"Ramil Usubov elə sərt və kobud adam deyil ki,.."

img

12-09-2014 [18:55]


"Üzləşdiyim problemin həll olunacağına inanıram. Daxili işlər naziri Ramil Usubov elə sərt və kobud adam deyil ki, heç bir günahı olmayan qələm əhlini həbsxanaya saldırsın”. 

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev sentyabrın 12-də "Media forum” saytına açıqlamasında belə deyib.

Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə verib. Nazir iddiasını Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında qaldırıb. İddiaya Eldəniz Quliyevin yol polisi barədə yazdıqları səbəb olub.

Sentyabrın 8-də Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin yazdıqlarının məhkəmə linqvistik ekspertizasına təqdim olunmasına qərar verib. Bir gün sonra məhkəmə Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyub.

"Media forum”a açıqlamasında Eldəniz Quliyev bildirib ki, o, daxili işlər naziri ilə aralarında yaranmış problemin həllini tapacağına ümid edir: "Burada böyük bir cinayət əməli yoxdur, ortaya qan düşməyib, adam ölməyib. Hesab edirəm ki, məsələ həll olunacaq. Həm qanun, həm də mənəvi haqq mənim tərəfimdədir. Mən hər hansı cinayətə yol verməmişəm, kimisə təhqir etməmişəm, gözümlə gördüyüm, şahidi olduğum problemə toxunmuşam, haqqı demişəm.

Məni nəyə görə məhkəməyə verdiklərinin səbəbi aydın deyil, bu iddianın predmeti ortada yoxdur. Daxili işlər naziri Ramil Usubov öz şərəf və ləyaqətinin təhqir olunduğunu düşünür və buna görə məhkəməyə müraciət edib. Guya mən yalan, böhtan, təhqir dolu açıqlama vermişəm, polisi təhqir etmişəm.

Əgər polisi təhqir etmişəmsə, məni məhkəməyə polis verməlidir. Qanun bunu tələb edir. Çünki şərəf və ləyaqətin alçaldılması, təhqir edilməsi fərdi şamil olunur. Hər hansı nazirliyin, idarənin, qurumun şərəf və ləyaqəti olmur. Şərəf və ləyaqət insana aiddir, fərdi şəkildə olur. Ona görə də məhkəmə mənim xeyrimə qərar verməlidir. Düzdür, Azərbaycanda qanunlar işləmir, məhkəmələr sifarişlə hökm çıxarır, günahsız insanlar həbsxanaya göndərilir. Əgər mənim işimə də elə yanaşalar, məhkəmə həbsimlə də bitə bilər”.

Eldəniz Quliyev qeyd edib ki, kimdənsə üzr istəmək niyyətində deyil, çünki bunun üçün əsas görmür:"Nəyə görə üzr istəməliyəm? Mən üzr istəməyi alçalmaq deyil, böyüklük saymışam. Kimsə səhv edib sonra üzr istəyirsə, bu, onun mədəniyyətindən, insaniyyətindən xəbər verir. Bu, qorxmaq, geri çəkilmək kimi qiymətləndirlməməldiir. Əgər nəyə görə üzr istəməli olduğumu bilsəm, bunu edərəm. Amma ortada üzr istəməli olduğum bir hərəkətim, səhvim, qəbahətim yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA