21-07-2014 [09:30]
Regionların inkişafı ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Qeyd edək ki, son 10 ildə məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Lakin bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri prezidentin yaratdığı şəraitdən lazımınca istifadə edə bilmirlər. Daha dəqiq desək, bəzi icra başçıları dövlət büdcəsindən ayrılan vəsaitləri şəxsi məqsədləri üçün sərf edərək bir sıra fəsadlara yol açırlar. Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Alıyev də belə məmurlardan biridir. İcra hakiminin törətdiyi misli görünməmiş özbaşınalıqlarla bağlı redaksiyamıza olduqca maraqlı məlumatlar daxil olub. Amma həmin bilgilərə keçməmişdən öncə bildirək ki, Alı Alıyev Ali Partiya Məktəbini bitirdikdən sonra rayon partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib. O həmçinin Füzuli rayonunda Aqrar Sənaye Kombinatının direktoru vəzifəsində çalışıb. İcra başçısı vəzifəsinə qədər isə Füzulidə Suvarma Sistemləri İdarəsində rəis vəzifəsində işləyib. 2009-cu ildən bu günə qədər isə Füzuli rayonuna rəhbərlik edir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 5 ildir icra başçısı işləyən Alı Alıyev ölkə rəhbərliyinin etimadından istifadə edərək başqa-başqa işlərlə məşğul olur: «Bildiyimiz kimi, prezident İlham Əliyev bu ilin iyul ayının 1-də Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən, 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən 5,4 milyon manat ayrıldı. Nəzərinizə çatdırmaq istəyirəm ki, ölkə başçısının tikintisinə 5,4 milyon manat ayırdığı Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolu iki il öncə yerli əhalinin öz imkanları hesabına təmir edilib. Hazırda həmin yolda heç bir təmir-tikinti işləri aparılmır və buna ehtiyac da yoxdur.
Ona görə ki, iki il öncə vətəndaşların şəxsi imkanları hesabına əsaslı şəkildə təmir etdirdiyi yol ideal vəziyyətdədir. İcra başçısı Alı Alıyev dövlət büdcəsindən ayrılan 5,4 milyon manat vəsaiti olduğu kimi öz büdcəsinə keçirib. Amma o ölkə rəhbərliyinə yolun yenicə təmir olunduğunu deyib bu qədər vəsaitin ayrılmasına gərək olmadığını deyə bilərdi. Müvafiq qurumların, konkret olaraq Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri gəlib araşdırsınlar görək icra başçısı həmin 5,4 milyon manatı hara xərcləyib. Füzuli rayonunda cərəyan edən bütün hadisələrin şahidiyəm. Tikintisinə külli miqdarda vəsait ayrılan yolda heç bir iş görülmür. Yəqin ki, prezidentin rayona növbəti səfərləri çərçivəsində Alı Alıyev camaatın daxili imkanları hesabına çəkdiyi yolun büdcədən ayrılan vəsaitlə tikildiyini bildirəcək. Yuxarı orqanlar bilsin ki, həmin yolu yerli əhali özü çəkib. 5,4 milyon manatın aqibətini araşdırmaq lazımdır». Mənbənin verdiyi məlumatda həmçinin Alı Alıyevin yerli idarə və müəssisələrin rəhbərlərinə «göz verib işıq verməməsi» də qeyd olunur: «Başçı Füzulidə həyata keçirilən bəzi abadlıq-quruculuq işlərinin pulunu yerli idarə və müəssisə rəhbərlərindən çıxarır. Artıq bir çox məmur başçının yersiz tələblərindən xirtdəyə yığılıblar. İdarə müdirləri deyir ki, rayonun keçmiş icra başçısı Nəbi Muxtarovun vaxtında xan-bəy kimi yaşayırdıq. Amma indi faizə işləyirik. Alı müəllim büdcədən rayonun sosial-iqtisadi inkişafı məqsədilə ayrılan vəsaitləri təyinatı üzrə sərf etmir. Məsələn, Horadiz qəsəbəsində yerləşən Bayraq meydanında 5 min ədəd qızıl gül əkildi. Güllərin pulunu müəllimlərdən, məktəb direktorlarından və idarə müdirlərindən yığdılar. Bu işlərin həyata keçirilməsi üçün ayrılan büdcə vəsaiti isə yeyildi. Alı Alıyevin bütün işlərini Rayon İcra Hakimiyyətinin sabiq işçisi Məcnun Namazəliyev həyata keçirir. O əvvəllər icra hakimiyyətində vəzifədə işləyib. Daha sonra Alı Alıyev yaşı ilə əlaqədar olaraq onu vəzifədən kənarlaşdırdı. Buna baxmayaraq, bütün qıfılların açarı onun əlindədir. İcra başçısının maliyyə ilə bağlı olan bütün işlərinə Məcnun müəllim nəzarət edir». Mənbə vurğulayır ki, Alı Alıyev rayona rəhbərlik etdiyi 5 il ərzində vətəndaşları narahat edən problemlərin həlli ilə məşğul olmayıb: «İcra başçısı özünü və yaxın çevrəsini fikirləşir. Yerli əhalinin üzləşdiyi problemlər onu maraqlandırmır. Alı Alıyev ancaq maliyyə vəziyyətini yaxşılaşdırmaq barədə düşünür. İcra hakiminin oğlu Elvin Alıyev 10-100 nömrəsi ilə «Mercedes Galenvagen» sürür. Maraqlıdır, o qiyməti 100 min dollardan yuxarı olan maşını nəyin hesabına alıb?» Bu, hələ Füzuli RİH-in rəhbərinin vəzifəsində yol verdiyi nöqsanlarla bağlı əldə etdiyimiz məlumatların bir hissəsi idi. Gələn sayımızda «Aqrolizinq»in Füzuli filialında mənimsənilən milyonlar, Alı Alıyevin Suvarma Sistemləri İdarəsinin xətti ilə qazandığı gəlirlər və dövlət tərəfindən ayrılmış subsidiyaların kim (lər) tərəfindən yeyintiyə məruz qalması barədə tükürpədən faktları açıqlayacağıq. Məsələni araşdırmaq məqsədilə Alı Alıyevin iş nömrəsinə zəng vurduq. Dəstəyi qaldıran köməkçisi icra hakiminin yerində olmadığını bildirdi. Buna baxmayaraq, Alı müəllim yazıya münasibət bildirmək istəsə, böyük məmnuniyyətlə dərc edərik.