Milli Məclisdə qalmaqal; deputatla vitse-spiker "atışdı"

img

17-10-2014 [14:38]


Milli Məclisin bügünkü iclasında vitse spiker Ziyafət Əsgərov ilə Sabir Rüstəmxanlı arasında polemika baş verib.Sabir Rüstəmxanlı həmkarı Z.Əsgərovun onun çıxışını populist adlandırmasına öz etirazını bildirib: "Bu, mənim fikrimdir. Çıxışıma hər hansı damğa vurulmasını düzgün hesab etmirəm və populist deyil. 

Biz deyirik ki, bu işi firmalar həyata keçirsin. Azərbaycanda son illər ev tikintisi ilə bağlı nə qədər insanlar aldadılıb. Bunları da firmalar edib? Guya sığorta, təqaüd işi tam həll olub? İndi də xaricə göndərdiklərimizin işini o firmalar elə yaxşı həll edəcəklər ki, həmin adamlar əziyyət çəkməyəcəklər. Mən vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına qarşı çıxıram. Bunu kim populist hesab edirsə, bizim vətəndaşlara hörmətsizlik edir. Gəlin, müzakirə edək. Burada beş dəqiqə danışmaqla mümkün deyil. Təəssüf ki, bir-birimizi boş yerə ittiham etməklə məşğul oluruq. Xahiş edirəm ki, millət vəkillərinin təkliflərinə, qeydlərinə diqqətlə yanaşılsın. Təkliflərin heç biri komitələrdə ciddi müzakirələr çıxarılmır”.

Vitse spiker Ziyafət Əsgərov da millət vəkilinin etirazına cavab verib.

"Axı siz konkret təklif vermirsiniz ki, biz bunu qanunvericilikdə nəzərə alaq. Siz Azərbaycan dövlətini ittiham edirsiniz ki, vətəndaşların başına oyun açırlar. Sizcə, mən fikir bildirməməliyəm? Mən iqtidar nümayəndəsiyəm. Siz iqtidarı ittiham edəcəksiz, mən də oturub baxmalıyam? Təklifin də qaydası var. Biz neynəyiriksə, vətəndaşın mənafeyi üçün edirik. İndi bir fiziki vətəndaş yığıb başına beş-altı nəfəri aparır xaricə, ordan da çıxıb gedir, dələduzluqla məşğuldur. Bu vətəndaşın taleyi nə olacaq? Gələcək Azərbaycana, müqaviləsi, sığortası yox. Bir qayda olaraq da üz tutacaq Azərbaycan parlamentinə və deputalara.

Bu məsələlərin qarşısını almaq üçün biz bunları edirik də. Dövlət bunu ona görə firmalarla etmək istəyir ki, firma hüquqi şəxsdir. Dövlət tərəfindən tanınır. Bunun bankda hesabı var. Bunların hamısının mənası var. Siz bunu başqa cür qəbul etməyin. Sadəcə danışığınızın tonu elədir ki, mən gərək cavab verim. Olmaz axı belə”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA