub: «O, bir neçə ay ərzində keçmiş başçının rayonda gördüyü işləri araşdırıb, 40 milyona yaxın vəsait mənimsədiyi iddiası ilə çıxış etdi. Və araşdırmanın yekunu olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyi təhdidi ilə Nizami Sadıqovu özü ilə hesablaşdırdı. Rayonda gəzən və bəzi xəbər portallarında yazılanlara inansaq, Raqub Məmmədov təkcə sələfi Nizami Sadıqovdan bu yolla bir milyon manat pul alıb. Ən maraqlı detal isə icra başçısı imicinin zədələnməməsi üçün bu pulu keçmiş başçının rayonda yarımçıq qalmış işlərini bitirmək adıyla aldığını elan etməsi sayıla bilər». 

Müsahibimiz deyir ki, yeni icra başçısının rayonda «yerindən tərpətmək» istədiyi əsas vəzifəli şəxslərdən biri də rayon təhsil şöbəsinin müdirəsi Elmira Şükürova olub: «Bu xanım Ağdama gələn bütün icra başçıları ilə «dil» taparaq, həm vəzifəsini, həm də rayondakı mövqeyini sonadək  qoruyub. Buna paralel olaraq, qanunsuz əməllərini də xeyli genişləndirib. Hətta onun bir ara icra başçısı olmaq sevdasına da düşdüyü sirr deyil. Lakin keçmiş başçı Həsən Sarıyevin postuna Nizami Sadıqovun təyin edilməsindən sonra Elmira Şükürova bu iddiadan geri çəkildi. Raqub Məmmədov isə təyinatının ilk aylarında Elmira Şükürovaya yüksək hörmətlə yanaşsa da, az sonra vəziyyəti dəyişdi. O, Elmira Şükürovanı əvəzləməyə cəhd etdi. Lakin deputat Cavid Qurbanovun qohumu olan müdirə ilə savaşdan məğlub ayrıldı. Yəni o, Elmira Şükürovanı «devirmək» niyyətindən geri çəkildi. Lakin digər məmurlar kimi, təhsil şöbəsi rəhbərinə qarşı vəzifədə qalması üçün "birdəfəlik yardım" və "aylıq hesab planı" qüvvəyə mindi». 

Onu da qeyd edək ki, bəzi saytlarda Raqub Məmmədovun Ağdamın baş həkimindən də abadlıq işlərinin aparılması üçün 70 min manat tələb etməsi barədə informasiyalar yayılıb. Bu isə yuxarıda deyilənlərə işıq salmaqla bərabər, yeni icra başçısının, əslində, sələflərindən fərqlənmədiyini göstərir. 

Raqub Məmmədovun rayondakı bu və ya digər fəaliyyətləri haqda verilən məlumatlara qarşı tərəfdən münasibət öyrənə bilmədiyimizdən hələlik toxunmadıq. Araşdırmalarımız davam edəcək. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA