Nazir Qarabağ veteranını niyə qəbul etmir? - Təşkilat sədrindən kəskin ittiham

img

11-09-2014 [13:04]


Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılov növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət edərək onu qəbul etməsini istəyib. 

Qeyd edək ki, sentyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Gəncədə vətəndaşları qəbul edəcək.

PİA.AZ-a açıqlama verən Bəxtiyar İsmayılov bildirib ki, nazirlikdə bəzi şəxslər onun nazirlə görüşünə maneçilik yaradırlar:

«Mən bundan əvvəl dəfələrlə nazirə müraciət etmişəm ki, məni qəbul etsin. Nazirliyin İcra Aparatının rəhbəri Əjdər Ol məni qəbul etməyə söz verdi.Ancaq mən qəbula getsəm də, qəbula düşə bilmədim. Dəfələrlə nazir Səlim Müslümova məktub yazmışam ki, məni qəbul etsin. Lakin məktublarıma cavab belə almıram. Ona görə də hesab edirəm ki, məktublarım nazirə çatmır. Sentyabrın 15-də nazir Gəncədə Gəncə, Göygöl  və Daşkəsən rayonundan olan vətəndaşları qəbul edəcək. Mən qəbula düşmək üçün rəsmi müraciət etmişəm. Amma hesab edirəm ki, kimlərsə mənim nazirin qəbuluna düşməyimə əngəl ola bilər. Ona görə də mətbuat vasitəsi ilə cənab nazirə müraciət edirəm ki, məni qəbul etsin».

Qeyd edək ki, Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılov 25 saylı Gəncə TSEK-in sədri Fəridə Abdullayevaya qohumlarının adından 8 min manat rüşvət verdiyini iddia edir. Həmin iddia mətbuatda da geniş işıqlandırılıb. Hazırda isə PİA.AZ Bəxtiyar İsmayılovun müraciətini dərc  etdiyinə görə Fəridə Abdullayeva  tərəfindən xüsusi ittihamla məhkəməyə verilib. Məhkəmə sentyabırın 17-nə təyin olunub və işə Neftçala rayon məhkəməsində baxılacaq.

Bəxtiyar İsmayılov bildirir ki, Fəridə İsmayılova müxtəlif təzyiqlər əsasında pul verən şəxslərdən birinin - Nazim İsmayılovun pulunu qaytarıb və Nazim İsmayılov da bunu təsdiqləyə bilər:

«Fəridə Abdullayeva Nazim İsmayılovun pulunu qaytarsa da, digər şəxslərin pulunu qaytarmaqdan imtiana edir. Ona görə də mən cənab nazir Səlim Müslümovla görüşüb bütün həqiqəti onun nəzərinə çatdırmaq istəyirəm. Qoy cənab nazir bizi, məni və digər pul verənləri  Fəridə Abdullayeva ilə üzləşdirsin. O zaman əsil həqiqət ortaya çıxacaq. Mən heç bir şeydən çəkinmirəm. Mənə düşən bir cəza varsa, onu da çəkməyə hazıram. Amma Fəridə Abdullayevanın bu işlərinə son verilməli, bizim pullarımız bu şəxsdən alınıb bizə verilməlidir. Nazirdən tək istəyim budur. Ondan sonra nazir Fəridə Abdullayeva haqqında özü bildiyi ölçünü götürsün».

 Xatırladaq ki, Fəridə Abdullayeva PİA.AZ-a qarşı elə Qarabağ veteranının qaldırdığı bu problemlərlə bağlı xüsusi ittiham qaydasında iddia qaldırıb. Halbuki, Fəridə Abdullayevaya qarşı rüşvət iddiasını irəli sürən PİA.AZ deyil, konkret olaraq Qarabağ müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin Daşkəsən rayon şöbəsinin sədri Bəxtiyar İsmayılovdur. Amma nədənsə Fəridə Abdullayeva bütün qəzəbini PİA.AZ-a yönləndirir və ortada konkret iddiaçı olduğu halda israrla baş redaktorunun həbsini tələb edir... 

Pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA