Deputat SMS fırıldağını qaldırdı, nazirlik hərəkətə keçdi

img

29-10-2014 [20:15]


Milli Məclisin son iclasında çıxış edən deputat Elmira Axundova şirkətlərin elan xarakterli mesajlarının mobil telefonlar vasitəslə insanlara göndərilməsinə və insanların aldadılmasına etiraz edib. 


Deputat şəxsi telefonuna gələn reklam tipli mesaji da oxuyaraq şirkətlərin bu tipli elanlarının 70 yaşlı xanıma göndərilməsini gülünc adlandırıb: ""Baku Medikal Mərkəzi” bu yaxınlarda mənə mesaj göndərib. Onu oxusam siz də gülərsiniz: "Diqqət, bizdə doğuş 800 manat, qeysəri doğuşu isə 1000 manatdır”. Təsəvvür edin ki, bunu 70 yaşlı xanıma da, kişiyə də göndərirlər. Hesab edirəm ki, məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ciddi addım atmalıdır”. 

Xanım deputat təklif edib ki, bu məsələ ilə bağlı işlərə başlanılsın və problem öz həllini tapsın. 

Məsələ ilə bağlı artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ciddi addımlar atmağa başlayıb. AzNews.az-ın məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov deyib ki, nazirlik abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq bu məsələ ilə bağlı "Telekommunikasiya haqqında” Q anununda dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlayıb: "Belə ki, telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli sms-lərin abunəçilərə avtomatik göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil edilməsi təklif olunub. Hazırda bu təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib”. M.Əmirov onu da bildirib ki, Milli Məclisdə qaldırılan şikayətlərlə bağlı nazirlik tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti ilə birgə araşdırmalar aparılıb. 

"Araşdırmalar nəticəsində reklam xarakterli kütləvi sms-lərin bir neçə növü müəyyənləşdirilib. Yeni tarif və ya məhsullar barədə operatorların abunəçilərə göndərdiyi məlumat xarakterli sms-lər, bank və mağazalar tərəfindən reklam xarakterli sms-lər. Mobil operatorlar tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilən məlumatlara əsasən bir çox hallarda istehlakçıların özləri tərəfindən şirkət, bank, mağazalara öz nömrələrinin təhvil verməsi həmin abunəçilərə davamlı olaraq sms-lərin gəlməsinə şərait yaradır. Daxil olan sms-lərə görə abunəçilərin balansından pul tutulması isə yalnız abunəçilərin özləri tərəfindən təklif olunan xidmətin aktivləşdirilməsi nəticəsində mümkün olur. Mobil operatorlar istehlakçıların hüquqlarının müdafiəsinin sahibkarlıq fəaliyyətinin maneələr yarada biləcəyini, reklamların digər yayım vasitələrindən, məsələn televiziya və radioda olduğu kimi istehlakçıların iradəsindən asılı olmadığı vurğulasalar da, mobil abunəçilərin həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə malik olduqlarını qeyd edirlər. Məsələn, reklam daxil olan nömrəyə "stop” yazıb göndərməklə, və ya mobil operatorun müştəri xidmətlərinə müraciət etməklə abunəçi onun nömrəsinə göndərilən reklam xarakterli sms-ləri dayandıra bilər”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA