"İldə ən azından 2000-2500 manat civarında pul ödəyirlərsə..." - Ali Hərbi Məktəbdə nələr yaşanır?

img

17-09-2014 [09:38]


Hərbi-ekspert Üzeyir Cəfərov yenə aktual problemdən söz açıb.


Mia.az onun Facebook-dakı statusunu olduğu kimi təqdim edir: 


"Dəyərli dostlar, hörmətli həmkarlar!

Dünən bütün ölkə üzrə yeni tədris ili başlandı.Sözsüz ki, mülki məktəblərlə yanaşı, Azərbaycanın bütün güc strukturlarında da kursantlar, gələcəyimizin peşəkar zabitləri, generalları olacaq şəxslər də təhsil prosesinə start verdilər. Hər birinə, Vətənimizin gələcək müdafiəçisi kimi işlərində yeni-yeni uğurlar arzulayır, tədris ilində dərslərindən yüksək bilik və vərdişlər əldə etməsini arzulayıram.

Bu gün haqqında bəhs edəcəyim məsələ isə bir qədər fərqlidir və düşünürəm ki, Azərbaycan dövləti üçün son dərəcə vacib işlərdən biridir. Deyəcəklərimin daha çox hörmətli təhsil nazirimiz Mikayıl Cabbarova və güc strukturlarının rəhbərlərinə aidiyyatı var. Məhz onların yaranmış vəziyyətlə əlaqədar birgə fəaliyyəti ölkəmizin davamlı inkişafı baxımından öz müsbət nəticələrini verəcəyinə böyük əminlik yaradır.

Hər yerdə olduğu kimi, bizim Ali Hərbi Məktəblərdən də müxtəlif səbəblərdən -intizamsızlığa, səhhətinə və ya başqa əsaslı hallara görə xaric olunanlar var. Təkcə ötən il ərzində 70 nəfərə yaxın müdavim-kursant hərbi məktəblərdən xaric olunublar. Onlardan bəziləri, hansılar ki, intizamsızlığa görə deyil, səhhətinə görə, öz arzusu ilə zabit olmaq şərəfinə nail ola bilməyiblər, sonradan ölkənin bəzi profil üzrə yaxın olan ali təhsil ocaqlarında təhsillərini davam etdirmək imkanı əldə ediblər. Amma, bu heç də hamısına müəssər olmur. Xüsusən də, intizamsızlığa görə hərbi məktəblərdən xaric olunanlar, sonradan əsgəri xidmətə gedirlər. Bu yaxınlarda eşitdiyim rəsmi rəqəmlərə görə, bir müddət bundan əvvəl hətta dövlətin 6- 7 il oxudub, bütün yükünü çəkdiyi onlarla gənc məhz intizamsızlıq səbəbindən məktəbdən xaric ediliblər. 3 il Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, eləcə də oxuduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Hərbi Təyyarəçilik Məktəbinin 3-cü kursundan, hətta ötən il bir nəfər Zamiq Mustafayev adlı 4-cü kursun kursantı məktəbdən xaric edib Qazax bölgəsinə əsgəri xidmətə göndəriblər. Mən qətiyyən ordumuz üçün intizamsız zabitlərin, yaxud müddətdən artıq xidmət keçənlərin olmasının tərəfdarı deyiləm. Və yuxarı komandanlığın da qərarlarını anlayışla qəbul edirəm. Lakin, Azərbaycan dövlətinin 6 il yetişdirdiyi bir mütəxəssisə sərf edilən vəsaiti hesablasaq, vallah çox böyük rəqəm alınır. Olmazmı ki, bizim hörmətli məktəb rəisləri və ya kurs rəhbərləri intizamsızlığa meyilli kursantları və ya müdavimləri vaxtında aşkarlayıb, onlara mülki ali və orta ixtisas məktəblərində təhsillərini davam etdirməyi məsləhət görsünlər? Sirr deyil ki, kursantlar təhsil aldıqları müddətdə dövlətə 1 qara qəpik də ödəmirlər. Əksinə, dövlət ən yüksək səviyyədə onları 3 dəfə yaxşıca yedizdirir, geyindirir və rahat məişət şəraiti olan yerlərdə yatızdırır. Hələ mən digər məsələləri bura qeyd etmirəm. Əgər mülki ali məktəblərdə tələbələr ödənişli təhsilə görə ildə ən azından 2000-2500 manat civarında pul ödəyirlərsə, asudə vaxtlarını səmərəli keçirtməkdən ötəri idman, əyləncə və sairə işlərədə, hətta nəqliyyat xərclərinə görə əlavə pulları, kirayə haqqını da əlavə etsək, bu rəqəm də kifayət qədər ciddi bir maliyyə vəsaitinin olmasından xəbər verir.

Göründüyü kimi, əgər dövlətin 1 nəfər kursanta il ərzində sərf etdiyi maliyyə xərcləri kifayət qədər böyük rəqəmlərlə ölçülürsə, nədən biz həmin pulun müqabilində xərclərin geri alınması, və ya kompensasiya edilməsi məsələsini gündəmə gətirmirik? Ona görə də, hesab edirəm ki, bu məsələ çox əhəmiyyətli məsələdir və dövlətin müvafiq strukturları buna diqqət etməlidirlər. Nədən adi ali məktəbdə 4 il oxuyan adam öz ixtisası üzrə ali təhsilli diplom alırsa, dövlətin 6-7 il oxudub, bütün nazını çəkdiyi kursant, yaxud mudavim aldığı təhsilini öz xalqı üçün sərf etməsin? 


Son günlər Təhsil Nazirliyinə bu suallarla müraciət edənlərin sayı da artıb. Hesab edirəm ki, Azərbaycan dövlətinin uğurları naminə, biz bu şansdan da geniş istifadə etməliyik. Bütün yazdıqlarım dövlətçilik nöqteyi-nəzərdən səsləndirilən təkliflərdir. Bizim gələcəyimizin əsasını təşkil edən kadr potensialımızı lazımı şəkildə həm dəyərləndirməli, həm də ondan düzgün istifadə etməyi bacarmalıyıq.

Onu da qeyd edim ki, Müdafiə Nazirliyinin tabeçiliyində olan Ali Hərbi Məktəblərdə sabahın zabit kadrlarını bir qəribə qiymətləndirmə metodu da hələ də qalmaqdadır. Səhv etmirəmsə, bu daha çox keçmiş təsadüfi məktəb rəisi, hazırda rüşvət almaq üstə həbsdə olan polkovnik Mirzəli Yusifovun vaxtında tətbiq edilən zərərli yanaşma idi. Kursantlara lazım olan təlim-tərbiyyə işini təkmilləşdirmək əvəzinə, hansısa kursantın əlinin bir neçə dəfə ciblərində saxlaması, hərbi geyim qaydalarının pozulması və sairə gülünc bəhanələrlə 160 cərimə balına görə intizamsızlığa görə adi ilə məktəbdən xaric edilməsi dövlətin illərlə sərf etdiyi milyonlarla vəsaiti güdaza vermək deyilmi? Və bundan biz nə qazanırıq? 

Mən burada ən xırda belə "naruşeniyalara" görə gələcək zabit olmaq şansının üstündən xətt çəkilən kursantların sonradan hansı mənəvi zərbələrlə əsgəri xidmətdə üzləşməklərini, bunun fəsadlarını dilə gətirmək istəmirəm.

İnsan özünü məktəb yaşlarından hərbi xidmətə, gələcəyin zabiti, generalı olmağa hazırlamalıdır. Çox təəssüflər olsun ki, bizdə hələ də bəzi naəlac qalan valideynlərin öz övladlarını məcburən "zabit kimi" görmək istəmələri, sonda belə xoşagəlməz mənzərə yaranmasına gətirib çıxarır. Artıq son 3-4 il ərzində mülki məktəblərə daxil ola bilməyən yüzlərlə gənc, sonradan özlərini müxtəlif ixtisaslar üzrə Ali Hərbi Məktəblərə "bağlıyır"lar. Və bunun da hansı fəsadlar verməsini biz artıq dəfələrlə görmüşük. Ən azından 150 nəfər məcburən özünü gələcəyin zabiti görmək istəyənlərin tam yarısı sonradan təhsillərini yarımçıq qoyur və dövlətin milyonlarla vəsaiti boşuna xərclənir...


Mənə elə gəlir ki, biz bu haqda tez bir zamanda ciddi addımlar atmasaq, kəmiyyət keyfiyyəti də vurub aşacaq. Zərər isə Azərbaycanımıza, onun Silahlı Qüvvələrinə,bütövlükdə millətimizə dəyir...".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA