Binənin adsız qəsəbəsinin yol, marşrut, məktəb və kommunal problemləri... - VİDEOREPORAJ

img

05-11-2014 [18:14]


Bakının Binə qəsəbəsində yaşayan sakinlərin problemləri saymaqla bitmir. 5 mindən çox ailə qəsəbədə məktəb, xəstəxana, aptek, yol, su, kanalizasiya sistemi, marşrut və başqa kommunal imkanların olmamasından əziyyət çəkir.

Sakinlərin vəziyyəti ilə maraqlanmaq üçün musavat.com-un əməkdaşı Binə qəsəbəsinin hələlik adı qoyulmayan yaşayış massivinə baş çəkib.
 
Rəsmi adı və qeydiyyatı olmayan bu qəsəbə "Atçılıq" adı ilə tanınır. Qəsəbənin girişində Jokey klub - Atçılıq klubu yerləşdiyindən sakinlər öz aralarında bu yerləri "Atçılıq” adlandırırlar.
 
Qəsəbədə 2 mindən artıq məktəblinin olmamasına baxmayaraq, yaxınlıqda məktəb yoxdur. Şagirdlər hər gün başqa qəsəbələrə təhsil ardınca gedir. 

Ancaq qəsəbənin yol və marşrut probleminin olması məktəblilərlə yanaşı, böyüklərin də işini çətinləşdirir. Bir tərəfdən yolun asfalt örtüyünün olmaması səbəbindən azacıq yağışın yağması yolların palçıqla dolub, daşmasına gətirib çıxarır. 

Digər tərəfdən, əraziyə işləyən yeganə marşrut xəttində yalnız köhnə, istifadə müddəti bitmiş avtobuslar buraxıldığından sakinlərin işi daha da çətinləşir. Onların sözlərinə görə, köhnə avtobuslar demək olar ki, hər gün yolda xarab olur, balacalar dərsə, böyüklər işə gecikməli olurlar. 

Binə sakinləri deyir ki, xəttə buraxılan marşrut avtobuslarının sayının az olması və intervalın uzun olması səbəbindən bəzən səhər saatlarında bir avtobusda 60-70 şagird qonşu qəsəbələrə dərsə getməli olur.  

Mövcud çətinliklər uşaqların dərsə davamiyyətinə və nəticələrinə də təsir edir. Şagirdlər deyirlər ki, 7-10 km uzaqdakı məktəbə vaxtında çatmaq üçün səhər saat 6-da yuxudan durmalı olurlar. 

Qəsəbə sakinlərinin sözlərinə görə, ərazidə xəstəxana və aptek belə, yoxdur. Onlar deyirlər ki, uşağa bir iynə vurdurmaq üçün ya Binəyə, ya da Mərdəkana getmək lazım gəlir: "Vəziyyət çox acınacaqlıdır. Bizim qəsəbəyə baxan yoxdur. Elə bil ki, Bakının qəsəbəsi deyil, hansısa ucqar rayonun kəndidir. Adi bir dərman üçün köhnə avtobuslara minib, yarım saat yol getməlisən”.
 
Qəsəbənin yolları da bərbad gündədir. Bizim gəlişimizdən bir gün öncə yağışın yağması qəsəbədəki real vəziyyəti üzə çıxarmışdı. 

Qeyd edək ki, asfalt örtüyünün vaxtaşırı yenilənməməsi istismar müddəti bitmiş marşrut avtobusların hərəkətini daha da çətinləşdirir. Sakinlər deyirlər ki, yayda toz-torpaqdan, qışda palçıqdan əziyyət çəkirlər. Şikayət etməyə bələdiyyələri də yoxdur. 

Binə qəsəbəsinin daha hansı problemlərinin olduğunu aşağıda təqdim etdiyimiz videodan izləyin. 

Nərgiz Liftiyeva,
Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA