"Çağ Öğretim
İşletmeleri”nə aid məktəb və kursların bağlanması cəmiyyətdə birmənalı
qarşılanmadı. Bir müddət öncə əl dəyişdirmiş bu müəssisələr qapanınca bir neçə
min şagird və bir neçə yüz müəllimin öz təhsil və iş yerini itirəcəyi
deyilirdi. Bundan da ötəsi o idi ki, həmin məktəb və kursların daha yüksək
təhsil verdiyi, onların məzunlarının Azərbaycana hər il yüzlərlə medal
gətirdiyi əsas tutularaq, məktəbləri bağlayanlar qınanırdı. Yəni, baxın, bu
qədər böyük uğurları olan məktəbləri bağlamaqla millətə zərər vurursunuz... Bir
də ortada bu məktəblərin Fətullah Gülən camaatına aid olması ətrafında fikir
mübadiləsi aparılırdı. Bəziləri iddia edirdi ki, məsələ elə deyil, guya, bunlar
tam sərbəst fəaliyyət göstərir. Başqa bir kəsim isə iddia edirdi ki, məktəblərin
Gülənə aid olmasının heç bir zərəri yoxdur, əksinə, bu iş faydalıdır. Təbii ki,
Azərbaycan kimi insanların öz fikirlərini sərbəst ifadə etməsinə əngəllərin
olmadığı ölkədə hər kəsin bu azadlığına anlayışla yanaşır, fərqli fikirləri
təmkinlə dinləyirik. Necə deyərlər, hər kəsin öz həqiqəti var. O cümlədən bu
məktəbləri bağlayanların da, həmin məktəblərin bağlanmasına təpki göstərənlərin
də.
Bu arada onu da deyim ki, hələ uzaq 1995-ci
ildə mən bu topluya aid olan Qafqaz Universitetinin tələbəsi adını qazanmışdım.
Hətta orda 2 il oxudum da və sonra... buraxmalı oldum. Mübahisələrimiz
yaranırdı, bəzi məsələlərdə prinsipial fikir ayrılıqlarımız vardı və mən də
etirazımı uca səslə dilə gətirirdim. Misal üçün, tarix dərslərində Şah İsmayıl
Xətai birmənalı olaraq mənfi təqdim edilir, Sultan Səlim isə göylərə
qaldırılırdı. Mənsə deyirdim ki, yanlışıyla, doğrusuyla hər ikisi bizimdir və
birini yüksəltmək üçün digərini aşağılamaq olmaz. Nə isə, uzun danışmadan deyim
ki, oranı buraxmalı oldum o zaman. İllər sonra tarix müəllimimə rast gələndə
mənə etiraf etmişdi ki, "biz səni KGB ajanı sanırdıq”. Yəni bu cameə ilə
yollarım beləcə kəsişmiş və ayrılmışdı. Bir də ona qədər onların təşkil etdiyi
"Quran” kursuna getməyə başlamışdım, onu da yarıda buraxmalı oldum. Sadəcə
komik bir olay üzündən...
İndi yenə də bu məktəblər və kurslar
məsələsinə qayıdıram. Şəxsən mən onların bağlanmasının tərəfdarıyam. Yəqin ki,
bu qədər qəti bir mövqe ifadə etməyim kimlərinsə, özəlliklə də o məktəblərdə,
kurslarda övladı bilik öyrənməkdə olanların ürəyincə olan deyil. Haqsız da
sayılmazlar. Sənin uşağın hər cür təchizatı, yüksək təhsil imkanları olan bir
məktəbdə uğurla təhsil alsın, birdən kimsə qalxıb həmin məktəbi ümumiyyətlə
ləğv etsin. Əlbəttə ki, belə bir durum hər kəsi rahatsız edərdi. Elə mənim
özümü də. Amma... Amma indiki halda rahatsız olmağa dəyməz. Çünki ölkədə
alternativlər yox deyil və hər kəs yəqin ki, uşağını artıq sentyabr ayı üçün
uyğun bir məktəbə yerləşdirəcək. Və yəqin ki, bu məsələnin müzakirələri də bir
müddət sonra səngiyəcək. Bununla belə bəzi açıq suallara indidən cavab
verilməlidir ki, gələcəkdə kimlərsə məsələylə bağlı spekulyasiyalara imkan
qazanmasın. Şəxsən bu məktəblərin bağlanmasını, yuxarıda da qeyd etdiyim kimi,
düzgün addım sayıram. Çünki, birincisi, bunlar xaricə bağlı məktəblərdir.
Düzdür, şagirdlər azərbaycanlıdır, müəllimlərin də böyük bir qismi
azərbaycanlıdır. Amma məktəblərin "əl dəyişdirməzdən” öncə bağlı olduğu mərkəz
hətta Türkiyə də deyil, ABŞ-da, Pensilvaniyada yaşamaqda olan Fətullah Güləndir.
Bu isə istər-istəməz cəmiyyətdə suallara səbəb olur. Hətta məsələnin bu
tərəfini də bir kənara buraxsaq, yenə də deyə bilərik ki, Azərbaycan dövlətinə
və ya vətəndaşına aid olmayan təhsil müəssisələrinin bu qədər əl-qol açması
zərərlidir. Bu məktəblər eyni millət olduğumuz türklərə aid olsa belə. Çünki
istənilən halda onlar Azərbaycan dövlətinin standart və tələblərindən fərqli
hərəkət edirlər və bu da dövlətin gələcəyi baxımından təhlükəsiz deyil. Demək
istədiyim odur ki, belə məktəblər üzdə parlaq qızıl kimi görünsə də, əslində,
bir dövlətin gələcəyinin altına qoyulmuş bombadır. Bunun belə olub-olmadığını
isə elə indidən hiss edirik. Bir də iddia edilir ki, həmin məktəblərdə ən
yüksək standartlara uyğun təhsil verilir və guya ki, Azərbaycan məktəblərinin
heç biri bu standartlara çata bilməzmiş. Bax, bunu heç cür qəbul edə bilmərəm.
Birincisi ona görə ki, uşaqlar azərbaycanlı balalarıdır və onlar əgər bu qədər
yüksək səviyyə nümayiş etdirə bilirsə, onu elə özümüzün dövlət və ya özəl
məktəblərimizdə də edə bilərlər. Digər tərəfdən də burada bir məqamı özəlliklə
diqqətdən qaçırmaq olmaz: o uşaqların yüksək nəticə göstərməsi təbiidir. Çünki
onları həmin məktəblərə seçib yığıblar. Və əlavə olaraq onu da nəzərdən
qaçırmayaq ki, həmin məktəblərdə təhsil haqqı da vardı və özü də çox yüksək
səviyyədə. Yəni iddia edildiyi kimi bu məktəblərdə xeyirxahlıq üçün təhsil
verilmirdi. O məktəblər kiminsə biznes vahidləridir ki, oradan yaxşı da pul
qazanırdılar. Məktəb açanların birinci məqsədi özləri üçün forpostlar, təbliğatçı
ordusu yaratmaq idisə, ikinci məqsəd də əlavə gəlir mənbəyi əldə etmək idi.
İndi sual edirəm, məgər azərbaycanlı müəllimlərin ən yaxşılarını "Çağ
Öğretim”in deyil, elə özümüzün hansısa məktəbinə toplayıb yüksək maaş versək,
sizcə, onlar da yüksək təhsil verə bilməzmi? Özü də həmin məktəbdə təhsil pullu
olsa? Verə bilər, həm də daha artığını və üstəlik də gələcəyimizdən daha
arxayın ola bilərik. Burada belə bir mövqe sərgiləməkdə məqsədim heç də o deyil
ki, kimlərinsə ideolojisini gözdən salım və ya əksinə. Əsas məqsədim odur ki,
lap elə can qardaşımız Türkiyə türkləri olsa belə, əcnəbilərin uşaqlarımızın
təhsilinin önündə olmasının faydadan çox zərər verə biləcəyini diqqətə
çatdırım. Ümumiyyətlə isə düşünürəm ki, bu məktəblərlə yanaşı başqa dövlətlərə bağlı
məktəbləri də qapatmaq lazımdır. İngilisin, rusun, farsın, fransızın gəlib
bizim ölkəmizdə təhsillə məşğul olması heç də bizi sevdiklərindən deyil və bunu
anlamaq da çətin olmasın gərək. Bizə fransız, rus, fars, ingilis dilli
şagirdlər lazımsa, bunu özümüz də edə bilərik.
Hə, sonda bir məqamı da paylaşım. Bu günlərdə
mediada belə bir xəbərə rast gəldim ki, Azərbaycan Milli Elmlər Akademiyası
Fizika İnstitutunun "İxtisaslaşdırılmış qeyri-standart nəzarət və diaqnostika
sistemleri” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru
Sakin Həmidoğlu Almaniyanın Bayrout şəhərinə bir il müddətinə ezam olunub. Bu
gənc mənim həmkəndlimdir. Xaçmazın Dədəli kəndindən. Məsələ isə onda deyil.
Məsələ ondadır ki, elm sahəsində xeyli uğurlara imza atmış, ölkəmizi dəfələrlə
xaricdə layiqincə təmsil etmiş bu gənc elə bizim Dədəli kəndinin orta məktəbini
bitirib. Yəni nə pullu məktəb görüb, nə də "Çağ Öğretim” və ya buna bənzər
məktəblərdə oxuyub. Adi bir kənd məktəbini bitirərək kimsənin dəstəyi və yardımı
olmadan öz gücünə elmdə zirvələrə doğru gedir bu gənc. Demək istədiyim budur
ki, məktəblərin bağlanmasını faciə kimi qəbul etmək lazım deyil. Azərbaycan
dövləti yetərincə ayaqda dura bilir və heç bir uşağımız məktəbsiz qalan deyil.
Savadı, həvəsi olan uşaqsa elə dövlət məktəbində də yaxşı oxuyacaq, uğur
qazanacaq. 3-5 min şagirdin oxuduğu məktəblərin qapanmasını faciə kimi qəbul
edənlər müxtəlif vəzifələrdə yüksək uğurlara imza atmaqda olan yüz minlərlə
insanımızın Azərbaycanın dövlət məktəblərini bitirdiyini də unutmasın gərək.
Hə, əgər kimsə düşünürsə ki, uşağı mütləq pullu və özəl məktəbdə oxumalıdır,
bunun üçün istənilən qədər alternativ də var. Yeri gəlmişkən, mənim uşaqlarım
da dövlət məktəbində oxuyur, özü də əlaçıdır hər ikisi.