İlham Əliyev avropalı qonağı qəbul etdi

img

20-10-2014 [17:57]


Prezident İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki,görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlham Əliyev oktyabrın 20-də Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopfu da qəbul edib.

Görüşdə ikitərəfli əməkdaşlığımızın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib. Bu baxımdan hər iki ölkə şirkətlərinin iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün perspektivlərin müəyyən edilməsinin önəmi bildirilib.

Dövlət başçısı Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Parlamentin sədri İlir Meta Azərbaycan ilə əlaqələrin, o cümlədən TAP layihəsinin həyata keçirilməsinin Albaniya üçün çox əhəmiyyətli olduğunu bildirib. O, bu layihənin reallaşması nəticəsində ölkəsinin rolunun artacağını və inkişafı üçün geniş imkanlar yaranacağını vurğulayıb. İlir Meta Azərbaycanın Albaniyaya investisiya qoymasının iqtisadi əlaqələrimizin genişlənməsi işinə öz töhfəsini verdiyini qeyd edib, Albaniyanın Azərbaycan ilə siyasi, iqtisadi əlaqələri daha da genişləndirmək əzmində olduğunu bildirib. O, həmçinin səfəri çərçivəsində Tirana Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini məmnunluqla vurğulayıb. Albaniya parlamentinin sədri Azərbaycanı ölkəsi üçün çox önəmli və etibarlı tərəfdaş kimi dəyərləndirərək ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib.

Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayan dövlət başçısı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın Avropada, Asiyada, həmçinin Balkan regionunda fəal şəkildə investisiyalar qoyduğunu qeyd edərək, ölkəmizin Albaniya iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən enerji, inşaat sektorlarına sərmayə yatırması üçün əlavə imkanların nəzərdən keçirilməsinin mümkün olduğunu qeyd edib. Prezident ölkələrimiz və xalqlarımız arasında yaxın əlaqələri nəzərə alaraq əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu da bildirib. TAP layihəsinin əhəmiyyətindən danışan prezident İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələr üçün faydalı olacağını qeyd edərək, layihənin həm tranzit, həm də istehlakçı ölkələrin iqtisadi inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA