"Həmkarlar İttifaqını söymək yox, onlara dəstək vermək lazımdır" - Sahib Məmmədov

img

30-08-2014 [21:25]


Azərbaycanda əmək hüquqları ilə bağlı vəziyyət acınacaqlıdır. İşçini normadan artıq işlətmək, əmək müqavilələrinin bağlanmaması, məzuniyyət hüququnun tanınmaması, qeyri-qanuni ixtisarlar, bədbəxt hadisə zamanı əksər hallarda işverənin məsuliyyətinin olmaması kimi problemlər kifayət qədərdir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov "Reytinq"ə müsahibəsində bu sahədə ciddi problemlərin olduğunu deyib: 

- Son vaxtlar əmək hüquqlarının təmin olunması ilə bağlı xeyli iş görülcə də, real mənzərə ondan ibarətdir ki, Azərbaycanda işləyən yalnız hər üç nəfərdən birinin əmək müqaviləsi var. O əmək müqaviləsinin hansı vəziyyətdə olması isə başqa məsələdir. Ona görə də bu sahədə vəziyyət ürəkaçan deyil. Yəni, qeyri-formal əmək bazarı insanların əmək hüquqlarının təminatına mane olur. İşçilər istehsalatda bədbəxt hadisələrlə üzləşsələr də, kompensasiya ala bilmirlər. Əmək müqavilələri olmadığına görə, həm də əmək haqlarını almaqda çətinlik çəkirlər. Qanunsuz işdən çıxarıldıqda isə, təzminat tələb edə bilmirlər. Neçə vaxtdır ki, havalar kəskin istiləşib, ancaq açıq havada - tikintidə işlər davam etdirilir. Halbuki 41 dərəcədən çox temperatur olan yerdə iş dayanmalıdır. Bu mənada, problemlər qalmaqdadır və görüləsi işlər çoxdur. 

- Hazırda yay fəslidir və son günlər həddindən artıq istilər müşahidə edilir. Məsələ ondadır ki, ölkədə açıq havada fəaliyyət göstərən müəssisələrdə iş dayandırılmadı. Ümumiyyətlə, bu kimi məsələlər necə, hansı qurum tərəfindən tənzilənməlidir? 

- Bu sahəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki Dövlət Əmək Müfəttişliyi nəzarət edir. Təbii ki, hazırki situasiyada onların da təqsiri var. Amma insaf naminə demək lazımdır ki, bu qurum öz profili üzrə müəyyən səviyyədə fəaliyyət göstərir. Bu gün Dövlət Əmək Müfəttişliyinin 263 nəfər əməkdaşı var, amma respublikada yüz minərlə müəssisə və təşkilat fəaliyyət göstərir. Belə olan təqdirdə, nəzarət eləmək çətindir. Ona görə də əmək hüquqlarının qorunması ilə bağlı özbaşınalıq hökm sürür. İşgötürənlər isə qanunlara əməl eləmir, insanların hüquqlarını pozurlar. 

- Bu cür halların qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulanları yetərli saymaq olarmı? 

- Qanunda hər şey var. Dövlət Əmək Müfəttişliyinin qanunları pozan iş yerlərini müvəqqəti bağlamağa qədər səlahiyyətləri var. Bu cür qanun pozuntularına görə böyük cərimələr də nəzərdə tutulur. Məsələn, əmək müqaviləsini bağlamamağa görə cərimə 3000-5000 manat arasındadır. Vəzifəli şəxs 5 min manata qədər cərimələnir və s. Yəni, sərt cəzalar, iri həcmli cərimələr nəzərdə tutulub. Qanunverciliklə Əmək Müfəttişliyinə lazım olan bütün səlahiyyətlər verilib. Məsələn, isti, yaxud soyuq, küləkli havada iş rejiminin tənzimlənməsi ilə bağlı qanunvericilikdə müvafiq müddəlar var. Əgər iqlimi süni surətdə tən-zimləmək mümkün deyilsə, onda 41 dərəcəni keçəndə iş saxlanılmalıdır. Əgər bu, mümkün deyilsə, qanunvericilikdə təsbit olunmuş əlavə tədbirlər görülməlidir. 

- Ancaq son illər hansısa bir müəssisənin istidə, yaxud soyuqda adam işlətdiyinə görə cərimələndiyinin şahidi olmamışıq. Ekologiya Ќazirliyi və DYP mütəmadi olaraq bu cür tədbirlər keçirib, ictimaiyyətə məlu-mat versələr də, Əmək Müfəttişliyinin hər hansı tədbiri nəzərə çarpmır. Bu nə ilə bağlıdır? 

- Bunun da səbəbləri var. Əmək müfəttişləri ölkədə fəaliyyət göstərən iş yerlərinin çoxuna gedə bilmirlər. Sadəcə olaraq, onları ora buraxmırlar. Çünki ölkədə fəaliyyət göstərən müəssisələr elə şəxslər tərəfindən himayə olunur ki, onlara heç yaxın düşmək olmur, nəinki, hər hansı cəza da tətbiq etsinlər. Ona görə də qanun pozuntuları baş alıb gedir. 
Bir də Əmək Müfəttişliyinin səlahiyyətlərini məhdudlaşdırıblar. İndi əmək müfəttişləri yoxlamaya getməzdən öncə Ədliyyə Nazirliyində yoxlamalar üzrə reyestrdən keçməlidirlər ki, bu da onların işini çətinləşdirib. 

- Belə məlumatlar da verilir ki, guya əmək müəfəttişləri işverənlərlə qeyri-qanuni işbirliyinə girərək müəyyən "sövdələşmə"lər əldə edirlər və bunun müqabilində qanunsuzluqlara göz yumurlar. Bu barədə nə deyə bilərsiniz? 

- Əvvəllər belə hallar çox olsa da, son dövrlər buna rast gəlinmir. Yəni, əvvəlki illərə nisbətən, indi əmək müfəttişlərinin "sövdələşmə" halları azalıb. İndi, sadəcə olaraq, nəzarət etmək çətindir. Həm müfəttişlərin sayı azdır, həm də bəzi idarə və müəssisələr bir az ərköyünlük edirlər. 

- Kimsə ərköyünlük edəcək deyə, hansısa vətəndaşın hüququ pozulmalıdır? Bu boşluğu aradan qaldırmaq niyə çətindir? 

- Boşluq yoxdur ey, qanunda hər şey var. Sadəcə olaraq, orqan öz səlahiyyətini həyata keçirmək imkanında deyil. 

- Axı, Əmək Müfəttişliyi dövlət orqanıdır, dövlətdən güclü olan kimdir ki? 

- Nə bilim? Məsələ ondadır ki, reallıq belədir. Hətta bu sahədə yol verilən qanun pozuntularına görə cinayət məsuliyyəti də var. Əgər 10 nəfərdən çox adamı əmək müqaviləsiz işlədərsə, müəssisə sahibi 3 ilə qədər, bu, təkrar olarsa, 7 ilə qədər məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Yəni, qanunvericilik baxımından hökuməti qınaya bilmərik. Qanunlarla, ordakı boşluqlarla bağlı hökumətə nəsə demək mümkün deyil. Hər şey var, sadəcə, icrada problemlər yaranır. Bu məsələdə bütün təqsiri Dövət Əmək Müfəttişliyinin üzərinə atmaq da insafsızlıqdı. Çünki ştat azdır. 4,5 milyon işçiyə görə 263 nəfər əmək müfəttişi yetərli deyil. Ölkədə 4,5 milyon işçi var, onların 1,5 milyonu ilə əmək müqaviləsi bağlanıb. Dövlət Əmək Müfəttişliyi buna nəzarət etməkdə çətinlik çəkir. Obyektiv, subyektiv səbəblərdən öz səlahiyyətlərindən lazımi səviyyədə istifadə bilmir. 

- Əmək müfəttişlərinin sayının artırılması da problemə çevrilib? 

- Beynəxalq əmək təşkilatının standartları var. İşçi başına düşən müfəttiş sayına görə Azərbaycan Avropada axırıncı yerlərdən birini tutur. Bəli, sayı artırmaq lazımdır, amma bu məsələ təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən asılı deyil. Bunun üçün hökumət, Maliyyə Nazirliyi qərar verməlidir. 

- Sahib müəllim, iş yerlərində ölüm halları, xəsarətalma və digər bədbəxt hadisələr də baş verir. Bu kimi hallarda qanun pozuntularının olduğu üzə çıxır. Bu barədə nə deyə bilərsiniz? 

- Elə indicə mənə bir nəfər müraciət edib ki, iş prosesində barmağını itirib. Əmək müqaviləsi olmadığına görə onu işdən qovurlar, heç kompensasiya da vermirlər. Şirkətin adını çəkmirəm, rəng hazırlayan bir şirkətdir. Belə hallar çoxdur. Bu kimi hallarda vətəndaşın suçu yoxdur. Burada hüquqi məsuliyyət işəgötürəndədir. 

- Bəs, işçi əmək müqaviləsi olmadığına görə məhkəməyə, yaxud Əmək Müfəttişliyinə müraciət edə bilərmi? 

- Müraciət edən kimi işdən qovurlar, qapılarda qalır. Fəhlənin də o qədər pulu yoxdur ki, vəkil tutsun, məhkəmə müstəvisində mübarizə aparsın. Bir sözlə, çətin məsələdir. 

- Son illər tikinti sahəsində bədbəxt hadisələrin sayı sanki artıb... 

- 2011-ci ildən istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta haqqında qanun qüvvədədir. Bu qanuna görə işçini işəgötürən sığortalamalıdır ki, hər hansı bir hadisə baş verəndə sığorta şirkəti bütün xərcləri ödəsin. Amma bu göstərici çox aşağıdır. O yerdə ki, əmək müqaviləsi yoxdur, orda sığorta şirkətindən nəsə tələb eləmək olmur. Əsasən də, müqaviləsiz işləyənlər problemlə üzləşirlər. 

- Necə düşünürsünüz, dövlət müəssisələrində çalışların əmək hüquqları hansı səviyyədə qorunur? 

- Nisbətən yaxşıdır. Biri var, dövlət quluğu, biri var, büdcə təşkilatları, biri də var, dövlətin tabeliyində olan təsərrüfat subyektləri. Bunlarda vəziyyət az-çox yaxşıdır. Həmkarlar ittifaqları da var, bəzən kollektiv müqavilələr bağlayırlar, məzuniyyətə də gedirlər. Özəl sektorda isə vəziyyət bərbaddır. Mən demirəm ki, dövlət sektorunda pozuntular yoxdur, amma həddi var, müəyyən dərəcədə nəzarət olunur. Amma özəl sektorda əmək hüquqları ilə bağlı vəziyyət bərbaddır, hərə öz bildiyini edir. Baxmayaraq ki, dövlətin o qurumlara nəzarət etməyə haqqı çatır, amma yenə də özbaşınalıqdır. Dövlət sektorunda isə, bu, mümkün deyil. Məsələn, Neft Şirkətində kiminləsə ikili müqavilə bağlanması mümkünsüzdür. Həmkarlar ittifaqları da dövlət sektorunda daha aktivdir. 

- Amma həmkarlar da adətən işverənin yanında olurlar, sıravi işçinin yox... 

- Bəzilərinə elə gəlir. Həmkarlar İttifaqı imkanı daxilində fəaliyyət göstərir, az-çox çalışır ki, işçilərin hüquqlarını müdafiə eləsin. Həmkarlar İttifaqı işçilərin yaratdığı orqan olmalıdır. Hər halda, müqayisə edəndə görürsünüz ki, Həmkarlar İttifaqının olduğu sahə ilə olmadığı sahə arasında fərqlər var. Həmkarlar olan yerdə istehsalatda bədbəxt hadisə çox azdır, işçilər məzuniyyətə gedir, işçilərlə əmək müqaviləsi bağlanır. Həmkarlar olmayan yerdə, heç onlar da yoxdur. Ona görə də Həmkarlar İttifaqını söymək yox, onlara dəstək vermək lazımdır. Ola bilsin ki, onların da fəaliyyətində qüsur var, amma hər şey imkan daxilində olmalıdır. 

- Son dövrlər bəzi qurumlarda, xüsusən də Dövlət Neft Şirkətində ixtisarlar gündəmə gəlib. Ümumiyyətlə, ixtisar zamanı əmək hüquqlarının pozulma hallarını necə dəyərləndirisiniz? 

- Bütün hallarda, qanun pozuntusu varsa, ona qarşı çıxmaq lazımdır. Amma ixtisarlar hər yerdə var. Dünyada nüfuzlu iri şirkətlər, transmilli korporasiyalar var ki, onlarda da ixtisarlar aparılır. O zaman kütləvi çıxışlar, etirazlar, tətillər baş alıb gedir. Yəni, yeni texnologiyanın tətbiqi iş yerlərinin azaldılmasına gə-tirib çıxarır. 

Dövlət Neft Şirkəti də özündə struktur yenilikləri edir və istəyir ki, dünya şirkətləri kimi brendə çevrilsin. Bu zaman ixtisarlar qaçılmaz olur. Hələ onlar prosesi pis-yaxşı idarə edə bilirlər. Elələri var ki, işçilərlə müqaviləsi də yoxdur, ixtisar lazım olanda, deyirlər ki, sabahdan işə gəlmə! Neft Şirkətində isə qayda-qanun olduğuna görə etiraz etmək imkanı var. Amma özəl sektorda bu imkan da yoxdur. 

Onu da qeyd edim ki, Neft Şirkəti işçiləri birbaşa küçəyə atmır, onların taleyi ilə bağlı müəyyən qərarlar verilir. Doğrudur, problemlər də var, amma müqayisəli götürəndə, gərək, görülən müsbət işləri də deyəsən. 

- Sahib müəllim, son bir neçə həftədir bəzi hüquq müdafiəçilərinə təzyiqlər başlayıb. Bəzilərinin həbsi, bir qisminin bank hesabına həbs qoyulmasına münasibətiniz necədir? 

- Mən, Prezident yanında QHT-lərə Dəstək Şurasının üzvüyəm. Həmin Şuranın nəzdində bir komissiya yaradılıb. Ora müxtəlif təşkilatlardan müraciətlər daxil olur. Yəni, müəyyən problemlər var, onların bir qismi obyektiv səbəblərdəndir, ola bilsin, bir qismi də subyektiv səbəblərdən baş verir. 

İndi ortaya çıxan problemlərin həlli ilə bağlı təkliflər hazırlamışıq. Çalışırıq ki, vəziyyəti stabiləşdirək. 

Bank hesablarına həbs qoyulmasına gəlincə, bununla əlaqədar heç nə edə bilməyəcəyik. Çünki prokurorluq konkret məsələlərlə bağlı cinayət işi başlayıb və istintaq başa çatana qədər proses davam edəcək. Mən demirəm ki, hesabına həbs qoyulan təşkilatların hamısının fəaliyyətində şübhəli məqamlar var. Onlardan bir neçəsini yaxından tanıyıram və əminəm ki, onların fəaliyyətində şübhəli məsələ olmaz. Ümid edirəm ki, araşdırmadan sonra onların çoxunda problem olmayacaq, hesabı üzərindəki həbslər götürüləcək. 

- Bəs, həbs olunan hüquq müdafiəçiləri barədə necə, eyni düşüncədəsiniz? 

- Hesab edirik, QHT-lər, insan hüquqlarını qoruyan təşkilatlar müəyyən səylər göstərməlidir ki, hökumətlə dialoqa gedilsin. Məsələlər araşdırılmalıdır, obyektiv istintaq və məhkəmə təminatı olmalıdır. Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifə odur ki, hökumətlə dialoqu davam etdirsin. O şəxslər ki, əməlində cinayət tərkibi yoxdur, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma kimi məqamlarda, onlara qarşı daha loyal yanaşılmalıdır. Amma başqa maddələrlə qaldırılan cinayət işləri barədə bir söz deyə bilmərəm. 

Zaur ƏHMƏD 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA