Dövlət Əmək Müfəttişliyi QHT-lərlə yeni əməkdaşlığa start verdi - FOTO

img

29-10-2014 [17:34]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsi ilə bağlı işəgötürənlərlə iş sahəsində aidiyyəti QHT-lərlə əməkdaşlığa başlayıb. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, bununla əlaqədar oktyabrın 29-da DƏMX-də QHT-lərə Dövlət Dəstəyi Şurasının və aidiyyəti QHT-lərin nümayəndələrinin iştirakı ilə yeni sistem barədə vətəndaş cəmiyyətlərində məlumatlılığının artırılması və qeyd olunan sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə seminar-treninq keçirilib.

Nazirlikdən AzərTAc-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, habelə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyətlərinin iştirakının əsas vəzifələrdən biri kimi müəyyən edildiyini vurğulayıb.

Qeyd edib ki, cari ilin sentyabrında ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq istiqamətində mühüm addımlarından biridir. Sənəddə bir çox sahələrlə yanaşı, əmək hüquqlarının müdafiəsi, əməyin ödənilməsi və mühafizəsi istiqamətində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

F.Əlizadə cari il iyulun 1-dən fəaliyyətə başlayan əmək müqaviləsi bildirişləri üzrə EİS-dən istifadə ilə bağlı işəgötürənlər arasında müvafiq təbliğat və təşviqat işlərinin aparılmasının bu sahədə səmərəli əməkdaşlıq müstəvisi olduğunu diqqətə çatdırıb.

Tədbirdə ayrı-ayrı QHT-lərin nümayəndələri fikirlərini bölüşərək, ƏƏSMN-in vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq səylərini yüksək dəyərləndiriblər . Onlar ölkəmizdə tətbiq olunan əmək müqaviləsi bildirişi üzrə EİS-nin önəmli cəhətlərini qeyd edərək, bu sistemin işçilərin hüquqlarının təminatında ciddi dönüş mərhələsi açdığını, hər bir işəgötürənin bu islahat tədbirində fəal iştirakı üçün müvafiq dəstəyi göstərəcəklərini vurğulayıblar.

Seminar-treninqdə DƏMX-in mütəxəssisləri tərəfindən EİS, onun texniki infrastrukturu, sistemdən istifadə prosedurları və s. barədə məlumatlar verilib, əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA