Şəhid ailələri məhkəmə qətnamələrinin icra olunmamasından narazıdır

img

23-09-2014 [15:03]


Bir qrup şəhid ailəsi qanunla onlara ödənilməli olan icbari sığorta ödənişi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icra olunmamasından şikayətçidir. 

Bu barədə daxil olan müraciətdə bildirilir ki, məhkəmə icraçıları həmin qətnamələrin icra olunmamasınının səbəbini Milli Məclisin həmin qərarı qəbul etməməsində görürlər. Belə ki, 5 iyul 2013-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında sığorta məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi barədə Milli Məclisə tövsiyə verilir. İstər məhkəmə icraçıları, istərsə də məlum qətnaməni icra etməyə cavabdeh olan Dövlət Sığorta kommersiya şirkəti qeyd edir ki, Milli Məclis həmin qərarı qəbul etməsə, hər hansı bir qətnamənin icrasından söhbət gedə bilməz.

Şikayətçilər qeyd edir ki, məlum məsələ Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında müzakirə olunmalı idi.

"Təəssüflər olsun ki, Komitənin sentyabrın 19-da keçirilən ilk iclasında müzakirə olunan və Milli Məclisin plenar iclasına tövsiyə olunan məsələlər içində 28 yanvar 2014-cü il tarixli Konstitusiya məhkəməsinin qərarı yoxdur”.

"Qafqazinfo” məsələ ilə əlaqədar İqtisadi siyasət komitəsinin üzvü millət vəkili Vahid Əhmədovla əlaqə saxlayıb.

Millət vəkili bildirib ki, Azərbaycanda "İcbari sığorta” haqqında qanun icra olunmur: " İnsanlar bu məsələnin həll edilməsini tələb edirlər. Biz də Milli Məclisdə bununla bağlı bir neç dəfə bəyanatlar səsləndirmişik”.

İcbari sığortanın dünyada ən çox qəbul olunan sığorta formalarından biri olduğunu vurğulayan V. Əhmədov qeyd edib ki, insanların sağlamlığını qorumaq, aztəminatlı ailələrə müəyyən qədər sığorta təminatını təmin etmək üçün icbari sığortanın həyata keçirilməsi çox vacibdir: "Burada əsas çətinlik maliyyə mənbəyinin olması ilə bağlıdır. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır. Eyni zamanda şirkətlər də vəsait ayırmalıdır ki, icbari sığorta tam olaraq dövlət büdcəsindən ödənilməsin. Biz ötən il onu pilot layihə şəklində regionlarda həyata keçirməyi təklif etdik. Sonra isə proses respublika üzrə həyata keçirilməli idi.

Məndə olan məlumata görə, baş nazirin müavini Əli Əhmədov da bu məsələ ilə məşğuldur. Yəqin ki, qanunun icra mexanizmi tapılacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA