Qazaxın Ermənistanla sərhəddə yerləşən kəndi - Kəmərliyə şəhər mərkəzindən marşrutlar gec-gec işlədiyindən, Yuxarı Salahlı kəndinə varanda bizi keçmiş döyüşçü, müharibə veteranı Məhəmməd Səmədoğlu qarşıladı. Hal-əhval tutandan sonra ilk sualımız - yarı zarafat, yarı ciddi - belə oldu ki, kənddə vəziyyət necədi, qaçıb eləmək fikriniz yoxdur?
Tez reaksiya verdi:
-Nə qaçmaq? Torpağını qoyub qaçmaq hansı kitabda yazılıb? Ara-sıra atırlar. Son bir-iki gündür, demək olar, heç atəş açılmayıb. Hələ bir şey yoxdur. Nə də olsa son damla qanımıza kimi vuruşmağa hazırıq.
Danışdıqca dili-dodağı tərpəşirdi. Səmimiyyəti, şirin dili, xoş tövrü sözlərinin yalan olmadığını yəqinləyirdi. Arada-sırada atışma olmasına rəğmən, insanların ruh yüksəkliyinin yerində olduğunu bildirdi.
Kəmərli kəndi Ermənistanla sərhəddə yerləşir. Burada müəyyən fasilələrlə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin arasında atışma olur. Qazax rayonunun Cəfərli kəndinin verdiyi şəhid - baş gizir İsa Almazov avqustun 1-də bu kənddə "Eyifli Quzeyi" adlanan postda düşmən snayperindən açılan atəş nəticəsində sağ gözündən vurularaq, dünyasını dəyişib.
Kəmərli kənd sakinlərinin bu gün nətəhər yaşadığını, nə düşündüyünü öyrənmək üçün evi dörd bir tərəfdən gələn jurnalistlər üçün açıq olan dostumuz Məhəmmədlə və Kəmərlinin girəcəyində bizi qarşılayan şair Mübariz Qaragözlü ilə kəndə doğru yollandıq.
Yolu yarı eləmişdik ki, ilk olaraq - Astanbəyli kəndində məşhur "Villi" ləqəbli Vilayət Omarova rast olduq. O, Qarabağdan tutmuş Sınıq Körpüyə qədər, bütün sərhəd bölgələrində döyüşüb. Qarabağda AMON-un kəşfiyyat komandiri, Qazaxda batalyon komandiri olub. Kərkicahan və Daşaltı əməliyyatlarında yaxından iştirak edib.
O cəbhənin bu günkü vəziyyəti ilə bağlı danışdı. Bildirdi ki, müharibə başlayacağı təqdirdə silah götürüb yenidən döyüşə getməyə hazırdır.
"Mən günü bu gün hazıram ki, müharibə başlasa silah götürüb döyüşüm. Ancaq müharibə başlamağına inanmıram. Camaatda da o təpər, inam qalmayıb ki, səhər müharibənin başlandığı elan olunsa kimsə döyüşə getsin. Əlbəttə, səfərbərlik elan edib hər kəsi apara bilərlər. Könüllü tapılmaz mən bilən".
"Villi"nin son sözlərindən sonra içimizə dolan ümidsizliyi Kəmərli kəndinin girəcəyində bir iri daşın üzərində nəvəsiylə üzbəsurət oturub söhbətləşən Hidayət Qaraçobanovun gözündəki sonsuz ümid faş elədi.
"Kənddə vəziyyət olduqca yaxşıdır, nə var Allaha şükür! "Pazisiya”larda azacıq atışma oldu, bitdi. İndinin özündə də az-az səngərdən atırlar. Misal üçün, dünən axşam da olub. Bekar şeydi, bənd olmayın. Elə bir qorxumuz-hürkümüz yoxdur. Bu sayaq güclü ordusu, dövləti olan hansı xalq qorxar? Bizim yaxşı oğlanlarımız var, yaxşı komandirlərimiz var".
O daha sonra kəndlərində yerləşən N saylı hərbi hissənin komandiri Kərimov Asifin şücaətlərindən danışdı.
Hidayət kişi dedi ki, mən elə bilirəm ki, hissədəki bütün əsgərlərimiz onun əhatəsində bir yumruq kimi birləşib: "Onun sayəsində düşmən bizə hər saat bata bilmir. Bir şey yoxdur oğul. Get, orda da de ki, heç kəs heç yana getməyib. Biz qalib gələcəyik".
Kənd sakini Bəxtiyarov Moşu isə qulaqlarının güllə səsinə alışdığını, topu tüfəngi veclərinə almadıqlarını deyir: "Bilmirəm özgə kəndlərdə nətəhərdi. Amma vallah bizim qulağımız o qədər "qıjışıb" ki, heç hu atışma-zad vecimizə deyil. Baxıram ki, bu kənddə 1988-ci ildən bu yana atışma var. Nə qədər də itikimiz oldu; adamımız öldü, malımız, qoyunumuz qırıldı, di gəl, bir adam ev-eşiyini qoyub çıxmadı. Yenə də yurdumuzdayıq".
Bu kəndin ağsaqqalları bir yana, yerdən qalxan uşaqları belə bizim qələbəmizi mütləq sayır. Yuxarıda da qeyd etdiyimiz kimi, kombat Asif Kərimovun erməni silahlı qüvvələrinə qarşı apardığı döyüşdən, əsgərlərdəki ruh yüksəkliyindən cuşa gələn kənd sakinləri nə olur-olsun, bir addım belə geri çəkilməyəcəklərini danışırlar.
Kəndin ən kiçik nümayəndələrindən Orucov Bəkir son hadisələrlə bağlı hislərini belə ifadə edib ki, bizimkilər torpaqlarımızı geri qaytarmaq istəyirlər, ona görə də vətənin müdafiəsinə qalxıblar: "Atışmadı də, bizim əsgərlər torpaqlarımızı geri qaytarmaq istəyirlər. Ordumuza güvənirik. Nə mən, nə dostlarım, nə də bir kimsə qorxmuruq o dığalardan, onlar qorxsunlar ki, biz varıq. Bizim güclü ordumuz var. Və gerçəkdə onlar qorxurlar da... Qonşu erməni kəndlərində adam qalmayıb. Bala kənddə, Qurumsuda, Noyanbryanbda heç kim qalmayıb. Bizim komandirimiz Asif Kərimov "İstiqlal" adlanan silahla (top) dağıdıb oraları. Fəxr edirik onunla!"

Sovet dövründə Kəmərlidə Sovxoz sədri, 30-cu qurultayın üzvü, Heydər Əliyevi Mərkəzi Komitəyə seçənlərdən biri olmuş Qarabağ müharibəsi veteranı, Azərbaycan ordusunun ehtiyatda olan kapitanı "Kalbasan" ləqəbli İbrahim Orucov da artıq qocalmağına baxmayaraq hərbi səfərbərlik olacağı təqdirdə əlindən gələn köməkliyi əsirgəməyəcəyini müxbirimizə söylədi. O deyib ki, indən belə sülh heç bir dərdimizə yaramaz:
"Mən indən belə sülh deyil, müharibə gözləyirəm. Hörmətli prezident, birmi oğlum var, ikimi oğlum var - səfərbərlik elə, gedib döyüşsünlər. Amma sülh olmasın".
Kəndin qadınlarından Gülbəniz İsmayılova deyib ki, ermənilər atanda atırlar, amma qorxmuruq, işimizlə, gücümüzlə, təsərrüfatımızla məşğuluq.
"Hər yan sərhəddi. Arada atırlar. Amma buna baxmayaraq evimdə, eşiyimdə bankalarımı bağlayıram. Qışa tədarük görürəm".
Yəni döyüş bölgəsi olan Kəmərlidə insanların ruhu bəlkə də paytaxt Bakıdakından daha yüksək idi. Bu da bizi sevindirdi. Bu yazını yazdıq, şəkilləri də çəkdik ki, oxucularımızla paylaşaq, onlar da bu gerçək qəhrəmanları tanısınlar.
Hikmət Carçılı Orhun,
Qazax, Kəmərli kəndi