“Mən dəfələrlə demişəm ki,..." - İlham Əliyev

img

09-10-2014 [16:25]


"Cənub” qaz dəhlizi növbəti onilliklər ərzində, ən azı yüz il ərzində Azərbaycana böyük xeyir gətirəcək bir layihədir. Bəlkə də bu gün o faydanın tam həcmi hələ bizim üçün o qədər də aydın deyil. Çünki biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlayanda da buna bir layihə kimi baxırdıq. Amma görün bu layihə nə qədər böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bizim beynəlxalq əməkdaşlığımız genişləndi, maliyyə imkanlarımız artdı.
Mia.az AzerTac-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində səsləndirib.
Prezident bildirib ki, Azərbaycan xarici ölkələrə investisiya qoymağa başlayıb. Daxildə iqtisadi və enerji təhlükəsizliyi tam şəkildə təmin edilib. "Cənub” qaz dəhlizinin inşası nəticəsində hələ bəlkə də təsəvvür edə bilmədiyimiz məsələlər də ortaya çıxacaq ki, onların hamısı Azərbaycana xeyir gətirəcək. Çünki bizim qaz resurslarımız kifayət qədər böyükdür. Bu layihə bizə imkan verəcək ki, öz resurslarımızı dünya bazarlarına maksimum dərəcədə çıxaraq.
"Mən dəfələrlə demişəm ki, bizim təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Eyni zamanda, demişəm, Azərbaycan bu gün bölgədə elə böyük rol oynayır ki, bizim maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülə bilməz. Bu layihə bizim önəmimizi daha da artıracaq və Azərbaycan güclənəcək, öz təsir imkanlarını genişləndirəcəkdir” – deyə dövlətimizin başçısı qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA