"Bəzi intizamsız sürücülər, məsuliyyətsiz vətəndaşlar..." - Tərcüməçi-yazar DYP-dən kömək istəyir

img

08-09-2014 [14:29]


Tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli Dövlət Yol Polisi İdarəsinin rəhbərliiyinə müraciət edib.

Mia.az həmin müraciəti təqdim edir:

"Hörmətli Dövlət Yol Polisi.

Ötən ilin payızında Hövsan qəsəbəsi Zeytun yaşayış sahəsinin mərkəzi küçəsinə çəkilən asfalt örtüyü sakinlərin sevincinə səbəb oldu. Hamı başda cənab prezidentimiz olmaqla dövlətimizə alqış elədi. İnsanlar bundan sonra ayaqlarının palçığa batmayacağına, nəfəslərinə toz-torpaq dolmayacağına, maşınlarının tez sıradan çıxmayacağına sevindi. 

Ancaq təəssüflər olsun ki, bəzi intizamsız sürücülər, məsuliyyətsiz vətəndaşlar (bəzi yazsam da, onların sayı xeyli çoxdur) yaşayış məntəqəsinin ortasında yerləşən bu küçədə (Hövsan kəndindəki Məktəb küçəsinin davamı) maşınları yüksək sürətlə idarə edir, sakinlərin, xüsusilə də, azyaşlı uşaqlarımızın həyatına ciddi təhlükə yaradırlar. Sakinlərin küçənin bəzi yerlərinə atdıqları süni trampilinlər (yoğun kəndirlər) buna kömək etmir. Artıq burada bir neçə yol-nəqliyyat hadisəsi baş verib, amma şükürlər olsun ki, insan itkisi olmayıb. Amma bundan sonra olmayacağına heç bir təminat yoxdur. Əgər belə davam etsə, ölümlə nəticələnən yol hadisəsi qaçılmaz olacaq. 

Biz, burada yaşayan sakinlər düşünürük ki, əgər yol varsa, mütləq o yoldan istifadə qaydaları da olmalıdır. Son zamanlar ölkəmizdəki nəqliyyat yollarında böyük işlər görülməsi, DYP əməkdaşlarının səyləri nəticəsində nizam-intizamın xeyli axşılaşması təqdirəlayiqdir. Odur ki, bizim küçədə yol hərəkətinin tənzimləməsiylə bağlı tədbir görülməsini, yol işarəsi və radar qoyulmasını xahiş edirik.

Hörmətlə: Zeytun yaşayış sahəsinin bir qrup sakini adından Quliyev Nadir Ədilağa oğlu".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA