"Kaş ermənilərə əsir düşəydim" deyən şikayətçi: "Az qala bütün kişilər öz gücünü..." - İmişlidə qalmaqal

img

13-10-2014 [12:10]


İmişlidə xoşagəlməz hadisə yaşanır. Belə ki, müvəqqəti yaşadığı kənddəki bərbad təhsil və tədrisə narazılıq edərək, şikayət yazan Ağdərə rayonundan məcburi köçkünə qarşı bürokratlar fəaliyyətə keçiblər. 

Bu barədə «Reytinq»ə məcburi köçkün olan şikayətçi Ceyhunə Qasımova məlumat verib. Qəzet vasitəsi ilə prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova müraciət edən C.Qasımova bildirir ki, yaşadığı Çaxırlı kənd məktəbində baş verən neqativ hallar və direktor Atamoğlan Məmmədovun fəaliyyətindən çoxsaylı şikayətləri rayon Təhsil Şöbəsi və Təhsil Nazirliyinin bəzi məmurları tərəfindən birtərəfli araşdırılıb: «Təhsil şöbəsi və nazirlik bütün gücü ilə məktub direktorunu qoruyaraq, onun əməllərinə haqq qazandırmağa çalışdı. Bundan ruhlanan məktəb direktoru şikayətlərimlə guya onun şərəf və ləyaqətini təhqir etməyimi iddia edərək, məni məhkəməyə verdi. Direktor məndən, xərçəng xəstəsi olan və buna görə əməliyyat keçirən məcburi köçkündən nə az, nə çox düz beş min manat pul tələb etməyə başlayıb. Halbuki, mən azyaşlı övladlarımın şərəf və ləyaqətini qorumaq üçün bu addımı atmışdım. Amma nəticə olmadığından övladlarımı bu məktəbdən çıxarıb, köçkün məktəbinə göndərmək məcburiyyətində qaldım. İndisə məni elə vəziyyətə çatdırıblar ki, üzünü görmədiyim doğma torpağım olan Ağdərə rayonunda kaş ermənilərə əsir düşməyimi arzulayıram. Bəli, İmişlidə az qala bütün kişilər öz gücünü onkoloji xəstə kimi mənim başımda sınamaq istəyirlər». 

Ceyhunə Qasımova bu iddianı tərtib edən vəkilin, onu icraya götürmüş məhkəmənin, məcburi ərizə yazdırılaraq üzünə durdulan müəllimlərin halına acıdığını xüsusi vurğulayaraq, həm belə adamlarla, həm də ağır xəstəliyi ilə mübarizə aparıb, Ağdərəyə qayıdacağım günü səbirsizliklə gözlədiyini də sözlərinə əlavə edib: «Bəli, mən direktorun ailə üzvlərinin üzərimə hücum etmələrinə, qardaşının məni və həyat yoldaşımı təhqir və təhdid etməsinə, bu hadisələrə rayonun hüquq-mühafizə orqanlarının göz yummalarından da bezmirəm. Sadəcə şikayətlərimi araşdıran kişi məmurlara «yazıqlar olsun» deyirəm. Hansı ki, bu məmurların bəzilərinin məndə yazıq-yazıq danışıqlarının əks olunduğu səs yazıları var. Bunu ona görə etmişəm ki, başıma bir hadisə gələrsə, balalarım bunları dinləyib, günahsız olduğumu bilsinlər. Bu, mənə bir ana olaraq yetər. Görün nə vəziyyət yaranıb ki, mən qızımı Ağdam məktəbinə, oğlumu Kəlbəcər məktəbinə qoymuşam, 1-ci sinifə gedəcək körpəmi oxutmağa isə İmişlidə məktəb tapmıram. Məni belə dözülməz vəziyyətə salanlar, övladlarımdan ayıranlar Tanrı dərgahında da olsa, cavab verəcəklər. Bir ana, bacı, bir sözlə, qadını pul və himayəçilərin gücü ilə susdurmağa və yenidən didərgin salmağa cəhd edənlərə qarşı gec-tez haqqın və qanunun gücünün görünəcəyinə də şübhə etmirəm». 

Sonda C.Qasımova prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və rayonun icra başçısı Vilyam Hacıyevə üz tutub, kömək istəyib: «Xahiş edirəm, məni məhkəməyə verib, öz qanunsuzluqlarını bununla ört-basdır etmək istəyənlərin fəaliyyətinin araşdırılmasına göstəriş verin. Mən sizə güvənirəm və əminəm ki, həm şikayətlərimi, həm də məhkəmə prosesini nəzarətə götürsəniz, Sizlərə hər şey gün kimi aydın olacaq…». 

Yazıda adları hallananların mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA