Əli Əsədov Milli Məclisdə hesabat verdi

img

13-03-2026 [11:19]


“2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mühüm mərhələ kimi yadda qaldı”.

Mia.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci il dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa olunan ərazilərin reinteqrasiyası və milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər: “İl ərzində ölkəmiz qlobal və regional platformalarda təşəbbüskar mövqeyini daha da möhkəmləndirib, sülh və əməkdaşlıq gündəliyinin təşviqi istiqamətində fəal səy göstərib.

Bu baxımdan 2025-ci il 8 avqust tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşü, bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib.

Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulması olub.

Bu multimodal marşrut Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edəcək.

2025-ci ildə əldə edilmiş mühüm diplomatik uğurlar sırasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu quruma tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin regionda etibarlı tərəfdaş və sabitlik amili kimi rolunun beynəlxalq səviyyədə tanındığını göstərir.

Hesabat ilində Azərbaycan ümumi əhalisi bir milyarddan artıq, ümumi iqtisadi potensialı isə dörd trilyon ABŞ dollarından çox olan D-8 təşkilatına üzv qəbul olunub.

Eyni zamanda, ötən il ölkəmizdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlər sırasında təbii ki, Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü və Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü xüsusilə qeyd etmək olar. Ölkəmiz cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA