"Alpina-A" MMC-nin keçid üstündəki tikintisinə deputatdan kəskin etiraz

img

07-11-2014 [16:15]


"Bu əmələ heç bir halda bəraət qazandırıla bilməz. Həmin ərazidə keçid inşa olunubsa, deməli, bu, zərurətdən əmələ gəlib. Bu, insanların təhlükəsizliyi üçün düşünülüb. Dövlət buna vəsait xərcləyib. Keçidin çıxışı üzərində bina tikən insanların hansı şüur və məntiq sahibi olduğunu anlamaqda çətinlik çəkirəm".

Bu fikirləri millət vəkili Zahid Oruc paytaxtın Yasamal rayonu Füzuli küçəsi 248-ci məhəllədə, Qış bulvarına çıxan yeraltı piyada keçidinin çıxışı üzərində "Qutan" MMC-nin sifarişi ilə "Alpina-A" MMC tərəfindən tikintisi həyata keçirilən 5 mərtəbəli bina ilə bağlı Aktual.az-da yayımlanan "Yeraltı keçidi bağlatdırıb... üstündə bina tikirlər" başlıqlı yazıya münasibət bildirərkən deyib.

O, qeyd edib ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlar məsuliyyətdən kənar qala bilməz:

""Yol terror"larının çoxaldığı bir vaxtda, belə keçidlərin olması müsbət bir haldır. Kimsə özünün başqa maddi hesablamaları fonunda həmin ərazini yaxşı cəlbedici yer kimi görüb, sənədləri əldə edibsə, bu məsələyə cavabdehlik daşıyan qurumlar da məsuliyyətdən kənarda qala bilməzlər. Xüsusi olaraq, Bakı Şəhər İcra hakimiyyətinin müvafiq qurumundan sənədlər əldə olunmadan, bu binanın inşası qeyri-mümkündür. Vətəndaşlar bununla bağlı KİV-lərə üz tutmaqla yanaşı, məhkəmə qurumlarına da müraciət etsələr, yaxşı olar. Düşünürəm, bu cür addım atanların hüquqi məsuliyyəti dərk etməkləri bir tərəfə, mənəvi düşüncələri varmı? Keçidin üzərində bina inşa etmək, körpü üzərində ev tikməyə bənzəyir. Bunları hansı şüur idarə edir, anlamıram? Mənim buna münasibətim çox mənfidir. Hesab edirəm ki,  Aktual.az-ın qabartdığı bu məsələyə mütləq müvafiq qurumlardan reaksiya olmalıdır. Yasamal Rayon İcra Hakmiyyəti, xüsusi olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumunun bu tikinti işlərinə birbaşa aidiyyatı olduğundan, məsələyə münasibət bildirməli və həmin tikinti dayandırılmalıdır".

Z. Oruc problemlə bağlı ortada vətəndaş etirazının zəif olduğunu vurğulayıb: "Hesab edirəm ki, vətəndaş etirazı da burada çox zəifdir. Həmin ərazidə 50 nəfər aksiya keçirsə, cəmiyyətin diqqətini ora cəlb etsə, media da hadisəyə dəstək versə, bunun daha yaxşı nəticəsi olar. Həmin şirkətdən münasibət öyrənsəniz, onlar özlərinə haqq qazandıraraq deyəcəklər ki, camaat keçiddən istifadə etmirdi. Hətta insanları qınayacaqlar ki, illər ərzində onlar keçidi istifadəsiz qoyublar”.

Millət vəkili, tikintilərlə bağlı, ölkə başçısının fikrilərini də diqqətə çatdırıb:

"Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında paytaxtdakı tikintilərlə bağlı məsələyə çox həssaslıqla yanaşaraq problemləri dilə gətirdi. Açıq şəkildə qeyd etdi ki, bu cür inşaat işləri vətəndaşların maraqlarına zərbə vurur, eyni zamanda dövlət sonradan həmin inşaat işini həyata keçirib qazanan və burada alıcı kimi iştirak edən insanlarla üz-üzə qalır. Vətəndaşlarla aralarında problem yaranan zaman şirkətlər özlərini müflis olunmuş göstərirlər. Zərərçəkənlər də sonra dövlət qurumlarından hüquqlarının bərpa olunmasını tələb edirlər. Hansı ki, həmin tikintinin təməli qoyulanda insanlar etiraz etsələr, sonradan böyük problemlər ortaya çıxmaz".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA