Qadın-kişi balansının pozulması cəmiyyətə necə təsir edir?

img

16-10-2014 [15:01]


Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi Azərbaycanda demoqrafik vəziyyətə dair ən son rəqəmləri açıqlayıb. Belə ki hazırda Azərbaycanda hər 1000 kişiyə 1011 nəfər qadın düşür. Həmçinin açıqlamaya əsasən, ölkəmizdə rəsmi orqanlar tərəfindən ölkə üzrə 53,4 min nikah və 8 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici müvafiq olaraq 8,5 və 1,3 təşkil edib. Mövzu ilə əlaqədar "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Birlik.az saytına münasibət bildirib:


"Cəmiyyətdə qadın-kişi balansının pozulması ciddi demoqrafik dəyişikliklərə təsir edən amildir. Bu, təkcə demoqrafik dəyişikliklərə deyil, eyni zamanda genefonda təsir edə biləcək bir nəticədir. Belə ki qadınların sayının çoxluğu Azərbaycan kimi ənənələrin qorunub saxlanıldığı bir cəmiyyətdə həm də adət və ənənələrin dəyişməsinə gətirib çıxaran prosesdir. Qeyd etdiyim 3 amil üçü də ciddi amillərdir. Mən digər amilləri hələ ki qabartmıram. Daha çox qlobal dəyişiklik yarada biləcək təsirləri qeyd etdim.

İlk öncə demoqrafik dəyişikliyə toxunmaq istəyirəm. Evdə qalan qadınların sayının çoxalması əhalinin artımına ciddi zərər verəcək. Bu çoxalma digər bir amilə – qadınların cəmiyyətdə rolunun azalmasına və onlarda daxili natamamlığın pozulmasına gətirib çıxardacaq. Əgər biz Avropa ölkəsi olsaydıq, bizim ailə qurmadan daha çox karyera barədə düşünməmiz baş verərdi. Amma Azərbaycan qadınları üçün öndə duran prioritet məsələ ailədir, karyera yox. Bu isə ümimilikdə qadının daxili ziddiyyətləri, narazılığı və o cümlədən həyata küskünlüyü ilə nəticələnir. Azərbaycan qadını seçmir, seçilir. Bu baxımdan o öz həyat yoldaşını illərlə gözləməli olur. Nəticədə, evdə qalan qızlar problemi kəskinləşir. Dediyim kimi də evdə qalan qız problemi əhalinin artımının azalması kimi problemlər ortaya çıxarır.

İkinci məsələ genefond məsələsidir. Əcnəbilərlə ailə qurmaqla kişi xətti ilə dünyaya gələn uşaqların milli kökünün itməsi məsələsi ortaya çıxır. Milli kökün itməsi isə ciddi məsələdir. Ola bilər, indi bu məsələ elə də qabarıq görünmür. Əgər indi qadınların əcnəbilərlə ailə qurması sosial sifarişdirsə, gələcəkdə ənənəyə çevrilə bilər ki, bu da birbaşa genefonda təsir edəcək amil olacaq. Və qeyd edim ki, qloballaşma siyasətinin ciddi və gizli xətlərindən biri də millətlərin yox olması və dəyərlərin pozulmasına yönəlmiş bir xətdir. Bu məsələ ilə bir neçə millətlər üçün çox önəmli məsələlər həll edilir. Yəni əgər qadın güclü olarsa, dünyaya gələn uşaqlar öz milli mənsubiyyətini unutmaz. Lakin Azərbaycan qadını kifayət qədər güclü və ölkəsinin marağını öz şəxsi maraqlarından üstün tutacaq qədər şüurludurmu?! Etiraf edək ki, o qədər də yox. Odur ki, bu prosesin mahiyyətində milli mənlik üçün mövcud olan təhlükələr var.

Üçüncüsü məsələ isə, dediklərimin məntiqi nəticəsi olaraq adət-ənənələrin dəyişməsinə təsir edəcək. Burda, eləcə də dini mənsubiyyət də öz-özünə həll olunur. Xristianla ailə quran azərbaycanlı qadın çox az halda öz islami dəyərlərinə yox, daha çox xristian dəyərlərinə tapınaraq o yolu seçəcək. Ənənələr isə hər bir millətin özünün varlığı və mövcudluğunu təsdiq edən xüsusi bir fenomendir.


O ki qaldı boşanmalara bu, çox ciddi disbalans yaradır. Boşanmalar küçə uşaqları kimi bir problem yaradır. Boşanmalar əxlaqsızlıq üçün zəmin yaradır. Boşanmalar qadınların kriminal qruplaşmaların rahat hərəkət edə biləcəyi mühit yaradır. Qadınların iqtisadi cəhətdən zəifləməsi və o cümlədən əməyinin istismarına gətirib çıxardır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA