Laçınlı məmur şəhid ailəsinin əmlakını zəbt edib?! – Şəhid ailəsi imdad diləyir

img

11-11-2014 [11:15]


Mia.az-ın elektron poçtuna Ağcabədi şəhəri, Əli Talıbov küçəsi ev 77 sakini Şəhid ailəsi Talıbova Xanım Muxtar qızı tərəfindən Prezident Ilham Əliyevə və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə unvanlanmış müraciətin surəti daxil olub.

Mia.az xəbər verir ki, şəhid ailəsi olan Xanım Talıbova Laçınlı məmurdan şikayətlənir: 

"Mən Şəhid ailəsiyəm, həyat yoldaşım Əli Talıbov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yaşadığımız küçə hazırda onun adını daşıyır. Buna görə dövlətimizə minnətdaram ki, Şəhidin adını əbədiləşdiriblər. Ancaq çox təssüflər olsun ki, vəzifəyə təsadüfi gəlmiş,  vəzifə sayəsində topladığı kapitalı hesabına DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev  tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, Şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, yoldaşımın Şəhid olmazdan qabaq bünövrəsini qoyduğu, həmçinin  29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS icraiyyəkomitəsinin  sərancamı ilə  Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, yəni Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "AZƏRİTTİFAQ”-a məxsus olan və eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş, bizim üçün daha çox mənəvi dəyəri olan mağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı (Torpaq sahəsinin plan və ölçüsü) sənəd alıb.

Qeyd etmək istəyirəm ki, mənim çoxsaylı  müraciətlərim əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam subut edib ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmadığı halda, həmin sənəd onun adına səhv olaraq hazırlanaraq verilib və həmin saxta "Torpaq sahəsinin plan və ölçüsü” sənədinin  ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da  qaldırıb.  

Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsa da, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir, çünki cəzasızlığı onu inadından əl çəkməməyə vadar edir. Onun əməli qanunsuzluqdan çox, Şəhid ailəsinə, Şəhid ruhuna hörmətsizlikdir. Dəfələrlə DSMF-yə Ramiz Mehdiyevin qanunsuz əməlləri barədə müraciət etməmə baxmayaraq, onun barəsində heç bir araşdırma aparılmayıb, görünür, hansısa havadarına və ya nəyəsə görə ona "gözün üstə qaşın var”  deyən tapılmır ona görə də Ramiz Mehdiyev öz qanunsuz  əməlindən əl çəkmək istəmir.

Mən bir Şəhid ailəsi kimi Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya mətbuat vasitəsi ilə müraciət edərək, Şəhid ailəsinin üzləşdiyi qanunsuzluğun, özbaşnalığın aradan qaldırılmasına və DSMF-nun Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev və onun pul gücünə tutduğu şəxslər barəsində qanunu tədbir görülməsinə, DSMF-nin Laçın rayon şöbəsində obyektiv və əsaslı yoxlamalar aparılmasını, həmçinin mənə yardım etmələrini acızanə şəkildə  xahiş edirəm”.

Mia.az bildirir ki, şəhid ailəsi hadisəyə aydnlıq gətirən fotolarıı da şikayətə əlavə ediblər. 

Şikayətdə adı çəkilən Ramiz Mehdiyevi də dinləməyə hazır olduğunu bildiririk.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA