Yasamalda ağaclar kəsilir, telefon xətlərinin üzərində tikinti aparılır - Nazirlik və İcra Hakimiyyəti susur

img

08-10-2014 [18:20]


Yasamal rayonu, Mirəli Seyidov küçəsi 51, 53, 57 saylı binalarda yaşayan sakinlər dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət etsələr də, şikayətə baxan yoxdur. 

Bu sözlər sözügedən binanın sakinləri tərəfindən Mia.az-a göndərilən məktubda yer alıb. 

"Məhəlləmizdə ağacları kəsirlər. Artıq əkdiyimiz 43 ağacı kökündən çıxarıblar. Yerində isə qanunsuz tikintilər aparılır. Bununla kifayətlənməyən işbazlar ATS xətlərinin, telekommunikasiya lyuklarının üzərində qarajlar da tikirlər”. 

Sakinlər yazır ki, bir müddət əvvəl qonşulardan imza yığıb həyətdə mərasim evi tikilib: "Ancaq sonradan İcra Hakimiyyəti orqanı onu xüsusi mülk kimi başqasına satdı. Bəli, etiraf edirik ki, işbazlar bunların çoxunu iki qonşumuzun əli ilə edirlər. Hazırda kəsilən, kökündən çıxarılan ağacların yerində obyektlər tikilib və tikilməkdədir. Maraqlı burasıdır ki, rəsmi qurumlar bu qanunsuzluqlarını "ağacköçürmə” ilə izah edib, həm camaatı sakitləşdirməyə, həm də səs-küy qalxmamasına çalışır. Bununla məkrli niyyətlərini həyata keçirirlər». 

Şikayətdə dəqiqləşdirilməsinə xüsusi ehtiyac olan məqamlardan da söz açılmaqla bərabər, aidiyyatı qurumlardan bu qanunsuzluqlara niyə göz yummalarının səbəbi sorulur: «Şikayət ediləndə, məmurlar bir-iki qonşunu qabağa verərək, şikayətçiləri abır-həyadan salmağa çalışırlar. Əlimizdə bu qanunsuzluqlar və onları əks etdirən «daşdan keçən» sənədlər var. Amma bizi sayan və dinləyən yoxdur. 

Saytınız vasitəsiylə hörmətli prezidentiiz İlham Əliyevə müraciət edir və bizə köməklik edilməsini xahiş edirik. Çünki həyatımız, həyətimiz, məhəlləmiz və yaşıllığımız əldən gedir və burada Yasamal İcra Hakimiyyətinin rolu əvəzsizdir…». 

Şikayətlə bağlı adıçəkilən qurumları da dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA