Gəncə Dövlət Universitetində nələr baş verir? - Kompromatla zəngin daha bir müraciət yayıldı

img

12-08-2014 [17:51]


Gəncə Dövlət Universitetində baş verən özbaşınalıqlar, təhsil sisteminə ləkə salan proseslər haqda Mia.az-a yenidən müraciət olunub. GDU-nun adlarının çəkilməsini istəməyən müəllimlərinin müraciətini qısa ixtisarla dərc etməklə yanaşı, qarşı tərəfin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.

Beləliklə? GDU-dan daxil olan müraciət qısa ixtisarla təqdim edirik:

"Hörmətli  redaksiya,  respublikamızın  ən  böyük  və  köklü  universitetlərindən  biri  olan Gəncə Dövlət Universitetində  baş verən özbaşınalıqlar, təhsil sisteminə ləkə salan proseslər

 mətbuatda və kütləvi informasiya vasitələrində dəfələrlə  işıqlandırılıb. Bu tədris  ocağında hər birimizin hansısa yaxını, qohumu, tanıdığı oxuyur. Onların hər birinin rüşvət  faktlarından necə əziyyət çəkdiyini  hamımız bilirik. Artıq tələbələri boğaza yığan bu hallar haqlı olaraq etiraz doğurur. Axı gənc nəsil anlayır ki, onların  pul hesabına aldıqları qiymətlər gələcək karyeralarında yalnız mənfi rol oynaya bilər. Sabah ölkəmizdə yaranan özəl və dövlət  sektorları potensial işçilərindən savad tələb edəcəklər. Bu gün kiminsə cibini dolduran tələbələrin hazırlıq səviyyələri isə təbii ki, tələb olunan standartlara cavab verməyəcək. Özünü gözləyən potensial təhlükəni hiss edən gənc nəsil qiymət yox, savad almaq istəyir. Ona görə də artıq tələbələr "Rüşvətə yox" şüarını irəli sürürlər. Bu şüarı  isə universitet rəhbərliyi və dekanlar bəyənmir. Etiraz edən tələbələri və onlara dəstək verən  peşəkar müəllimləri təqib edirlər. Bəs rektor bu əsrarəngiz gücünü haradan alır? Sözsüz ki, bu sərhədsiz güc qaynağının bir neçə səbəbi vardır. Bu səbəblərdən bir neçəsinin  üzərində dayanmaq istəyirik.

Maraqlıdır ki, GDU-da rektor diktaturasına rəvac verən başlıca faktor bu qanunsuzluqların qanuniləşdirilməsi amiliylə bağlıdır.

Rektorun iddia etdiyinə görə təhsil  naziri  Mikayıl Cabbarov bir sıra ali məktəblərin rəhbərliyinə mühüm  səlahiyyətlər verən və heç bir qanuna əsaslanmayan əmr imzalayıb. Hətta  adı  belə  ictimaiyyətdən  gizli  tutulan  bu  əmr universitet  rəhbərliyinə imtahanlardan yaxşı  qiymət almayan ödənişsiz əsaslarla oxuyan tələbələri cəzalandıraraq ödənişli əsaslarla, bir kurs  aşağı pillədən tədrisə davam etdirmək hüququ verir. Əmrin bu şərtlərini rektorun pulyığanları - Asif  Cavadov, dekanlar, tyutorlar tələbələrə izah edir, onları kəsirlə qorxudaraq  onlardan rüşvət tələb edirlər. Universitetin rəhbərliyi isə onlara yaradılan bu imkandan  maksimum səviyyədə  faydalanaraq ali məktəbdə qorxu imperatorluğu yaratmışdır. Ödənişsiz  təhsil almaq və vaxtında məzun olmaq imkanını itirmək istəməyəntələbələr məcburən bu  diktəyə boyun əyməli olurlar. 

Uzun illər boyu Azərbaycan təhsilinin, intellektual gücünün əsas bazası rolunu oynayan universitetlərdən biri olan GDU-nin bu hala salınması həqiqətən  çox ürəkağrıdıcıdır. 

Universiteti özününküləşdirən rektor cənabları Maliyyə Nazirliyinin yüksək vəzifə sahibi Cavanşir Yusifovun qardaşıdır. Görünür ki, bu ad onu bəd əməllərdən qorumağa yardım edir. Çox qəribədir , təhsil naziri Mikayıl Cabbarov cənabları Yusif Yusifovu  özünə ağsaqqal seçib və ona "ağsaqqal" deyə müraciət edir. Hətta yaxın zamanda Yusif Yusifovun  nazirlikdə yüksək posta təyin ediləcəyi barədə söhbətlər də dolaşmaqdadır.  Allah bundan betərindən saxlasın...

GDU-da baş verənlərlə bağlı professor-müəllim heyətinin və tələbələrin cənab Prezidentə, təhsil naziri Mikayıl Cabbarova müraciət etməsinə baxmayaraq, bununla bağlı heç bir reaksiya verilməyib. Hətta ANS televiziyasının "Şəbəkə"verilişlərindən biri GDU müəllimlərinin müraciətinə həsr olunmuş və bu özbaşınalıqlar geniş işıqlandırılmışdır. Lakin universitetin rəhbərliyi müraciətdə göstərilən nöqsanları aradan qaldırmaq, kütləvi informasiya vasitələrində gedən yazılara münasibət bildirməkdən qətiyyətlə yayınır, öz yaxın ətrafı ilə söhbət zamanı "kim nə yazır, yazsın. Buranın yiyəsi mənəm. Mənə cənab nazir deyib ki, get işlə, heç nədən narahat olma" ifadələrini işlədir. Əsaslı ittihamlara cavab vermək əvəzinə, müxtəlif saytlara oz yaxın əlaltıları Asif Cavadov, Əliqulu Quliyev və başqaları tərəfindən müəllimlərin adından saxta "zəhmətkeş məktubları" təşkil etdirir, bu məktublarda isə GDU-nun tarixindən yazılır və universiteti tərifləməkdən doymurlar, tələbələrin yüksək savadından, keyfiyyətdən yazırlar, adam az qalır ki, Kembric universitetində oxuyan qohumlarını Gəncə Dövlət Universitetinə "perevod" elətdirə. Halbuki, universiteti qurtaran tələbələrin əksər hissəsi müəllim seçilmək üçün  olan imtahanlardan keçə bilmirlər, çünki bu tələbələr qiymətləri  70-100 manata almışlar.

 Hörmətli redaksiya, xahiş edirik ki, media  işçisi kimi ittihamlarla dolu olan indiyədək saytınızda dərc olunmuş müraciətlərin surətini qanunun tələb etdiyi kimi təyinatı üzrə prokurorluq orqanlarına göndərəsiz, qoy yazılanlara hüquqi qiymət verilsin. Onda aydın olacaq ki, biz doğru yazmışıq, yoxsa yalan.

 GDU-da baş verən özbaşınalıqlarla bağlı mətbuatda yazılanlara  hələlik,  yalnız Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev sərt reaksiya verib: "Mən başa düşə bilmirəm ki, GDU-da bu özbaşınalıqlar nə vaxta qədər davam edəcək? Yusif müəllim keçmiş rektor Yadigar Əliyevin atasına rəhmət oxutdurur. Mən  saytlarda gedən yazını oxumuşam, bunlar hamısı həqiqətdir, orada yalan yazılmayıb. Bu biabırçılıqları aradan qaldırmağı tələb edirəm. Mən Asif Cavadovun prorektor təyin olunmasının əleyhinəydim. Bilirdim ki, Asif Cavadov tutduğu vəzifəyə yaraşmayan əməllərinə görə vəzifədən qovulmuşdu. Onun bu vəzifəyə layiq olmadığına baxmayaraq, Yusif müəllim nədənsə xahiş edib, nazirə onu bu vəzifəyə təyin etdirdi. İndi isə həm rektordan, həm də universitetin digər rəhbər şəxslərindən böyük narazılıqlar var. Fəxrəddin müəllim, sən orada mənim görən gözümsən. Mən tələb edirəm ki, bu anarxiyaya son qoyasınız"

  Elmar Vəliyev bu çıxışına görə artıq Cavanşir Yusifovun,  Azər Bayramovun, habelə maliyyə nazirinin təzyiqləri ilə baş-başa qalıb. Aldığımız çox dəqiq məlumata görə, Elmar Vəliyevin Yusif Yusifovu sərt tənqid edən yuxarıdakı çıxışı onun qardaşı Cavanşir Yusifovu bərk qəzəbləndirib. Cavanşir Yusifov isə  Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin maliyyə məsələlərini qərəzli yoxlamaq üçün xeyir-dua alıb, artıq Maliyyə nazirliyi səviyyəsində icra başçısına "təzyiq göstərilməsi” nəzərdə tutulur. (Bu cür təzyiq vaxtilə Yusif Yusifov BDU-da işləyəndə BDU-nun rəhbərliyinə göstərilmiş, sonradan isə GDU-nun o vaxtkı rektoru Elman Məmmədova təzyiq göstərilərək, Yusif Yusibov GDU-da boş olan prorektor vəzifəsinə gətirilmişdi-təbii ki, növbəti vəzifə pilləsinə tramplin kimi). Bu qüvvələrdən əsrarəngsiz güc alan universitet  rəhbərliyi isə öz rüşvətxor əməllərini davam etdirir. "Mərkəzləşdirilmiş rüşvət” mexanizminə əsaslanmış imtahan sessiyası bir neçə gündür ki , yekunlaşıb, amma buna baxmayaraq kəsiri olan tələbələr üçün yay semestri təşkil edilib. Təlimata görə  kəsiri olan tələbələrə dərs keçilməlidir, lakin tələbələr dərsə gəlmirlər, tələbələrin kəsirlərinin düzəldilməsi üçün bir imtahana dərsə gəlməmək daxil  200-250 manat tələb olunur. Təsviri incəsənət müəllimliyi, fiziki tərbiyə, hərbi hazırlıq, musiqi müəllimliyi ixtisaslarında abituriyentlərin qabiliyyət imtahanlarından keçməsi üçün 3000-4000 manatdan yığmışlar. Nazirlik Gəncə Dövlət Universitetini saxta diplom verilməsi ilə ittiham etdiyi bir vaxtda, rəhbərlik  3000-5000 manata ikinci ixtisas vermək adıyla, müxtəlif şəxslərdən pul alıb qeyri-qanuni olaraq birbaşa ikinci kursa qəbul edirlər. Maraqlıdır, kimya  ixtisasını bitirmiş şəxs Hüseynova Cəmalə Şahin qızı  3500 manata ikinci kursa qəbul olunub necə tarixçi ola bilər? Yenə də bu pulların yığılmasında "qara qutu" işləri üzrə məsul şəxs olan Asif Cavadov əsas rol oynamışdır.

Yusif Yusifov öz sələfi Yadigar Əliyevdən daha da irəli gedərək universitet ərazisini mağazaya və avtobus dayanacağına, habelə çayxanaya, bəzi tədris binalarında isə auditoriya qıtlığına baxmayaraq dərs otaqlarını bufet kimi istifadəsi üçün hüquqi şəxslərə icarəyə verib.

Təhsil səviyyəsinin aşağı salınması və belə biabırçı hallar  gənc kadrların yetişdirilməsində ciddi maneəyə çevrilir. Nəticədə ölkəmizin hərtərəfli inkişafı xaricdə təhsil alan kadrların ümidinə qalır. Təbii ki, xaricdə təhsil alanlar ölkəmizə mütərəqqi ideyalarla yanaşı, həm də əcnəbi əsarəti də gətirirlər. Necə ki, bu gün həmin təhlükəni yaxından hiss edirik.  Nurçuların bütün dövlət orqanlarını sarmaşıq kimi sarımasında öz ali məktəblərimizdə yetişən kadrların yarıtmazlığının da payı az deyil. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi, xüsusilə hörmətli Prezidentimiz Azərbaycanı gözləyən potensial təhlükədən xilas etmək üçün təcili tədbirlərə əl atmalı və ilk növbədə işə tarixi sağlam köklərə malik universitetlərdən başlamalıdır. Ümidvarıq ki, dövlətimizin  inkişafında həmişə qətiyyətli mövqeyilə seçilən hörmətli Prezidentimiz  İlham Əliyev  bu məsələyə öz münasibətini bildirəcək və başda  Gəncə Dövlət Universiteti  olmaqla  bir  sıra ali məktəbləri uçuruma  sürükləyən yarıtmaz rəhbərlərindən xilas edəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA