Gəncə Dövlət Universitetində rektorun rəqibləri “linc siyasəti"ndən necə yayınır? - Özəl

img

30-07-2014 [10:22]


Gəncə Dövlət Universitetində rektor postu uğrunda gedən mübarizədə Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun sözügedən universitetdə prorektor işləyən qardaşının qalib çıxmasından sonra, sözügedən təhsil ocağında sular nəinki duruldu, əksinə savaş gizli müstəviyə keçərək daha da kəskin xarakter almağa başlayıb.

 Xatırladaq ki, sabiq rektor Yadigar Əliyevin məcburi istefa ərizəsi yazmağa məcbur edilməsindən ötən aylar ərzində Gəncə Dövlət Universitetində rektor olmaq uğrunda qızğın mübarizə gedib. ən şanslı namizəd isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun prorektor qardaşı Yusif Yusifovdur. Xəbərdə qeyd etmişdik ki, Cavanşir Yusifov qardaşının rektor təyinatı üçün maliyyə nazirinin müavini Azər Bayramovun "xidmətiindən yararlanıb. O, Azər Bayramovun təhsil nazirinin müavini olan qardaşı Ceyhun Bayramov vasitəsiylə qardaşı Yusif Yusifovun təqdimatını müsbət xarakterizə etdirə bilib. Artıq Yusif Yusifovun rektorluğu rəsmi şəkildə təsdiqlənməsi yazdıqlarımızın doğru olduğunu bir daha göstərib.

 Bu ya digər məlumatlarla bağlı son yenilikləri Mia.az-a bölüşən universitetin adının çəkilməsini istəməyən müəlliminin sözlərinə görə, Yusif Yusifov rektor təyinatının rəsmiləşməsindən sonra bir vaxtlar Yadigar Əliyevi açıq müdafiə edənlərin "qara günləribaşlayıb. Belə ki, yeni rektor sələfini açıq şəkildə müdafiə edən, hətta bunun üçün mətbuata müraciətlər göndərənləri hədəfə alıb: "Xüsusiylə ötən ilin noyabr ayının əvvəlində rektor Yadigar Əliyevi qızğın müdafiə edən bir çox mətbu orqanında yayılmış müraciətdə "Gəncə Dövlət Universitetində şəffaflığın təmin edilməsində rektor Yadigar Əliyevin fəaliyyəti göz önündədir, pedaqoji kollektiv və tələbələr tərəfindən alqışlanır. Görünür, universitetdə rüşvətin aradan qaldırılması son vaxtlarda, əlləri çirkli pullara öyrənmiş bəzi şəxslərin narahatlığına səbəb olub”, - deyə, haray çəkən professor müəllim heyətinə qarşı "linc siyasəti” davam edir”.

 Müsahibimiz deyir ki, həmin müraciət müəllifləri keçmiş rektorun dövründə mətbuata və hakim dairələrə  yazdıqları məktubda "Görünür, universitetdə rüşvətin aradan qaldırılması son vaxtlarda, əlləri çirkli pullara öyrənmiş bəzi şəxslərin narahatlığına səbəb olub”, - iddiasını da əlavə etməklə, faktiki hədəfdə Yusif Yusifov onun ətrafının olduğuna işarə vurublar: "Çünki məhz bu adam keçmiş rektorun işləməsinə açıq şəkildə imkan vermirdi. Bundan sonra o, rektor təyin edildikdən sonra həmin şəxslərə qarşı barışmaz münasibətini saxladı. Daha dəqiqi, yeni rektor bu müraciəti imzalamaqla, onun rektorluğuna gedən yolunu kəsmək istəyən kollektiv üzvləri ilə "haqq-hesab çəkmək niyyətini gizlətmədi. Yəni həmin müraciətin müəllifləri - professor Həsənbala Sadıqov, professor Vaqif Novruzov, professor Şaiq Məmmədov, professor Telman Quliyev, dosent Elçin Cavadov, dosent Yaqub Cəfərov, dosent Niyazi Quliyev, dosent Şahin Xurşudov, dosent Zakir Zeynalov, dosent Emin Yaqubov, dosent Cabbar Qarayev, dosent Teymur İsmayılov, dosent İlqar Cabbarov, dosent Rasim Hüseynov, dosent Elxan İsmayılov, dosent Sabir Əliyev, dosent Bayram Apoyev, dosent İsfəndiyar Allahverdiyev, dosent Zakir Ələsgərov, dosent Cəfər İbrahimov, dosent Rizvan İmanov, dosent Mərdan Məmmədov, dosent İsax Mahmudov, baş müəllim Cavid Bağırzadə, baş müəllim Elman Məhərrəmov, baş müəllim İlham Məmmədov və başqaları yeni rektorun və yaxın ətrafının hədəfinə gəldi. Deyim ki, adıçəkilənlərdən bəziləri də hədəfdən və əsassız təzyiqlərdən yaxa qurtarmaq üçün bir neçə "ağıllı gedişlər” ediblər”.

 Yeni rektor Yusif Yusifovun dövründə kimlərin ulduzlarının parlaması, kimlərin mövqe sahibi olması, kimin "qara kassa”ya nəzarət etməsi, həmçinin kimlərin "qara siyahı”ya daxil edilməsi, hansı nüfuzlu müəllimlərin dərs zamanı təhqir olunması, maliyyə nazirinin 1-ci müavini Azər Bayramovun Tibb Universitetdə işləyən qayınatasının təyinatda oynadığı rol və rektorun qardaşı Cavanşir Yusifovun hansı hakimiyyətdaxili qruplaşmanın adından sui-istifadə etməsi, kimlərlə tez-tez məclislər təşkil etməsi və sair xəbərlərlə bağlı Mia.az-ın araşdırması davam edəcək!

 Onu da qeyd edək ki, bu günə qədər həmin universitetdən müxtəlif mətbu orqanlarında çoxsaylı şikayət məktubları da yayılıb. Lakin universitet rəhbərliyi hələ də bunların heç birinə aydınlıq gətirməyib.

Biz isə qarşı tərəfin mövqeyini dinləməyə və yaymağa hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA