Sabiq MTN əməkdaşından 3 ton heroinlə bağlı ilginc iddia

img

09-09-2014 [09:50]


Gürcüstan Daxili İşlər Nazirliyinin antiheroin əməliyyatından 2 aya yaxın vaxt ötür. Bu günə qədər 2 ton 790 kiloqram əfqan mənşəli maye heroinin Azərbaycan sərhədlərini necə aşması haqda rəsmi məlumat yoxdur. Bilinən odur ki, maye heroinin yükləndiyi maşın ölkəmizin ərazisinə İrandan keçib və Qazaxa qədər yol qət edərək Gürcüstan sərhədini aşıb.


Bu günə qədər bu əməliyyat haqda ən müxtəlif məlumatlar yayılsa da, rəsmi qurumlar sanki sükuta qərq olublar.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Ərəstun Oruclu heroin əməliyyatı ilə bağlı facebook divarında status yazıb. Həmin statusu təqdim edirik: "Artıq konturlar aydınlaşmağa başlayır. Gürcüstanın hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyimiz məlumata əsasən, 2790 kq heroinin sərhəddən keçəcəyi barədə ətraflı məlumat onlara Bakıdan ötürülüb”.

"Yeni Müsavat”a məsələ ilə bağlı açıqlama verən Ə.Oruclu deyib ki, əməliyyatın Azərbaycan ərazisində keçirilməməsinin səbəbləri başqadır: "Paylaşdığım məlumat mötəbər mənbədən aldığım məlumatdır. Xeyli əvvəl almışdım, bəzi dəqiqləşdirmələrdən, araşdırmadan sonra yaymışam. Ola bilər ki, Azərbaycan tərəfi problemlə üzləşməmək üçün aldığı məlumatı Gürcüstan tərəfinə ötürüb. Eyni zamanda, istisna etmirəm ki, bu daxili mübarizənin təzahürüdür. Mümkündür ki, kimsə bu işə himayədarlıq edib, digər tərəf də onu zərbə altına qoyub”.

Ə.Oruclu "Azərbaycan tərəfi problemlə üzləşməmək üçün aldığı məlumatı Gürcüstan tərəfinə ötürüb” fikrini bir qədər də aydınlaşdırıb: "Böyük narkotik partiyasından söhbət gedirsə, təbii ki, onun arxasında çox böyük narkokartel dayanır. Yəni bu iş kiçik narkoalverçinin işi deyil. Böyük narkokartellə təkcə bu cür çirkli bizneslə məşğul olmurlar, bu qəbildən olan bütün çirkli işlərə sponsorluq edirlər. Bir sıra hallarda dövlətlər bu cür transmilli cinayətkar dəstələrlə, mütəşəkkil qruplarla üz-üzə gəlməmək üçün belə əməliyyatları başqalarının əli ilə keçirilməsinə nail olurlar. Praktikada belə hallar olub”.
Gürcüstan DİN bu əməliyyatı 2 ay əvvəl keçirib və günə qədər bu dövlət əməliyyatdan sonra hansısa problemlə, terror aktı ilə üzləşməsi haqda məlumat yoxdur. Belə bir halda Azərbaycanın antiherion əməliyyatı keçirməkdən çəkinməsi nə dərəcə düzgündür?
Ə.Oruclu deyir ki, Saakaşvili hakimiyyəti dövründə Gürcüstanın daxili təhlükəsizlik məsələlərinin qurulmasında ABŞ və digər Qərb ölkələri xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub: "Bu açıq haradasa yazılmır və ya deyilmir. Amma bu faktdır. Düşünmürəm ki, Gürcüstanın daxili təhlükəsizliyi Azərbaycanın daxili təhlükəsizliyindən daha zəif qorunur”.
Qeyd edək ki, Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycanla sərhəddə tutulan 2 ton 790 kiloqram heroinlə bağlı demişdi ki, narkotik əfqan mənşəli olmaqla Əfqanıstandan İrana, oradan Azərbaycana, daha sonra Gürcüstana keçirilib.
A.Çikaidze deyib ki, narkomafiya heroini Gürcüstandan Türkiyəyə, oradan isə Avropaya daşımağı planlaşdırıb. Lakin aylar öncə planladıqları əməliyyatla bunun qarşısı alınıb. Narkotik maddəni daşıyanlar Gürcüstan DİN əməkdaşları tərəfindən saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirinin açıqlamasından məlum olur ki, "qara bazar”da dəyəri təxminən 170 milyon dollar olan əfqan mənşəli heroinin ələ keçirilməsi üçün qurulan əməliyyat planında Azərbaycan da iştirak edib və narkotik maddə sərhəddən məhz bu əməliyyat planı çərçivəsində, yəni məqsədli və planlı şəkildə buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA