Laçınlı müəllimlər Samir Şərifova qarşı - MÜRACİƏT

img

11-11-2014 [13:55]


Laçın məktəblərində işləyən bir qrup gənc müəllim Prezident İlham Əliiyev və digər rəsmilərə müraciət edib.

Müraciətdə deyilir:

Respublikası Prezidenti İlham Əliyev cənablarına
 (Mayil  Rəhimova şəxsən müraciət olunub.)
Surəti; Baş nazir cənab Artur Rasi-zadəyə
(Şəxsən Əli Əhmədovun özünə müraciət olunub) 
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya
Milli Məclisin Sədri cənab Oqtay Əsədova
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira xanım Süleymanovaya
Maliyyə naziri cənab Samir Şərifova 
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova
(Şəxsən Səlim müəllimin özünə müraciət olunub)
Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənova 
Təhsil naziri cənab Mikayıl Cabbarova
Gənclər və İdman naziri cənab Azad Rəhimova
 
Laçın rayonunun müəssisə və təşkilatlarında  çalışan gənc işçilərinin
                                               
                                    M Ü R A C İ Ə T İ
   
Cənab prezident!
Biz laçınlı gənclər Sizin 26 sentyabr 2006-cı il 461 saylı fərmanınızın və Nazirlər Kabinetinin 22 avqust 2002-ci il 137 saylı qərarının, həmin qərara əlavələr edilməsi haqqında  22 aprel 2003-cü il 54 nömrəli və 14 fevral 2007-ci il 31 nömrəli qərarların icra edilməməsindən narazıyıq. Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarlarında verilən qeyddə deyilir:
  
Ərazisi işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarında  çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisə və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır.
      
Maliyyə Nazirliyinin Aparat rəhbəri Namiq Süleymanov Laçın rayon sakini, hazırda E.Süleymanov adına Ərdəşəvi kənd tam orta məktəbində  müəllim kimi çalışan Mirzəyev Zaur Ramiz oğluna yazdığı məktubunda yuxarıda göstərilən  qərarların qeydini olduğu kimi göstərir. Daha sonra isə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalına qədər rayonun müəssisələrində işləmiş (yəni çalışmış) şəxslərə şamil edilir. Bu qərarda çalışan işçi nəzərdə tutulursa, Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi işləmiş (yəni çalışmış) sözünü  hansı mənbəyə istinad edib yazıblar?     
   
Laçın Rayonu Maliyyə Şöbəsi Əmək Müfəttişliyinə göndərdiyi məktubunda hər il büdcə tərtib edilən zaman Əmək Haqqı Fondunda  yüksəkliklə bağlı pulun Laçın rayonunun idarə və müəssisələrində çalışan(yaşlı və gənc nəsil) işçilərə verilməsinin nəzərdə  tutulduğunu göstərmişdir. Onda ortaya sual çıxır. Hansı səbəbdən yüksəklik pulu biz gənclərə şamil olunmur? Əgər şamil olunmursa, Laçın rayonunun VVAQ  Şöbəsinin, Laçın rayonu DSMF-nun, Laçın Rayon Məhkəməsinin, Laçın Rayon Prokurorluğunun, Laçın Rayonu  Rabitə və Poçt İdarəsinin, Laçın Rayonu Seçki Dairəsinin, Laçın Rayonu Baytarlıq İdarəsi, Laçın Rayonu Statistika İdarəsi, "Kapitalbank”ın Laçın Rayon Şöbəsi (artıq üç aydır ki yüksəklik pulunu alırlar) və s .İdarə və müəssisələrində çalışan gənc işçilər hansı qərar və ya qanunla yüksəklik pulunu alırlar? Laçın Rayonu Təhsil  Şöbəsi(müəllimlər), Laçın Rayonu Mədəniyyət Şöbəsi, Laçın Rayonu Səhiyyə Şöbəsi (həkimlər),Laçın Rayonu Polis Şöbəsi və bir sıra başqa müəssisə və təşkilatlarında çalışan gənc  işçiləri hansı səbəbdən yüksəklik pulunu almaq hüququndan məhrum ediliblər?

Cənab prezident, nəzərinizə çatdırırıq ki, 2003-cü ildən indiyə qədər qanunvericilikdə nəzərdə tutulsa da biz gənc işçilərə Maliyyə Nazirliyi tərəfindən əsassız yerə yüksəklik pulu verilmir.
           
Cənab prezident, Siz bir günəş kimi ölkəmizə işıq saçırsınız. Ancaq Maliyyə Nazirliyinin bir qrup işçisi Sizin uğurlu siyasətinizə  kölgə salmağa çalışırlar. Onlar nə qədər çalışsalar da, biz laçınlı gənclərin Sizə olan sevgisini azalda bilməzlər. Biz Sizin bütün addımlarınızı alqışlayır və dəstəkləyirik.

Biz bütün laçınlı gənc işçilər Sizdən artıq dərəcədə xahiş edirik ki, bu haqsızlığın  və ədalətsizliyin  aradan qaldırılmasına göstəriş verəsiniz".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA