Tikinti idarəsinin rəisi Qərib Dadaşov Zaur Hüseynovun qəzəbinə tuş gəlib

img

25-07-2014 [00:03]


«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov kadr islahatlarını davam etdirir. O, metropolitenin keçmiş rəhbəri Tağı Əhmədovun dövründə əsas vəzifələrə təyin olunan kadrların bir çoxunu tutduqları postlardan uzaqlaşdırıb. Və bu islahatların davamlı olacağı, köhnə komandanın bir çox üzvünün vəzifədən gedəcəyi gözlənilir. Yayılan məlumatlara görə, Zaur Hüseynov «Bakı Metropoliteni» QSC-nin tabeliyinə verilən «Azərtunelmetrotikinti» ASC-də bəzi islahatlar aparmağı düşünür.

Hələ ötən saylarımızda bununla bağlı məlumat verərək bildirmişdik ki, bəzi idarə rəisləri QSC sədrinin siyahısına düşüb və onların işdən kənarlaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Xəbər verdiyimiz kimi, karyerası sual altında olan şəxslərdən biri də «Azərtunelmetrotikinti» Açıq Səhmdar Cəmiyyətinin tikinti idarəsinin rəisi Qərib Dadaşovdur. Qeyd edək ki, idarə rəhbərinin qanuna sığmayan əməlləri, o cümlədən dövlət büdcəsinə vurduğu ağır ziyanla bağlı mətbuat səhifələrində, xüsusi olaraq da «Gündəlik Bakı» qəzetində məqalələr dərc olunub. Həmin yazılarda idarə rəisinin törətdiyi özbaşınalıqlar, mənimsəmə halları və işçilərə qarşı rəftarındakı neqativ hallarla bağlı faktlar ortaya qoyulub. Buna baxmayaraq, tikinti idarəsinin rəisi özbaşına hərəkətlərindən əl çəkmir, üstəlik hər gün yeni əməllər törədir. Əvvəlki yazılardan məlum olduğu kimi, «Azərtunelmetrotikinti»də uzun müddətdir vəzifə tutan Qərib Dadaşov bu illər ərzində şəxsi büdcəsini xeyli genişləndirib və maliyyə imkanlarını oliqarxların səviyyəsinə yüksəldib. Təbii ki, rəhbəri olduğu tikinti idarəsinə ayrılan vəsaitləri kağız üzərində silməklə. Bildirək ki, zaman-zaman ASC-nin sədri Şaiq Əfəndiyevə meydan oxuyan, onun vəzifəsinə iddia edən idarə rəisi böyük biznes şəbəkəsinə sahibdir. Sumqayıt şəhərində yerləşən və ərazisinin böyüklüyünə görə xüsusi fərqlənən «Nur» şadlıq sarayını, avtoservisi, avtoyuma məntəqələrini, geyim və ərzaq dükanlarını qeyd etmək ktifayətdir. Qərib Dadaşovun bu qədər var-dövlətə halal zəhmətlə, daha dəqiq desək, aylıq əməkhaqqı ilə sahib çıxması inandırıcı deyil. Ən azından ona görə ki, aylıq vəzifə maaşı ilə dəyəri milyonlara bərabər olan şadlıq sarayı tikdirmək qeyri-mümkündür. Deməli, idarə rəisi varidatını büdcə pullarının hesabına toplayıb. Nəzərə alsaq ki, son illər ərzində ölkəmizdə metro tikintisi sürətli şəkildə davam etdirilir və yeni stansiyalar istifadəyə verilir, idarə rəisinin maliyyə qaynağının haradan yarandığını bilmək elə də çətin olmaz. Ölkə rəhbərliyi əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yeraltı nəqliyyat növünün daha da inkişaf etdirilməsinə çalışır. Bunun üçün büdcədən istənilən məbləğdə vəsait ayrılır. Ümumiyyətlə, metro tikintisi olduqca əhəmiyyətli sahədir. Yəni bu sahədə işlər elə dəqiqliklə həyata keçirilməlidir ki, sabah hansısa fəsadlar üzə çıxmasın. Əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, Qərib Dadaşov üzərinə düşən vəzifənin məsuliyyətini lazımınca dərk etməyərək büdcədən metro tikintisi məqsədilə ayrılan vəsaitləri sağa-sola dağıdır. Mənbəmizin bildirdiyinə əsasən «Azərtunelmetrotikinti» ASC-nin idarələri arasında ən çox qanun pozuntusu tikinti idarəsində qeydə alınır. Ki, bunun səbəbkarı Qərib Dadaşovdur: «Tikinti idarəsində çalışan şəxslər həddən artıq ağır şəraitdə işlədilir. İdarə rəisi işçilərin əmək hüquqlarını pozur, onların istirahətini əlindən alır və biganə münasibət göstərir. Rəis işçilərə mükafat yazaraq ordan gələn vəsaitləri öz məqsədləri naminə xərcləyir. Əksər hallarda işçilər iş saatından artıq işlədilir. Qərib Dadaşov deyir ki, idarənin rəisi mənəmsə nə desəm o da olmalıdır. O özünü elə aparır ki, guya «Azərtunelmetrotikinti»nin birinci şəxsidir. Məqam düşən kimi Şaiq Əfəndiyevin arxasınca danışır». Deyilənə görə, Zaur Hüseynov vəzifəyə təyin ediləndə, daha doğrusu, ASC «Bakı Metropoliteni»nin tərkibinə qatılandan sonra Qərib Dadaşov təşvişə düşmüşdü: «O, vəzifəsini itirməkdən qorxurdu. Amma son vaxtlar idarə rəisi köhnə əməllərini davam etdirməyə başlayıb. Yəqin elə zənn edir ki, Zaur müəllim ASC-də kadr islahatları aparmayacaq. Mənim bildiyimə görə isə, bu ayın sonuna kimi Şaiq Əfəndiyev başda olmaqla «Azərtunelmetrotikinti»nin bir çox vəzifəli şəxsi işdən çıxarılacaq. Həmin şəxslərin arasında Qərib Dadaşovun olacağı mütləqdir. Çünki onun kimi bu quruma ziyan vuran ikinci adam yoxdur. O həm də törətdiyi əməllərə görə, Zaur Hüseynovun qəzəbinə tuş gəlib». Zaur Hüseynov ASC-də kadr islahatlarına start verib Qərib Dadaşovu və vəzifəsinə laqeyd münasibət göstərən digər şəxsləri işdən kənarlaşdırsaydı, təqdirəlayiq hal olardı. Sonda onu da bildirək ki, idarə rəisinin Sumqayıtdakı «Nur» şadlıq sarayının və avtoservisin sənədləri qaydasında olmadığına görə sökülmə məsələsi gündəmdən düşməyib. Bizə çatan məlumata əsasən Sumqayıtın icra başçısı Eldar Əzizovun yaxın vaxtlarda həmin obyektləri buldozer qabağına verməsi gözlənilir.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA