Nazir tikinti şirkətinin qarşısından niyə geri çəkilib? - FOTOLAR

img

11-11-2014 [17:03]



Ötən gün xəbər vermişdik ki, Nizami rayonunda, Qara Qarayev prospektində, "Neftçilər” metrostansiyasının çıxışında 900 kvadratmetr ərazidə ağaclar qırılıb və orada tikinti işlərinə başlanıb. 

Həmin ərazidə yaşayan sakinlər redaksiyaya bildirmişdi ki, hazırda tikinti sahəsi kimi hasara alınmış ərazidə əvvəllər 50-60 ədəd çoxillik ağaclar olub. Tikintidən əvvəl yay aylarında bu ərazi kafe və çayxana kimi istifadə olunub. Bu ilin yayında həmin ağaclar gecə ikən çıxardılıb və yerində sözügedən tikinti başlanıb. 

İddialara görə, bu tikintinin bünövrəsi metronun "Neftçilər” stansiyasının üzərində tikildiyindən, metropoliten də məsələyə qarışıb və tikintini dayandırıb. 

Bu gün sözügedən tikinti ilə bağlı "Yeni Müsavat”a açıqlama verən Nizami RİH-in təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev bildirdi ki,  tikinti "RX-Sərdaroğulları” Holdinq MMC-yə məxsusdur: "Holdinqin sahibi Əhmədova Sənəm Hüseyn qızıdır. O, nizamnamə kapitalının 100% pay sahibidir və MMC-nin təsisçisidir. Sənədlərə əsasən həmin ərazidə ticarət mərkəzinin tikintisi nəzərdə tutulub. Tİkintinin layihələri 2008-ci illərdə təsdiq olunub. 

Tikintinin layihələrinin 2008-ci ildən təsdiq olunmasına baxmayaraq, rayon icra hakimiyyəti tərəfindən uzun müddət tikintiyə icazə verilməyib və tələb olunub ki, bütün aidiyyatı qurumlardan icazə alınsın. Burada sənədlərin arasında metropolitenin rəyi var ki, bu tikili metroya heç bir təhlükə törətməyəcək, metronun kommunikasiya xətləri tikinti ərazisindən keçmir. Həmçinin bu ərazidə olan yaşıllıqla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin də müsbət rəyləri var ki, o ərazi yaşıllıqdan azad olunub və daş-beton olub. Orada beş ədəd şam, iki ədəd nar ağacı və 22 ədəd bəzək kolu olub və onlar aqrotexniki qaydada köçürülüb. 

Rəy verilib Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  24 noyabr 2011-ci ildə , Bakı Şəhər Yaşıllaşdırma İdarəsi 15 fevral 2012-ci ildə”. 

Babək Tatlıyevin sözlərinə görə, Nizami Rayon İcra Hakimiyyəti bu obyektin tikintisinə icazə vermək fikrində olmayıb: "O tikintinin hal-hazırda davam etməsi barədə onu deyə bilərəm ki, "RX-Sərdaroğulları” Holdinq MMC-nin müraciəti əsasında 2 saylı Bakı İqtisadi İnzibati Məhkəməsi bu ilin yayında, 27 iyul 2014-cü ildə qərar çıxardı. Qərarda deyilir: "Tikinti "RX-Sərdaroğulları” Holdinq MMC-yə həmin tikinti işlərinə maneçilik yaradılması Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinə qadağan edilsin”. Artıq bu məhkəmə qətnaməsindən sonra orada tikinti işləri başlanıb. Bu şirkət bütün müvafiq qurumlardan, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən tutmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qədər bütün müvafiq qurumların hamısının müsbət rəyləri var və hamısının nüsxəsi bizə təqdim olunub. Tikinti işlərinin aparılması üçün nəinki qadağa yoxdur, əksinə, tikinti işlərinə mane olmaq qadağan edilib. Hal-hazırda tikintini dayandırmaq üçün dövlət orqanlarının əlində heç bir qanuni əsas yoxdur” 

Tikinti işlərinin metronun təhlükəsizliyinə təsiri məsələsinə münasibət bildirən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev qeyd etdi ki, sözügedən tikintinin metropolitenin ərazisinə heç bir aidiyyatı yoxdur: "Metropolitenin ərazisinə daxil olan yerlərdə heç bir tikinti yoxdur. Siz dediyiniz ərazi isə metropoliten ərazisinə daxil deyil. Bu səbəbdən orada tikinti aparılmasına biz müdaxilə edə bilmərik”. 

Belə çıxır ki, "RX-Sərdaroğulları” Holdinq MMC-nin arxasında dayanan güc o qədər böyükdür ki, Bakının ən gur yerində yaşıllığı məhv edib orada tikinti aparmağa icazə ala bilib. Nəinki icazə alıb, hətta Başı İcra Hakimiyyətinə, eləcə də Nizami RİH-ə tikintiyə mane olmağı qadağan edən məhkəmə qətnaməsi əldə edib. 

"Yeni Müsavat” olaraq bu mövzunu araşdırmağa davam edəcəyik və "RX-Sərdaroğulları” Holdinq MMC-nin gerçək sahibinin kimliyini öyrənib oxuculara çatdıracağıq. 

Sonda xatırıadaq ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə yaşıllıqların məhvi hesabına tikinti işlərinin aparılmasına qarşı olduğunu bəyan edib. Hətta yaşıllıqları məhv edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqda şifahi göstəriş də verib. Bu yaxınlarda isə ölkə prezidenti yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün sənaye tullantılarının olduğu ərazilərin ayrılması haqda göstəriş və tapşırıq verdi. Amma göründüyü kimi, ölkə başçısının bu tapşırığını kimlərsə sabotaj edir. İnanırıq ki, bu yazıdan sonra "RX-Sərdaroğulları” Holdinq MMC-nin sahibi, həmçinin həmin holdinqə yaşıl işıq yandıran ayrı-ayrı məmurlar cəzalandırılacaq.  

Nərgiz Liftiyeva,
Musavat.com
Fotolar müəllifindir.













Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA