Icra Hakimiyyəti and-aman edir, amma... - Keyrəkinin püskürməsi - (Fotolar)

img

18-10-2014 [21:41]


Oktyabrın 12-də Bakı və Abşeron yarımadasındakı çoxsaylı palçıq vulkanlarından biri - Keyrəki vulkanı 14 ildən sonra yenidən püskürdü.

Bu maraqlı təbiət hadisəsi barədə yayılan xəbərlərdə deyilirdi ki, lava 200 metr yüksəkliyə qalxıb və palçıq layları yüz metrlərlə məsafəyə yayılıb. Bundan əvvəl Keyrəki vulkanı ən şiddətli şəkildə 2001-ci ilin iyununda püskürmüşdü.

Ümumiyyətlə, Bakı və Abşeron yarımadası dünyada palçıq vulkanlarının ən çox yerləşdiyi ərazi kimi tanınır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir.

Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Bu səbəbdən Azərbaycanı həm də palçıq vulkanlarının diyarı adlandıranlar var. 

Keyrəki vulkanı haqda 

Keyrəki palçıq vulkanı Bakıdan 12 kilometr məsafədə, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır.

Mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir. İlk dəfə vulkan 1824-cü ildə püskürüb. O vaxtdan bəri Keyrəki vulkanı cəmi 17 dəfə püskürüb və bu püskürmələrin 5-i ötən əsrdə baş verib.

Bundan əvvəlki püskürmə isə XXI əsrin başlanğıcına təsadüf etdi. 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra güclü püskürmə baş verib. Püskürmə fasilələrlə 2,5 saat davam edib, nəticədə  15 hektar sahən 2 m qalınlıqda palçıq təbəqəsi ilə örtülüb. Qərb yamacının ayağındakı çatdan çıxan qaz yarım ildən artıq müddətdə yanıb.

2002-ci ilin fevralın 28-də gecə, növbəti nisbətən zəif püskürmə olub. Həmin vaxt vulkan lavasının axını qərb və şərq yamaclarında qeydə alınmışdı. 

Vulkanla bərabər püskürən təhlükə 

Lakin mövzumuz təkcə bu maraqlı təbiət hadisəsi və Keyrəki vulkanının tarixçəsi deyil. Keyrəki vulkanının püskürməsi Bakı və Abşeron yarımadasında uzun illərdir palçıq vulkanlarının yerləşdiyi ərazilərdə gedən intensiv tikintiyə və əhali məskunlaşmasına növbəti dəfə diqqət yönəltdi. Çünki Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi hələ 2009-cu ildə Keyrəki vulkanı ərazisində yaşayış evlərinin tikildiyini və bu ərazilərdə əhali məskunlaşmasının təhlükəli olduğunu bildirib. Nazirlik həmin il təhlükəli ərazilərdə tikilmiş evlərin söküləcəyini açıqlamışdı.

Azərbaycanda palçıq vulkanları ərazisində torpaqların kütləvi şəkildə satılması və tikintinin geniş vüsət alması ilə bağlı narahatlıqların artmasından sonra prezident İlham Əliyevin 2007-ci il 15 avqust tarixli sərəncamı əsasında "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılıb, 52 palçıq vulkanına, o cümlədən Keyrəki vulkanına dövlət təbiət qoruğu statusu verilib.

Bəs palçıq vulkanlarının əraziləri torpaqları necə gəldi satmaqdan başqa işi-gücü olmayan bələdiyyə və icra hakimiyyəti məmurlarından necə qorunur? Keyrəki vulkanında sonuncu güclü püskürmə bu vulkanın yaxınlığında məskunlaşan əhalini, o cümlədən torpaq bazarı açıb ciblərini dolduran məmurları qorxutmayıb ki?

Artıq sönmüş də olsa  "Keyrəki” vulkanına yaxından tamaşa etmək, habelə bu kimi suallara cavab tapa bilmək üçün üz tutduq Binəqədiyə, Keyrəki dağına tərəf... 

Vulkan üstündə yaşayanlar... 

Keyrəki vulkanının yerləşdiyi əraziyə çatanda ilk maraqlı detalın şahidi oluruq. Məlum olur ki, 2001-ci ildə baş vermiş püskürmənin düz ortasında, palçıq qatının örtdüyü ərazidə indi yaşayış evləri tikilib və insanlar yaşayır.

Sakinlərlə söhbətləşirik. Görünür, cəmiyyətdəki kütləvi xofun, yaxud yerli məmurların təsirindən heç kim adının məqalədə yer almasına, fotosunun  çəkilməsinə razı olmur. Ancaq hamı təsdiq edir ki, ev tikmək üçün torpaqları bələdiyyədən, yaxud onların dəllallarından alıblar. Və tikintini də bələdiyyədən aldıqları icazə əsasında aparıblar.

O vaxt ev tikənlərin əksəriyyəti bu dağın vulkan dağı olduğundan və istənilən an təhlükə mənbəyinə çevrilə biləcəyindən xəbərsiz olublar.

Öyrəndik ki, ərazidə 2001-ci ildə baş verən püskürmədən əvvəl məskunlaşanlar da var. Ancaq onlar da aldıqları torpağın vulkan ərazisi olmasından xəbərsiz imişlər. Belələri həmin il baş verən dəhşətli partlayışdan sonra vəziyyətin nə yerdə olduğundan xəbər tutublar.

Amma artıq iş işdən keçmiş olub. Heç kim əziyyətlə tikdirdiyi evindən-eşiyindən çıxmayıb. 

Bələdiyyə vulkanla necə "anlaşdı”... 

Zəlzələləri və vulkanları əvvəlcədən dəqiqliklə proqnozlaşdırmağın hələ elmə nəsib olmadığı məlumdur. Lakin belə görünür ki, Binəqədi bələdiyyəsində dünya elmini çoxdan "qabaqlayıblar”.

Çünki bələdiyyə məmurları torpaqları satanda müştəriləri əmin edirmişlər ki, Keyrəki vulkanı bir daha püskürməyəcək, çünki "sönüb”, yaxud "ölüb”.

Sakinlərin dediklərinə görə, 2001-ci ildən sonra isə burada ev tikməyə başlayanlar bələdiyyədən icazə aldıqları zaman arxayın ediliblər ki, vulkan daha püskürməyəcək. Deyiblər ki, vulkan artıq "ölüb”. Və bələdiyyə "ölü” adı verdiyi vulkanın 250 metr məsafəyə qədər uzanan palçıq qatının üstündə belə ev tikməyə icazə verib.

Bu palçıq qatının üstündə ev tikdirənlər deyir ki, burada məskunlaşanda vulkandan xəbərsiz olublar. Xəbər tutanda isə artıq gec olub. İndi isə ümidləri qalıb Allaha. Onlar vulkanın 2001-ci ildəki ikimi qəzəbli püskürməyəcəyinə inanaraq təhlükə içərisində öz evlərində yaşayırlar...

Ancaq sonuncu püskürmə sakinləri deyəsən bir az ayıldıb. Onlar deyirlər ki, təhlükədən narahat olublar və normal şərtlərlə yaşadıqları evlərdən köçməyə hazırdılar. Lakin yerli sakinlərə hələ ki, bu məsələ ilə bağlı hər hansı bir təklif və ya xəbərdarlıq edilməyib.

Məlum olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2009-cu ildə etdiyi xəbərdarlıqdan sonra da bu ərazilərdə vətəndaşlara ev tikmək üçün torpaq satışı davam edib.

Həmin il burada torpaq sahəsi alan və ev tikdirən sakinlərdən biri ilə  söhbətləşirik. O da torpaq alanda Keyrəkinin vulkan dağı olmasından xəbərsiz olduğunu deyir. Ötən həftə isə o, böyük partlayış və gurultu ilə püskürən vulkanı canlı izləmək şansı qazanıb. 

Ekologiya Nazirliyi də narahatdır 

Vulkan ərazilərində tikintilər və əhali məskunlaşmasından irəli gələn təhlükə ilə bağlı narahatlığın olduğunu virtualaz.org saytına açıqlamasında Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunın direktoru Ceyhun Paşayev də təsdiqləyir.  

Qeyd edək ki, Keyrəki vulkan dağı daxil olmaqla bu ərazidə 31,35 hektar torpaq sahəsi Nazirlər Kabinetinin 29 sentyabr, 2011-ci il tarixli sərəncamı ilə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuun tam istifadəsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliynə verilib.

Qoruğun direktoru C.Paşayev sərəncam imzalandıqdan sonra nazirlik əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü deyir. Onun sözlərinə görə,  həmin 31,35 hektar ərazidə hazırda bir dənə də olsun yaşayış evi yoxdur.

C.Paşayev qeyd etdi ki, bundan sonra da həmin ərazidə hər hansı bir tikintinin aparılması mümkünsüzdür.

Qoruq direktoru sərəncam imzalandıqdan sonra göstərilən ərazidə olan evlərin söküldüyünü dedi: "Sərəncam imzalandığı gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 31,35 hektar ərazidə bütün təhlükəsizlik tədbirləri görüb.

Qoruğun ərazisinə düşən bir neçə ev polisin, Fövqəladə Hallar Nazirliyinin, icra hakimiyyətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarının iştirakı ilə sökülüb. Qoruğun ətrafında mühafizə üçün traktorla sərhəd qazılıb. Əraziyə 20-dən artıq xəbərdarlıq lövhələri yapışdırılıb. Yerli sakinlərə üzərində vulkanlarla bağlı məlumatlar olan təqvimlər paylanıb.Sakinlərə paylanan xəbərdarlıq məktublarında bildirilib ki, vulkanın təsir dairəsində yaşamaq onların həyatı üçün təhlükəlidir”.

C.Paşayev mövcud təhlükə ilə bağlı müvafiq qurumlara da müraciət etdiklərini söylədi.

Nazirlik nümayəndəsi bir daha qeyd etdi ki, hazırda Keyrəki vulkanı ətrafında olan evlər təhlükəlidir. Həmin evlər vulkan dağınını təsir dairəsində olduğundan orada yaşayan insanların həyatı risk altındadır.

C.Paşayev qeyd etdi ki, vulkanın aktivliyi nəzərə alınaraq ən azı 1 kilometr məsafədə yaşayış evlərinin salınmasına icazə verilə bilər.

Bəs bələdiyyə və icra hakimiyyəti məmurları nə edir?

Problemlə bağlı əvvəlcə Binəqədi Rayon Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışdıq. Məlum oldu ki, işdə səlahiyyətli şəxslərdən heç kim yoxdur, telefon zəngimizə cavab verən mühafizəçi oldu. O da məlumat verdi ki, bələdiyyə işçiləri şənbə günü istirahət edirlər, işə gəlmirlər.

Binəqədi Rayon İcra Hakimiyyətindən (RİH) isə  dedilər ki, hazırda qeyd edilən ərazidə heç bir tikinti işləri aparılmır. Keyrəki vulkanının təsiri dairəsində olan evlər 3-4 il əvvəl tikilib.

RİH-dən bizi inandırmağa çalışdılar ki, indiki icra hakimiyyəti başçısı Xaləddin İsgəndərovun rəhbərliyi dövründə həmin ərazidə daş-daş üstünə qoyulmayıb.

İcra hakimiyyətindən o da bildirildi ki, X.İsgəndərov icra başçısı təyin olunandan sonra səyyar görüşlərdə həmin ərazilərdə tikilən evlərin təhlükəli olduğunu diqqətə çatdırıb.

"Bu evlərin köçürülməsi qısa zamanda həyata keçirilə bilməz. Lakin bu istiqamətdə müvafiq qurumlarla görüşlər keçirilir, planlı işlər görülür. Xüsusi tədbirlər həyata keçirilir” - deyə icra hakimiyyətinin problemlə bağlı ümumi mövqeyini çatdıran, ancaq adının açıqlanmamasını istəyən rəsmi bildirdi.

Həmin rəsmi şəxsə xatırlatdıq ki, Keyrəki ətrafında elə indi də tikintilərin aparıldığını öz gözlərimizlə görmüşük. Cavabında məsələni bir daha araşdıracaqlarını dedilər.

Bir neçə saat sonra təkrar müraciətimizə cavab olaraq dedilər ki, həmin ərazidə ev yox, hasar tikilirmiş. Və həmin tikintinin qarşısı alınıb. İcra hakimiyyətindən bir daha əminliklə bildirdilər ki, Keyrəki vulkanının ətraf ərazilərində yaşayış evlərinin tikilməsi mümkünsüzdür...

Qısası, RİH "mümkün deyil” deyir. Bizim gördüyümüz və çəkdiyimiz mənzərə isə ayrı şeyi...

İlkin Muradov

Fotolar müəllifindir

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA