Fidan Zeynlə Könül Həmzəyevanın arasında nə baş verir? - Qalmaqal + VİDEO (Yenilənib)

img

11-02-2026 [21:01]


İnfluenser Fidan Zeyn “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən dələduzluğa məruz qaldığını iddia edib.

Mia.az OLAY-a istinadən yazır ki, bu barədə bloger sosial media hesabında Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb:

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən mən və Azerina etibarımızdan sui istifadə edilərək aldadılmışıq, nəticədə çox böyük maddi və mənəvi zərər görmüşük. 2 aydır ki, Xətai Polis İdarəsi tərəfindən araşdırılma aparılmasına baxmayaraq ciddi tədbir görülməyib, mənə vurulmuş ziyan hələ də ödənilməyib. İş üzrə obyektiv araşdırmanın aparılmasını xahiş edirik. Haqq-ədalət artıq öz yerini tapsın”.

Bloqer açıqlamasında bildirib ki, K.Həmzəyeva ilə ortaq biznes qurub: “Könül Həmzəyeva ilə ortaq biznes qurmuşduq. Bu işə inanaraq həyətyanı sahəmi və avtomobilimi satdım, əldə etdiyim vəsaiti biznesə yatırdım. Amma sonda onun tərəfindən aldadıldım. 150 min manat vəsaitim mənimsənilib”.

Sorğumuza cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, Xətai RPİ-də istintaq araşdırmaları aparılır: “Araşdırmalarla əmələ hüquqi qiymət veriləcəkdir”.

***

Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan görüntülərdə pasiyentlərinin xüsusi geyimdə seanslara qatılması, bədənlərinin titrəməsi və ağlayaraq yerə yıxılması ilə gündəmə gələn "Azerina" ləqəbli, özünü həyat təlimçisi və psixoloq kimi təqdim edən Əfsanə Qasımlı yenidən müzakirə mövzusuna çevrilib.

Sözügedən görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurmuşdu. Bu dəfə isə Əfsanə Qasımlı "Beauty Time" gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatdığını iddia etməsi ilə diqqət çəkib.

Hadisənin fonunda həm Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərdə, həm də sosial şəbəkələrdə paylaşılan şərhlərdə vətəndaşlar "Azerina" ləqəbli Əfsanə Qasımlının onları aldatdığını bildirirlər. Bəzi şəxslər külli miqdarda maddi zərərə məruz qaldıqlarını iddia edirlər.

Şikayətçilərdən biri bildirib ki, iki-üç il əvvəl sosial şəbəkələrdə "Azerina" adlı xanım özünü aktiv şəkildə reklam etməyə başlayıb:

"Deyirdi ki, pulqabıları satıram və onları əldə etsəniz, içi pulla dolu olacaq. Qiymət 250 manat idi. Niyə bu qədər bahalı olduğunu soruşanda isə cavab verirdi ki, bu, mənim çəkdiyim əziyyətə görədir. Bildirirdi ki, guya biz işləmədən, heç bir əmək sərf etmədən pul qazanacağıq. Lakin həmin pulqabı boş qaldı. "Azerina" mesajlarımıza cavab vermədi".

Əfsanə Qasımlı isə sözügedən iddiaları qəbul etmədiyini bildirib: "Pulqabını alırsan, içi dolur" deməmişik. Elə olsaydı, hamı milyarder olardı. Hazırda Könül Həmzəyeva tərəfindən qurulan bir oyunun içindəyəm. Əgər pasiyentin şikayəti varsa, niyə gəlib birbaşa mənə demir?!"

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qeyd olunub ki, sözügedən faktlarla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA