Əhmədli məscidində “Aşura günü”... - VİDEO, FOTOLAR

img

04-11-2014 [15:08]


Noyabrın 4-ü müsəlman dünyasında, o cümlədən Azərbyacanda  peyğəmbərin sevimli nəvələrinin İraqın Kərbəla şəhəri yaxınlığında qətlə yetirilməsinin Hicri-qəməri təqvimi ilə növbəti ildönümü, Aşura günü qeyd edilir. 
Aşura günü ilə bağlı şiə məzhəbinin nümayəndələri Kərbəla çölündə şəhid olanların xatirəsini yad edir, yüz illərlə təkrarlanaraq ənənəyə çevrilmiş ayinləri icra edirlər.
Azərbaycan xalqı "Aşura günü”nü necə yaşayır, hansı dini ayinləri, ənənələri icra edir? "Yeni Müsavat”-ın müxbiri Bakının Əhmədli qəsəbəsində, Əhmədli məscidində müşahidələr aparıb. 

Bu gün bütün Əhmədli sakinləri "Əhmədli məscidi”nə üz tutmuşdu. Qoca, yaşlı, cavan, körpə demədən hər kəs yollarda məscidə doğru axın edirdi. Qadınların başında örpək, hər kəsin əynində qara paltar vardı. İnanclı insanların evlərindən qara bayraqlar asılmışdı. Hər tərəfdən "Ya Hüseyn” sədaları eşidilirdi. Məscidə tərəf gedən yolda kimi ehsan paylayır, kimi  yoldan keçənlərə şərbət verir, kimi isə qapısının ağzında stol qoyub, samovar qaynadıb çay, halva, xurma və sair ehsan verirdi. 
Ehsan süfrəsi açanlardan Həmid Kərimov deyir ki, bu ehsan Həzrət Hüseynin yolunda verilir: "O vaxt Fərat çayının yolunu kəsdilər və İmam Hüseynə, onun ailəsinə su vermədilər. Onlar Allah yolunda, İslam yolunda şəhid oldular. Kimlər ki, bu gün onları yad edir, onun yolunu gedir, inşallah, bunun savabını da alacaq. Allah bütün əzadarların ibadətini qəbul eləsin”.

Nə havanın yağmurlu və soyuq olması, 4 noyabr tarixinin iş günü olması insanların məscidə axın etməsinə mane olmur. Yol boyu əksər iaşə obyektləri, marketlər, bərbərxana, gözəllik salonları və digər xidmət yerləri bağlıydı. Müsəlmanların inancına görə, "Aşura günü” günorta azanına qədər, başqa bir sözlə, "qətl sınana qədər” işləmək, qazanc arxasınca getmək bəyənilmir, həmin müddətdə insan yas saxlamalı, Kərbəla şəhidlərini yad etməlidir. 
İnsanların xoş niyyətindən faydalananlar da az deyildi. Yol boyu bəzi gerçək imkansızlar, bəziləri isə qaraçılardan ibarət dilənənlər gözə dəyirdi. Demək olar ki, hər 3-4 metrdən bir yollarda dayanan dilənçilər İmam Hüseynin adını çəkib nəzir istəyirdilər. Xalqın adətinə görə, bu gün onlara uzanan əllər geri qaytarılmır. Hər kəs nəzirini verib yoluna davam edir. 
Əhmədli məclisində isə mənzərə həmişəkindən tam fərqliydi. Məscidin girişindən başlayaraq içərilərinə doğru insanların sıxlığı müşahidə olunur, rahat hərəkət etmək mümkün deyildi. Məsciddə mərsiyə sədaları və onu müşayiət edən sinəzənlər "Ya Hüseyn” deyib sinə vururlar. 
Ziyarətçilərdən Həsən Əliyev deyir ki, sovet hökumətinin 70 illik mübarizəsi qarşısında biz Aşura ənənəsini itirmədiksə, deməli bu gün də yaşatmalıyıq: "İmam Hüseyn (ə) İmam Əlinin xələfi idi, hakimiyyətə o gəlməli idi. Ancaq lənətə gəlmiş Yezid özü hakimiyyətdə qalmaq üçün imamı şəhid elədi. Çoxları deyir ki, İmam Hüseyn hakimiyyət uğrunda döyüşə girmişdi. Bu yanlış fikirdir. Hakimiyyəti qazanmaq istəyən adam 72 nəfərlə yüzminlik ordunun qarşısına çıxarmı? Həzrət Hüseynin məqsədi İslamı qorumaq idi və buna öz qanı ilə nail oldu. Bu gün İslam yaşayırsa, müsəlmanlıq dünyanın hər yerinə yayılıbsa, bu İmam Hüseynin qanının hörmətinədir. Bu səbəbdən müsəlmanlar "Aşura günü”nü mütləq yad etməlidir, yaşatmalıdır”. 

Nəvəsi ilə birgə məscidə ziyarətə gəlmiş Tünzalə Əliyeva "Aşura günü” haqqında bunları danışır: "İmam Hüseyn (ə) bu gün Kərbəla çölündə ailəsi, övladları ilə birlikdə şəhid olublar, haqq uğrunda, din uğrunda. Onlar şəhid olmasaydı, bu gün biz İslamı Yezidin qoyduğu qaydalarla yaşayardıq. O Yezid ki, şərab içib məscidə namaz qılmağa gedirdi, əyyaşlıq edirdi. Allah ona lənət eləsin. İmam Hüseyn altıaylıq körpə övladını İslama qurban verdi. Onlar Allah yolunda özlərini dinə qurban verdilər, bütün müsəlmanların borcudur ki, bu günü yaşatsın”. 
Qeyd edək ki, məsciddə asayişin qorunması üçün onlarla polis əməkdaşı növbə çəkir, insanların məscidə növbə ilə daxil olmasını təmin edirlər. 
Günorta azanın verilməsi ilə "Aşura” məclisi sona çatır. İnsanların bəzisi evlərinə dağılarkən, bəziləri namaz qılmağa hazırlaşır. 
Sonda bütün şəhidlərə Allahdan rəhmət diləyirik. 

Nərgiz Liftiyeva,
Musavat.com
Fotolar müəllifindir
VİDEO Məğrur Salmanov




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA