RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi

img

05-03-2026 [12:42]


İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində günorta radələrində dron hücumları həyata keçirilib.

Mia.az xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb: "Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik"

Həmçinin, vurğulanıb ki, Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Məlumatda qeyd olunub ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA