Sevinc Babayevanın adının hallandığı məhkəmədə olay - Türmə rəisi ilə müstəntiq məhbusa niyə təzyiq ediblər?

img

01-10-2014 [11:19]


Hazırda 1 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən məhbus Ramiz Şadmanovun sözügedən həbsxananın rəisi Fikrət Qafarovla (indi Qobustan Qapalı həbsxanasında rəisdir – redaksiya) Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərovun təzyiqlərindən bəhs edən və ötən sayımızda dərc olunan şikayəti ilə bağlı yenilik var.

 Mia.az "Reytinq” qəzetinə istinadən xəbər verir ki, həmin şikayət məktubunda Ramiz Şadmanov müstəntiq C.İsgəndərovun həbsxanaya gələrək, ona 500 dollar rüşvət və türmədə yaxşı şərait yaratmaq vədi ilə Ələmdar adlı şəxsin əleyhinə ifadə verməyə məcbur etdiyini bildirirdi. Amma «mən haqsızlığın nə olduğunu əla bilirəm» deyərək, bu vədlə razılaşmadığından müstəntiqin həmyerlisi Fikrət Qafarovun vasitəsiylə həbsxanada təzyiqlərlə üzləşdiyini bəyan edən Ramiz Şadmanov aidiyyatı orqanlardan kömək istəmişdi. 

Məhbusun yaxınları tərəfindən «Reytinq»ə daxil olan məlumata görə, Ramiz Şadmanovun şikayəti ilə bağlı müəyyən gəlişmələr olub: «Həmin şikayətdən sonra Ramizin saxlanma şəraitində yaxşılaşma olub. Doğrudur, Fikrət Qafarovun yeri dəyişib. Lakin o, şikayətdən sonra əvvəlki iş yeri olan 1 saylı CÇM-ə zəng edib. İndi narahatıq ki, yenə də təzyiqlər ola bilər».

 Məlumata görə, Ramiz Şadmanov müstəntiqin şirnikləndirici vəd və təzyiqlərlə ondan ifadə almaq istədiyi cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə də verib: «Ramiz Şadmanov Ələmdar adlı şəxsin işi üzrə ifadəsində müstəntiqin təzyiqlərinə rəğmən, bildiklərini və şahidi olduqlarının hamısını danışıb. O, Ələmdar adlı şəxsi tanımadığını, cinayət işində bəhs edilən hadisədə keçmiş deputat Gülər Əhmədovun cinayət işində adı çəkilən mərhum Sevinc Babayeva, AMEA-nın əməkdaşı Lyüdmila xanım və özünün iştirakı ilə baş verdiyini yenə təsdiqləyib. Ramiz deyib ki əvvəllər də yaxından tanıdığı Sevinc Babayeva, Əkbər Tanrıverdiyev, Elçin Verdiyev və Fatma yanına gəliblər və Moskvada yaşayan tanınmış milyonçu olan Söyün Sadıqovun yaxını Usaməddinin şəxsin Elmir adlı oğlunun Azərbaycanda ali məktəbə qəbul edilməsi haqda söhbət ediblər. Ramiz də onun və Sevinc Babayevanın bu işlərlə məşğul olan Lyüdmila adlı tanışları olduğunu deyib və bundan sonra Əkbər, Elvirin dayısı Elçin Verdiyev və Sevinc Babayeva ona 200 dollar, əlavə olaraq isə Elvirin ali məktəbə qəbulu üçün Lyüdmilaya çatacaq 1500 dollar pulu veriblər. O da kuryer xidməti göstərək, həmin pulu Lyüdmilaya çatdırıb. Yəni o, bu məsələdə müstəntiqin «cinayəti yükləmək» istədiyi və buna görə müstəntiq tərəfindən ciddi təzyiqlərlə üzləşməsinə rəğmən, Ələmdar adlı şəxsi nə görüb, nə də tanıyıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə Ramiz Şadmanov müstəntiqin və türmə rəisinin bu cinayət işinə görə ona təzyiq etdiklərindən bəhs edib və hakimdən kömək istəyib. Və deyə bilərik ki, bundan sonra ona təzyiqlər tam dayanıb». 

Yeri gəlmişkən, «Reytinq» qəzetinə həmin cinayət işi ilə bağlı bir sıra təfərrüatlar, hətta «Ələmdar» adlı şəxsin kimliyi, onun harada və hansı vəzifədə işləməsi, üstəlik, müstəntiqin ona qarşı qərəzinin haradan qaynaqlanması və sair detallar bəllidir. Lakin məhkəmə prosesinə təzyiq kimi dəyərləndirilə biləcəyinə görə hələlik mövzuya toxunmuruq. 

Tərəflərin mövqeyini də dərc etməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA